CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın beynəlxalq hüquqa zidd davranışları barədə məlumat verildi

© Photo : REPORTMina göstəricisi
Mina göstəricisi - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
44 günlük Vətən müharibəsindən sonra minaların partlaması səbəbindən həlak olmuş və yaralanmış azərbaycanlı mülki şəxslər və hərbçilərin sayı barədə ətraflı məlumat verilib.
BAKI, 26 mart - Sputnik. Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən hazırda Cenevrədə işini davam etdirən BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyası çərçivəsində “Minasız dünyaya doğru: İnsan hüquqlarının və 2030 gündəliyinin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və yardımın səfərbər edilməsi” adlı paralel tədbir təşkil edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində minaların insan hüquqlarının qorunmasına təsiri mövzusuna həsr edilib.
Panelin açılış hissəsində daimi nümayəndəlik tərəfindən Azərbaycanın azad olunmuş ərazilərində mövcud kütləvi minalanma problemi, ərazilərin minalardan təmizlənməsi sahəsində həyata keçirilən işlər, Ermənistanın beynəlxalq öhdəliklərə və humanitar prinsiplərə zidd olaraq minalanmış ərazilərinin dürüst xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçırmasının azad olunmuş ərazilərdə aparılan bərpa və reabilitasiya işlərinə, xüsusilə də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına yaratdığı ciddi əngəllər və 44 günlük Vətən müharibəsindən sonra minaların partlaması səbəbindən həlak olmuş və yaralanmış azərbaycanlı mülki şəxslər və hərbçilərin sayı barədə ətraflı məlumat verilib.
Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycanın həyata keçirdiyi fəaliyyətə beynəlxalq ictimaiyyətin dəstək göstərməsinə ehtiyacın olması vurğulanıb.
Müzakirələrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayev, Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyasının (Ottava Konvensiyası) Katibliyinin mina qurbanlarına dəstək üzrə eksperti Firoz Alizada, “Geneva Call” beynəlxalq qeyri-hökumət təşkilatının Avrasiya regionu üzrə bölməsinin rəhbəri Mari Lekin, eləcə də Kolumbiya Prezidenti yanında Sülh üzrə Ali Komissarlığın ekspertləri Diana Penalosa və Xuan David Serna panelçi qismində iştirak ediblər. Müzakirələrə tanınmış britaniyalı ekspert, Pretoriya Universitetinin fəxri professoru Stuart Maslen moderatorluq edib.
Panelçilər təqdimatlarında minaların insan hüquqlarına təsiri, humanitar, sosial-iqtisadi və ətraf mühitə təsirini azaltmaq üçün səmərəli siyasətlər, strategiyalar və mina partlayışı nəticəsində əlilliyi olan şəxslərin insan hüquqlarının müdafiəsi məsələləri barədə danışıblar, 2030 Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə uyğun dayanıqlı inkişaf, sülh, münaqişədən sonra yenidənqurma və reabilitasiya üçün minalarla mübarizədə beynəlxalq əməkdaşlığın, yardımın əhəmiyyətini vurğulayıblar.
İnteraktiv şəkildə təşkil olunmuş tədbirin sonunda panelçilər auditoriyanın suallarını cavablandırıblar.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsi ilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
mina - Sputnik Azərbaycan, 1920, 15.03.2022
QARABAĞ
İyirmi min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib
Xəbər lenti
0