CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə qadınları insan alveri qurbanına çevirə bilərmi - Azərbaycan tranzit olacaq?

© AFP 2023 / JOHANNES EISELEQadın
Qadın - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Abunə olmaq
Sərhədin açıq olması quru yolla əlaqəsi olan ölkələrdə insan alverçilərinə Ukrayna vətəndaşlarını qurbana çevirmə imkanı verir.
BAKI, 16 mart — Sputnik. Beynəlxalq nəşrlər Ukraynada müharibədən sonra cinayətkar dəstələrin, insan alveri ilə məşğul olanların müharibədən qaçan ukraynalı qadınları hədəf aldığına dair məlumatlar yayıb.
"Daily Mail" nəşrinin araşdırmasında bildirilir ki, Avropa İttifaqı rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı 7 milyona yaxın insanın Polşa, Moldova, Rumıniya, Slovakiya və Macarıstan kimi qonşu ölkələrə keçə biləcəyindən ehtiyat edir. Bu da "insan alverində narahatedici artım" yaradacaq.
Ehtimal olunur ki, qaçqınların bəziləri cinayət fəaliyyəti, məişət köləliyi və ya məcburi əməyə cəlb ediləcək. Artıq qadınların və gənc ailələrin sərhəddən qonşu ölkələrə "pulsuz" daşınma təklifini qəbul etmələri barədə məlumatlar var. Bu da onların cinayətkar dəstələrin əlinə keçməsi ehtimalını artırır.
"Daily Mail" əməkdaşları Polşa ilə sərhəddə əllərində lövhələr tutan kişilərdən ibarət qrupları görüblər. Onlar ukraynalı qaçqınlara Polşa şəhərlərinə, həmçinin Belçika və Almaniyaya pulsuz nəqliyyat təklif ediblər. Bunların çoxu həqiqətən dəstək xarakterli olsa da, onlardan bəzilərinin vəziyyətdən istifadə edərək qadınları alverçilərin əlinə keçirmək üçün dəstələr olduğuna dair şübhələr var.
Sputnik Azərbaycan Ukraynadan axının Azərbaycanda insan alverinə təsirini araşdırıb.
Sənədsiz qadınlar insan alveri qurbanına çevrilə bilər
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibələr zamanı evlərindən qaçqın düşən insanların insan alveri qurbanlarına çevrilmə riski artır. Ona görə də, ölkələrin təhlükəsizlik xidmətləri bu məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, olimpiyada keçirilən ölkələrdə buna nəzarət etmək mümkün olsa da, müharibə dövründə bu məsələni tənzimləmək çətin olur:
"Ona görə ki, dağıntılar zamanı insanlar sənədlərini itirir, insan alverçiləri bu vəziyyətdən bəhrələnirlər. Ukraynadan ən çox daşınma hazırda Almaniyaya və Avropayadır. Xüsusilə sənədsiz, köməyə ehtiyacı olan insanların insan alverçilərinin əlinə düşmə ehtimalı böyükdür. Bütün bunların Azərbaycanda insan alveri ilə bağlı vəziyyətə təsiri yüksək deyil. Çünki, Azərbaycana sənədsiz insanların gətirilmə məsələsi mümkün deyil.
Avropada sərhəd açıq olduğundan bu risk var. Bizə gətirilməsi üçün mütləq aviaimkanlardan istifadə edilməlidir. Bu isə sənədsiz insanların Azərbaycana gətirilmə riskini aşağı salır. Sərhədin açıq olması isə quru yolla əlaqəsi olan ölkələrdə insan alverçilərinə Ukrayna vətəndaşlarını qurbana çevirmə imkanı verir".
Azərbaycan tranzit rolunu oynayacaq?
Bununla belə QHT sədri ölkəmizdən tranzit kimi istifadə edilməsini mümkün sayır:
"Sənədi olan Ukraynalı vətəndaşların ölkəmizə gətirilmə ehtimalı ola bilər. Ola bilər ki, onları Türkiyəyə aparmaq üçün tranzit kimi Azərbaycandan istifadə etsinlər.
Ehtimal az olsa da, bu məsələdə tam sığortalanmamışıq. Ukraynalı qızlardan daha çox cinsi istismar məqsədilə yararlanma ehtimalı var".
Evlənmək adı ilə gətirib zorakılığa məruz qoyurlar
M.Zeynalova bildirir ki, xarici vətəndaşların, eləcə də Ukrayna vətəndaşlarının Azərbaycanda insan alverinə çevrilməsi faktları olub. Amma bu illər əvvələ təsadüf edib:
"Bu gün əsas risk ailə məişət zəmnində var. Evlənmək adı ilə Ukraynadan qızları Azərbaycana gətirib daha sonra zorakılığa məruz qoyma halları ola bilər. Belə faktlar ölkəmizdə qeydə alınıb. Sırf Ukrayna vətəndaşlarının Azərbaycanda cinsi məqsədlə insan alveri qurbanına çevrilməsinə son illər rast gəlinməyib. Belə hallar illər öncə qeydə alınıb".
Ölkəmizdə insan alveri qurbanları ilə bağlı vəziyyətə gəlincə, M.Zeynalova onlara İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sığınacağında hərtərəfli yardım göstərildiyini söyləyib:
"Bizə də insan alveri qurbanı kimi müraciət edənlər olub. Biz onları aidiyyatı dövlət qurumuna yönəldirik. İnsan Alverinə Qarşı Mübarizə İdarəsində fakt araşdırılır. Əgər alver predmeti kimi istifadə edilməyə dair dəlillər olarsa qanunauyğun tədbirlər görülür. Bəzi hallarda qurbanlar inteqrasiya üçün bizim sığınacağa göndərilir".
Pandemiya dövründə insan alveri azalıb
Birlik rəhbəri pandemiya dövründə insan alveri qurbanlarının sayının azaldığını söyləyib. Onun sözlərinə görə, insan alverçilərinə uzaq məsafəyə daşıma sərf eləmir. Onlar qurbanın cinsi istismarı üçün daha ucuz başa gələn, yaxın ölkələri seçirlər:
"Pandemiya dövründə əksər ölkələrlə quru sərhədlərin bağlanması insan alverçilərinin də əl-qolunu bağlayıb. Onlar əvvəlki kimi fəaliyyət göstərə bilmirlər".
Yenə marşrut Türkiyə və Dubaydır
M.Zeynalova son illər Azərbaycanda insan alveri qurbanlarının daha çox Türkiyə və Dubaya aparılaraq cinsi istismara məruz qaldığını bildirdi.
Onun sözlərinə görə, qurbanlar əsasən repreduktiv yaşda olanlar-18-35 yaşlı qadınlardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0