Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaradıcılıq niyə gözdən düşür?

© AFP 2023 / INDRANIL MUKHERJEEПечатная машинка, фото из архива
Печатная машинка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Yaradıcılıq kapitala çevrilməli, həm müəllifinə, həm də ölkəsinə maddi qazanc gətirməlidir. Yaradıcı insan kasıb olmamalı, ehtiyac içində yaşamamalıdır/
BAKI, 8 mart — Sputnik. Bu günlərdə I Müstəqil Teatrlar Festivalı çərçivəsində “ŞahMat” Teatrnda “Gənc yazarları niyə oxumurlar?” mövzusunda paneldə çıxış etdim və tədbirdə iştirak edən gənclərlə bu mövzu ətrafında fikir mübadiləsi apardım.
***
Çıxışımda hər zaman müdafiə etdiyim düşüncələri, fikirləri səsləndirdim: Dövlət gənc yazıçı və şairlərə verilən təqaüdə nəzarət etməlidir ki, hər küçədən keçən şair və yazıçı adı altında president təqaüdü almasın, şair və yazıçı kimi təqaüd alanlar yaradıcılıq hesabatı verməlidir, gənc yazarların inkişafında, dünyaya çıxmasında məhz dövlətimiz maraqlı olmalıdır. Mədəniyyət və ədəbiyyat sahəsində dövlətin ayırdığı pulların hər qəpiyinin dəqiq hesabatı aparılmalı, cəmiyyətə bu barədə məlumat verilməlidir. Eyni zamanda kitab sənayesinin inkişafı, kitabın və ədəbiyyatın təbliğatı dövlət tərəfindən dəstəklənməli, yaradıcı insanlar dövlətin xüsusi qrantlarından istifadə edə bilməlidir.
Paneldəki çıxışımı yenidən təkrarlamaq istəmədiyim üçün, mövzuya aid fikirlərimi ümumiləşdirdim. Daha sonra gənclərlə bu barədə müzakirəmiz başladı. Məni dəstəkləyənlər də, razılaşmayanlar da oldu. Çıxış edən gənclərdən biri israrla “Yaradıcı insan kasıb olmalıdır, maddiyyatın yaradıcılığa heç bir faydası yoxdur.” – fikirini müdafiə edirdi. Gənc dostumuza etiraz etməzdən əvvəl ondan dünya ədəbiyyatından beş nəfər kasıb yazıçı adını çəkməsini rica etdim. Və gənc dostumuzun adını çəkdiyi bütün yazarların kifayət qədər zəngin yaşadıqlarını faktlarla sübut etdim. Aydın məsələdir ki, bu yanlış yanaşma Sovet dövründən beynimizə qazınıb və hələ də bu səhvi düzəltmək üçün çalışırıq. Kasıblığın dəbdə olduğu vaxtlarda, sovet ədəbiyyatşünaslığı dünya ədəbiyyatının nümayəndələrini ac, kasıb, acından qan qusan, səfil kimi təqdim edir, bir növ sənət adamlarının daha yaxşıya can atmaq arzularını beşikdəcə boğurdu. Təssüf ki, bu səhv yanaşma bu gün də aktualdır. Sənət insanlarının, yazıçı və şairlərin arasında kasıblıq həddində, hətta səfil günündə yaşayanlar olub və bu gün də var. Ancaq bu o demək deyil ki, yazıçı, şair, ümumiyyətlə yaradıcı insan yaradıcılıqla məşğul olmaq üçün mütləq kasıb olmalıdır. Təəssüf ki, bu zehniyyətin tezliklə dəyişəcəyinə ümid etmirəm. Yazıçının, şairin maddi təminatı mütləq yaxşı olmalıdır. Yaradıcılıq kapitala çevrilməli, həm müəllifinə, həm də ölkəsinə maddi qazanc gətirməlidir. Yaradıcı insan kasıb olmamalı, ehtiyac içində yaşamamalıdır, – şəxsən mən belə düşünürəm…
***
Bit nəslinin (Beat generation) nümayəndələrindən olan amerikalı yazıçı Vilyam Berrouzun belə bir fikri var: "Uşaqlığımda yazar olmaq istəyirdim, çünki yazarlar zəngin və məşhur idi".
Uşaqlıqda mən də bu fikirdə idim. Şairləri, yazıçıları qəhrəman, yenilməz hesab edirdim. Təəssüf ki, çox tez yanıldığımı anladım. Bizim sevdiyimiz şairlər gur səsli, saqqallı, xarizmatik, milyonları ovsunlayan dəliqanlı tiplər idi. Onlar meydanlarda, salonlarda, sanki, şeir oxumur, nərə çəkir, hayqırırdılar. Bu çox qısa müddət davam etdi. Biz böyüdük və hər şey dəyişdi. Bəlkə də hər şeyi yanlış anlamışdıq, bilmirəm. İllər keçdikcə, şair və yazıçılar cəmiyyətin lağ-lağı hədəfinə çevrildi. Hələ də “gənc şair”, “gənc yazar” ifadəsi ilə bir-birini ələ salanlar var. Yavaş-yavaş dərk elədim ki, artıq şair və yazıçılar meydanları silkələyən, xarizması ilə gəncləri başdan çıxaran, tribunalardan guruldayan adamlar deyil. Zaman keçdikcə sevdiyimiz, bənzəmək istədiyimiz dəliqanlı şairlər ən yaxşı halda parlamentdə yer zəbt etmiş, tədbirlərdə səliqəli geyinib özünü gözə soxmağa çalışan, efirdə xalqın firavan yaşamından danışan əl quzusu sönük və mənasız adamlara çevrildilər. Beləcə yenə də ədəbiyyatı, yazıçını və şairi gözdən salıb, ucuzlaşdırdılar. Və sovetdənqalma yanlış düşüncə bir az da möhkəmləndi.
***
Günümüzdə qələm adamları daha təmkinli, sakit, müdrikdir və bir qədər də hiyləgərdirlər. Meydanlarda hayqıran yazarların əksəriyyəti müdrikcəsinə susaraq dünyadan köçüb, yaşayanlar isə itaətkarcasına susmaqda və israrla yaşamaqdadırlar. Kaş ki, aldanmazdıq bu "qəhrəmanlara" deyəcəm, amma gecdir. Bizə əxlaqdan, mənəviyyatdan, ülviyyətdən, bəşəri dəyərlərdən danışan adamların kreslolarda kök atıb, quruduğunu gördük.
***
Yazıçılıq, şairlik daha sovet dövründəki kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilmir. Cəmiyyət şairə, yazıçıya əvvəlki ehtiramla, sayğıyla yanaşmır. İndi heç kəs övladının şair, yazıçı olmağına sevinmir. Hətta bəzən valideyinlər öz övladlarını bu yoldan çəkindirmək üçün hər şeyə əl atırlar. Artıq yazıçılar hansısa yeniyetmənin, gəncin qəhrəmanı, kumiri deyil. Heç kəs əl quzusuna dönmüş, sakit, səssiz, boz və maraqsız tiplərə bənzəmək istəmir. İllər keçdikcə ədəbiyyat bu xalq üçün maraqsızlaşır, meyxanaçılar, reperlər, sosial şəbəkə fenomenləri bu xalqın qəhrəmanlarına, gənclərin kumirinə, idoluna çevrilir…
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0