CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxın vaxtlarda Azərbaycanda daha 250 min qaçqın əmələ gələ bilər

© AP Photo / Martin Mejiamiqrant
miqrant - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir.
BAKI, 20 mart — Sputnik. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.
O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:
"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".
Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: "Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır".
Qeyd edək ki, artıq Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda yenidən ekoloji və aqrar problemlər yaranıb. Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb.
Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb. Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.
Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Kür çayının suyu şor olduğundan, məlumatlara görə, bəzi təsərrüfta sahibləri toxum səpinindən əvvəl əkin sahəsinin şumlanmasından imtina ediblər. Bir sözlə, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır.
Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır.
Xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən bununla əlaqədar araşdırmalar aparılır. Kür çayının Xəzər dənizinə tökülən hissəsində - deltada suyu yığılması və limitini müəyyənləşdirib əhaliyə verilməsi ilə əlaqədar mütəxəssis rəyi formalaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0