CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda unun qiyməti bahalaşıb: Kisəsi 50 manata?

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidUn
Un - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
"50 kq unun qiymətinin 50 manata satıldığı xəbərini biz də sosial şəbəkələrdən, saytlardan oxuduq"
BAKI, 17 mart — Sputnik. Sosial şəbəkələrdə, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) unun qiymətinin yenidən bahalaşdığına dair məlumatlar yayılıb. Xəbərlərə görə, dünən topdansatışda 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 50 manat olub.
Sputnik Azərbaycan unun bahalaşmasına dair məlumatların həqiqətəuyğun olub-olmadığını araşdırıb. "Abşeron un" MMC-dən Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda topdansatışda 50 kq əla növ un 35 manat 90 qəpiyə satılır: "Unun qiymətində bahalaşma yoxdur. Bu məlumat şayiədir. 50 kq əla növ un 35 manat 90 qəpiyə, 25 kq əla növ un 18 manat 30 qəpiyə, 10 kq əla növ un isə 7 manat 60 qəpikdir".
"Abşeron un" MMC-dən onu da bildirdilər ki, dəyirmanlar fəaliyyətini davam etdirir: "Ehtiyatımız kifayət qədərdir. Unun qiymətində bahalaşmaya hələ ki, ciddi bir əsas yoxdur. 50 kq unun qiymətinin 50 manata satıldığı xəbərini biz də sosial şəbəkələrdən, saytlardan oxuduq. Amma bizdə unun topdansatış qiymətində heç bir bahalaşma yoxdur".
"Karmen MMC" dən 50 kq əla növ ununun bir kisəsinin 35 manat 90 qəpiyə satıldığını bildirdilər: "Qiymətdə heç bir dəyişiklik yoxdur. Bu gün səhər də 50 kiloqramlıq kisəni eyni qiymətə satmışıq. 25 kq un isə 18 manat 33 qəpiyə satılır. Topdansatış qiymətində heç bir dəyişiklik yoxdur".
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a müsahibəsində unun qiymətində cüzi dəyişiklik olduğunu bildirib: "Unun bir kisəsinin 50 manat olduğu barədə xəbərlər yalandır. "Abşeron un"un istehsalı olan 50 kiloqramlıq kisələrdə 1 manata qədər bahalaşma var. Çörəyin qiyməti isə heç dəyişməyib. Əvvəlki günlərdə 35 manata alırdıqsa, indi qiymət 36 manatdır".
S.Cabbarov qeyd edib ki, zavodun anbarında un ehtiyatı iki-üç günlük saxlanılır.
Unun qiymətində artımla bağlı rəsmi açıqlama
Qeyd edək yeni ildən çörəyin qiyməti ölkəmizdə bahalaşıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Bu barədə qurum açıqlama yayıb.
Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.
Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunan ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılıb.
Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil. Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0