CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlərə oruc tutmaq təhlükəlidir? Həkimdən tövsiyələr

© AFP 2024 / AHMAD GHARABLIOruc
Oruc - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Həkim deyir ki, orqanizmin saatlarla ac və susuz qalması diabetli xəstələrin sağlamlığına mənfi təsir göstərir.
BAKI, 1 aprel — Sputnik. Sabah mübarək Ramazan ayı başlayır. Ramazan ayının ən vacib əməli oruc tutmaq olduğundan, sabahdan müsəlmanlar mübarək ayın ilk orucunu tutacaqlar. Bu ayda oruc tutmaq niyyəti olanları düşündürən əsas suallardan biri hansı xəstəliklərdə oruc tutmaq sağlamlıq üçün təhlükəli ola bilər.
Kimlər oruc tuta bilməz?
Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən terapevt Köçəri İsmayılov bildirib ki, oruc tutmağın sağlamlıq üçün faydaları olsa da, bəzi xəstəlikləri olanlara oruc tutmaq tövsiyə edilmir:
"Mədə bağırsaq xəstəliklərində oruc tutmağı məsləhət görmürük. Mədə xorası, polip, mədədə turşuluq olanlar oruc tutarlarsa, bu, onların xəstəliklərinin daha da ağırlaşmasına səbəb ola bilər. Çünki bu xəstəliklər zamanı ac və susuz qalmaq olmaz. Həmçinin şəkər xəstələrinə də oruc tutmağı tövsiyə etmirik. Orqanizmin saatlarla ac və susuz qalması diabetli xəstələrin sağlamlığına mənfi təsir göstərir".
K.İsmayılov ürək, qan-damar xəstələrinin də bu məsələdə ehtiyatlı davranmalı olduğunu bildirib:
"Qanın qatılaşması qan dövranına təsir edir. Su isə damarda qanın laxtalaşmasının qarşısını alır. Saatlarla susuz qalmaq qanın qatılaşmasına gətirib çıxara bilər. Hər bir halda oruc tutanlar həkimlə məsləhətləşməlidirlər".
Qidalanmaya riayət edin!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirdilər ki, Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Qurumdan bildirdilər ki, bu ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır:
"Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu daha çox hiss etmiş oluruq. Bu səbəbdən imsaq və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Bu maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Bu baxımdan imsaq və iftar zamanı faydalı qidaların qəbul olunmasından əmin olmaq lazımdır".
Orucda səhər yeməyi nə üçün vacibdir?
AQTA-dan bildirdilər ki, nəinki ramazan ayında imsaqda, adi günlərdə belə, səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsaqda qidalanmaya mütləq diqqət etmək lazımdır:
"Əgər imsaqda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Əksər insanlar imsaq zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsaqda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar. Mütəxəssislər imsaqda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyünü və toxluq hissini daha uzunmüddətli edir".
Orucu nə ilə açaq?
Qurumdan verilən məlumata görə, orucu ilıq su ilə açmaq lazımdır:
"1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha məsləhətdir. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq tövsiyə olunur. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Həmçinin qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması məsləhətdir. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən artıq çörək yemək məsləhət görülmür".
İftara məsləhətli qidalar
Həmçinin iftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır:
"Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla, qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş yeyin. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsaq arası bol miqdarda su içilməsi tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir. İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizm prosesləri sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi səbəbindən Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən, mayın 2-3-ü Ramazan bayramıdır. Ramazan bayramı şəvval ayının 1-ci günü, Ramazan ayının sonunda, orucun başa çatması münasibətilə qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məsciddə namaz qılan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ramazanda saxta təqvimlərin yayılması Dövlət Komitəsini özündən çıxardı
Xəbər lenti
0