Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ombudsman bəyanat yaydı: 50 mindən çox azərbaycanlı qətlə yetirilib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir.
BAKI, 29 mart — Sputnik. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Sputnik Azərbaycan bəyanatı oxuculara təqdim edir:
""Böyük Ermənistan" dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir.
Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulub.
1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.
Bu soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.
Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır.
Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməmiş, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilmişdir.
Bu xüsusda Avropa Parlamenti tərəfindən Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qəbul edilən 2022-ci il 10 mart tarixli qətnamə bir daha ölkəmizə qarşı yönələn qərəzli, ikili standartlara söykənən siyasətin göstəricisi oldu. Belə ki, son 30 ilə yaxın davam etmiş işğal müddətində mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş
Ermənistan tərəfindən xalqımıza məxsus tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, qəbiristanlıqlar məqsədli və sistemli şəkildə dağıdılıb. Bu illər ərzində Azərbaycan tərəfinin dəfələrlə çağırışlar etməsinə baxmayaraq, əlaqədar beynəlxalq təşkilatlar tərəfindən bu məsələlərin yerində araşdırılması ilə bağlı hər hansı faktaraşdırıcı missiya göndərilməmişdir.
Uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir.
Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq prinsiplərinə və multikulturalizm dəyərlərinə sahib ölkə kimi Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışının bərpa olunması istiqamətində üzərinə düşən bütün addımları atır.
Hesab edirəm ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti mülki əhaliyə qarşı törədilmiş cinayətlərin araşdırılması, eləcə də azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı real fakt və sübutlara əsaslanan hallara münasibətdə ədalətli mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidir.
Bir daha azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə anır, insan hüquqlarının qorunması və gələcəkdə bu kimi halların təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu soyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırıram".
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0