Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallı və Cəlilabadın bir neçə yaşayış məntəqəsini su basıb - FHN 146 nəfəri təxliyə edib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsini su basıb
Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsini su basıb  - Sputnik Azərbaycan, 1920, 19.03.2022
Abunə olmaq
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.
BAKI, 19 mart - Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı növbəti məlumatını açıqlayıb.
Bildirilir ki, bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir".
Fövqəladə Hallar Nazirliyi həmçinin əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.
Xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı zəruri hesab edir.
FHN hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi məsləhət görür.
Masallıda Alvadı çayı daşıb.
Aramsız yağışlar nəticəsində Masallı rayonundan keçən Alvadı çayı məcrasından çıxıb.
Ötən gecədən suyun səviyyəsi getdikcə artmaqda davam edib. Nəticədə sel suları yaşayış həyətlərinə, evlərinə dolub. Bu gün səhərdən FHN-in xilasediciləri əraziyə ezam olunub. Kiçik həcmli gəmilər vasitəsilə 17 nəfər Təzə Alvadı kəndində, 4 nəfər isə Molloba kəndində köməksiz vəziyyətdə olan insanlar təxliyə olunub. Hazırda xilasedicilər Boradigah qəsəbəsi ərazisində işləyirlər. Sel sularının təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir.
***
Yağıntılı hava şəraiti ilə əlaqədar Masallı rayonunun Təzə Alvadı kəndində Alvadı çayının daşması səbəbindən kənd suyun altında qalıb.
Bu barədə məlumatı Masallı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov Trend-ə verib.
Onun sözlərinə görə, 9 ailə qayıqlarla təhlükəli ərazidən təxliyə olunub. Təxliyə olunanlar öz yaxınlarının evlərində yerləşdiriliblər.
"Çay kəndin içərisindən keçir. Buna görə də çayın ətrafında nə qədər ev varsa, hamısına ziyan dəyib. Evlərin eləsi var ki, yarım metr, eləsi var, bir metr suyun altında qalıb. İnsanları qayıqlarla evlərdən çıxarırlar”, - o qeyd edib.
F.Məmmədov bildirib ki, kəndə nə qədər ziyanın dəydiyi məlum deyil: “Hələ ki, kəndə nə qədər ziyan dəydiyi barədə dəqiq bir söz demək çətindir. Komissiya olacaq, araşdırılıb kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Kənddə bir tövlədə 100 başa yaxın qoyun tələf olub. Bundan başqa, çoxlu sayda toyuq-cücə tələf olub, əkin sahələri suyun altında qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0