Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həyatda bədbəxt, sənətdə xoşbəxt olan sənət adamları - VİDEO

© Photo : APAXalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli
Xalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Abunə olmaq
Ömrünü tənha başa vuran, tanınmış olmasına rəğmən şöhrətin onlara acı sonluqdan başqa bir şey yaşatmadığı məşhurlar çoxdur. Bir çoxlarının şöhrəti ahıl çağında karına gəlsə də, bir qismi unudulur
BAKI, 27 mart — Sputnik. Çoxuna elə gəlir ki, kimsə şan-şöhrətə sahibdirsə, bu ulduz həyatı onu elə ömrünün sonunadək izləməlidir. Amma ömrünü tənha başa vuran, tanınmış olmasına rəğmən şöhrətin onlara acı sonluqdan başqa bir şey yaşatmadığı məşhurlar çoxdur. Bir çoxlarının şöhrəti ahıl çağında karına gəlsə də, bir qismi unudulur. Hətta dünyadan köçəndə belə yada düşmür. Sputnik Azərbaycan sənət həyatı uğurlu olub, sonda tənha olaraq həyatı tərk edən sənətçiləri sizə təqdim edir.
Uğurlu yaradıcılıq, uğursuz həyat
Kinorejissor Hüseyn Seyidzadənin sənətdə bəxti gətirsə də, şəxsi həyatda taleyi heç də uğurlu olmayıb. O, ömrünün sonuna qədər ailə qurmayıb. Ancaq deyilənə görə onun münasibətdə olduğu, sevdiyi qadın və bir oğlu olub. Rejissor bu qadınla Moskvada oxuyub işlədiyi zaman tanış olub. Elə o xanımdan da bir oğlu dünyaya gəlib. O, oğluna atasının adını qoyub. Rejissorun öz ailəsi ilə hansı səbəblərdən bir yerdə yaşamaması məlum olmasa da, Bakıya qayıdandan sonra onlarla əlaqəsini kəsməyib. Oğlu Əli tez-tez Bakıya gəlib-gedib. Amma sonralar hansısa səbəblərdən əlaqə itib. Hətta nə sevdiyi qadın, nə də oğlu onun ölümündən xəbər tutub, yasına, məzarı üstünə gəlməyiblər. İndi də onların harada yaşadıqları, sağ olub-olmadıqları bilinmir. Hüseyn Seyidzadənin vəfatından xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım olur. Ailə üzvləri oğlunun ölüm xəbərinə dözə bilməyəcəyindən qorxub qoca anadan oğlunun ölümünü gizlədiblər. Ancaq az müddətdən sonra rejissorun anası da oğlunun ölümündən xəbərsiz dünyasını dəyişib.
Gün keçdi
Sənətində ilklərə atan, şəxsi həyatında tənha qalanlardan biri də tanınmış kinorejissor Arif Babayevdir. 1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər. Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə o, Nəcibə Məlikovayla evliliyinin astanasından dönüb. Çünki, Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. O, televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına deyir ki, "onu qoru, Nina dünyanın ən yaxşı insanıdır".
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.
Ölərək qadınını tənha qoymaqdan qorxan sənətkar
Taleyi gətirməyən sənət adamlarından biri də aktyor Elçin Həmidov olub. O da heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəyəm, o qadın yazıq tənha qalacaq. Aktyorun səhnədəki son rolu Qoqolun "Evlənmə" tamaşasında olub. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib danışmadan evlənmə tamaşasını diskdən izləyib.
Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam. Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyətdə tapırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb. Elçin Həmidov 2011-ci il martın 4-də 52 yaşında ürək xəstəliyindən dünyasını dəyişir. Onu Xırdalan qəbiristanlığında dəfn edirlər.
Mehmanxana sahibəsi
Tamaşaçılarının sevimlisi olsa da, teatr səhnələrində, ana, qaynana obrazları canlandırsa da, heç zaman ailə qurmayan, ana olmayan Xalq artisti Zərnigar Ağakişiyeva həyatını tənha yaşıyanlar sırasındadır. 2018-ci ilin fevralın 8-də gecə saatlarında evində ölü tapılıb. Zərnigar Ağakişiyeva ailə həyatı qurmamışdı. Amma müsahibələrinin birində 13 il biri ilə eyni evdə yaşadığını demişdi. Bunu da ailə kimi qəbul etmirdi. Düşünürdü ki, əgər iki nəfərin birlikdəliyində uşaq yoxdursa, bu, ailə deyil, qadın azaddırsa, kişi də azad olur, belə birlikdəlik isə bir ömür sürə bilməz. Deyirdi ki, tənhalıqdan hələ uşaq vaxtlarından qorxurmuş. Bu qorxu bütün həyatı boyu onu addım-addım izləyib. Uşaq götürüb saxlamaq istəsə də, maddi sıxıntılarına görə bunu edə bilməmişdi. O, son illər heç kəslə əlaqə saxlamaq istəmədiyini bəyan edərək, tənha yaşamağı seçmişdi. Aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanmışdı.
Aktrisanın taleyini həll edən bir söz
İllərdir, jurnalistlərlə, sənət yoldaşları ilə üz-üzə gəlmək istəməyənlərdən daha biri də məşhur aktrisa Səfurə İbrahimovadır. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk Bahar qızı məhz Səfurə İbrahimova olub. Uzun illər sənətdən ayrı düşən aktrisa 81 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun sənətdən uzaqlaşmasına səbəb isə Milli Dram Teatrının direktoru Əliabbas Qədirovun ünvanına səsləndirdiyi ifadələr olub.
İki övlad itkisinin təsiri
Həyatda bədbəxt, sənətdə xoşbəxt olanlardan biri də aktrisa Nuriyyə Əhmədova olub. Həyat yoldaşı ilə ömrünün son illərində ayrılmışdılar. İki övladı olub. İlk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) əri tərəfindən qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat edib. Ölən qızının uşağı Faiqi övladlığa götürmüşdü. Oğlunun il mərasimindən bir həftə sonra özü dünyasını dəyişmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0