Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bal istehsalı artıb - DETALLAR

© Sputnik / Murad OrujovBal satışı, arxiv şəkli
Bal satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Abunə olmaq
2022-ci ildə işğaldan azad olunmuş ərazilər üzrə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, arı ailələrinin köçürülməsi üçün elektron portalın hazırlanması işləri aparılır
BAKI, 25 mart — Sputnik. Ötən il Azərbaycanda 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun - 13,2 manat, vərəmumun - 92,3 manat, güləmin - 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.
"Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib.
Bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib.
Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb.
Ümumiyyətlə, "Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.
Azad edilmiş ərazilərdə 300 min arı ailəsinin saxlanması mümkündür
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda arı artımı sürətlə gedir:
"Təxminən 5 il əvvəl ölkədə 250 min arı ailəsi var idi, bu gün isə 500 mini keçib. Bizdə ölkəni balla təmin edəcək qədər məhsul istehsal olunur. Bizim təxminən 5 min ton illik bal tələbatımız var. İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür. Bolluq olanda məhsul ucuzlaşacaq. İstehsal artdıqca qiymət də aşağı düşəcək. Azərbaycanın arıçılıq sahəsinin potensialı böyükdür".
Həsrətovun sözlərinə görə, Rusiyadan gətirilən bal daha ucuz başa gəlir. Bir çox ölkələrdə daxili bazarı qorumaq üçün idxal balın gətirilməsinə müəyyən məhdudiyyət qoyulur. Məsələn, Türkiyədə balın idxal rüsumu yüksəkdir. İsrail bal idxalını qadağan edib. Biz də bunu tətbiq etməliyik ki, daxili bazarı qoruyaq. Gələcəkdə bizim bazarı xarici ballar tutsa, onlarla rəqabət apara bilməyəcəyik. Biz yerli bazarı qorumaq üçün balın idxal rüsumunu artırmalıyıq və yaxud digər alətlərdən də istifadə edilə bilər.
"Azərbaycanda bal vəhşi təbiətin balıdır. Məsələn, ərəb ölkələrinin bazarında bizim bal kimi ballar 140-150 dollardan başlayır. Amma Rusiya, Ukrayna balını 20 dollara da satırlar. Biz hələ ki, məhsulumuzu xaricdə tanıda bilmirik. Az miqdarda ərəb ölkələrinə, Yaponiyaya ixrac edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, arıçılıqda yerli genofondların qorunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatların damazlıq növünün müəyyən edilməsi üçün mütəmadi işlər həyata keçirilir. Bu məqsədlə yerli genofondda olan “Boz dağ Qafqaz” arı cinsi yetişdirilən 3 arıçılıq təsərrüfatında zootexniki qiymətləndirilmə aparılıb və onlar damazlıq təsərrüfat kimi qeydiyyata götürülərək dövlət reysterinə daxil edilib. Damazlıq təsərürfatların yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edilməsi üçün nazirlik tərəfindən mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstərcilər təhlil edilir. Damazlıq arıçılığın inkişafı məqsədilə ilk dəfə Zaqatala rayonunda “təcrid” zonası yaradılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğalçılardan azad edilməsi kənd təsərrüfatı sektorunda, o cümlədən arıçılıq sahəsində yeni prespektivlər açıb. Belə ki, pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla ümumilikdə 74 arıçı fermer tərəfindən 4531 arı ailəsi, 8569 baş xırdabuynuzlu heyvanın dislokasiya üzrə köçürülməsi təşkil edilib. 2022-ci ildə işğaldan azad olunmuş ərazilər üzrə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, arı ailələrinin köçürülməsi üçün elektron portalın hazırlanması işləri aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 09.03.2022
İQTİSADİYYAT
Bal, mum, vərəmum, arı südü - QİYMƏTLƏR
Xəbər lenti
0