Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DTX rəisi: Milli maraqlara qarşı olan təhdidlərin qarşısı qətiyyətlə alınacaq

CC BY-SA 4.0 / Interfase / Ali NaghiyevDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev (cropped image)
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev (cropped image) - Sputnik Azərbaycan, 1920, 28.03.2022
Abunə olmaq
Əli Nağıyev əminliyini ifadə edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz.
BAKI, 28 mart — Sputnik. Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı tədbirlər keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında bildirilib. Xəbərə görə, 28 Mart Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb, Xidmətin adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi hissə ilə davam edib. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə təbrik edib. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd edib ki, Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi yaratmış, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməyib.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirib və müasir dövrdə DTX-nin qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək. Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə edilib.
Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışıb, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu xüsusi qeyd edib.
Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olunub, əməkdaşlara mükafatlar təqdim edilib.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai Televiziya və "Azərbaycanfilm" kinostudiyasının birgə hazırladığı DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş "Görünməyən qəhrəmanlar" adlı sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0