CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban bayramı haqqında nələr bilirik

© Sputnik / Ilham MustafayevQazaxda Qurban bayramı
Qazaxda Qurban bayramı - Sputnik Azərbaycan, 1920, 22.03.2022
Abunə olmaq
Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
BAKI, 23 mart — Sputnik. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Qurban kəsmək mərasimi adi heyvan kəsməkdən fərqlənir. Sputnik Azərbaycan daha əvvəl bu mövzuya toxunub:
Azərbaycanda “Qurban bayramı”: qurban kəsmək ritualı - Sputnik Azərbaycan, 1920, 01.09.2017
VİDEO
Azərbaycanda “Qurban bayramı”: qurban kəsmək ritualı
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılıb ki, Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Azərbaycanda Qurban bayramı günlərində ölkə məscidlərində birgə bayram namazları qılınır. Lakin son illər pandemiya ilə əlaqədar bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin və digər qurumların qərarları əsas olaraq götürülür. Bu məsələdə insanların kütləvi şəkildə toplaşması ilə xəstəliyin artması problemləri nəzərə alınır.
Ənənəvi olaraq, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayır. Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə müxtəlif ünvanlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil edilir.
Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.
Qeyd edək ki, ötən il ilk dəfə işğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı təntənəli şəkildə qeyd olundu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0