CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığınacaqlar kömək istəyir, onların mühafizəyə ehtiyacı var

© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Məxfililiyin qorunmamasına gəldikdə Kəmalə Ağazadə deyir ki, qurumlar bu məlumatları mühafizə edə bilmir.
BAKI, 15 mart — Sputnik. Ötən gün Bakıdakı dəhşətli qətl hadisəsi baş verib. Xəzər rayonu Binə qəsəbəsi ərazisində 27 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Qətl hadisəsi "Ümid yeri" uşaq sığınacağında və ya onun qarşısında olub.
Xəzər Rayon Prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Modern.az "Ümid yeri" sığınacağının rəhbəri Nigar Mənsimova ilə əlaqə saxlayaraq, məlumatı dəqiqləşdirib. O hadisənin sığınacaqda deyil, qarşıdakı küçədə baş verdiyini bildirib.
N. Mənsimova əri tərəfindən öldürülən qadının 3 uşaq anası olduğunu, bir müddət əvvəl "Ümid yeri"nə yerləşmək üçün müraicət etdiyini söyləyib:
"Ülviyyə Həsənova 3 övladı ilə evdən acıq edib bizim sığınacağa gəlmişdi. Uşaqları ilə birgə iki gün "Ümid yeri" sığınacağında qalıb. Dünən qadının qohum-əqrabası gəlmişdi, onlar Ülviyyə ilə həyat yoldaşı Saməddin Həsənovu barışdırıblar. Saməddin qızlarının hərəsinə 5 manat verdi ki, "bunu ananıza verin, nə istəyirsizsə sizin üçün alsın, mən də axşam gəlib sizi aparacağam".
Dünən axşam saat 8-9 radələrində, sığınacağın darvazasının qarşısında söhbət ediblər, sonra qətl hadisəsi baş verib. Hadisənin nədən baş verdiyini bilmirik. Biz hadisədən xəbərdar olan kimi polisə və təcili tibbi yardıma müraciət etdik".
Əslində təhlükəsiz hesab edilməli olan sığınacaqda və ya onun qarşısında belə bir hadisənin baş verməsi həyəcan təbilidir.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sığınacaqların təhlükəsizliyinin qorunmaması faciələrə səbəb ola bilər: "Sığınacaqlarda mühafizə olmadıqca, təhlükə hər zaman olacaq. Bu problem sığınacağa yerləşdirilən şəxsin məxfiliyinin qorunmamasında yaranır. Məsələn, bizə qaçmış, itmiş uşaq gətirirlər. Lakin onun yerləşdirilməsi ilə bağlı həssas yanaşmaq lazımdır ki, o uşağın, Qadının həyatına təhlükə yaranmasın. İtkin düşmüş, tapılmış uşaq haqda məlumatı polis eyni zamanda icra hakimiyyəti yanında komissiyaya, uşaq inspektoruna bildirməlidir. Daha sonra həmin komissiya gələrək uşaqla qiymətləndirmə aparmalıdır. Sosial Xidmətlər Agentliyi də işə qoşulmalıdır, Ailənin təhlükəsinin olub, olmaması məsələsi ortaya qoyulmalıdır. Təsəvvür edin, valideynlə övladının ünsiyyəti qurulan zamanı, yaxud, kişiylə həyat yoldaşının münasibəti qurulan zaman hansısa xoşagəlməz hadisə baş verir".
K.Ağazadə bir neçə gün öncə baş verən, sığınacağı silkələyən hadisədən söz açır, deyir ki, narkotik aludəçisi olan ana qızını aparmaq üçün onlara hədə-qorxu gəlib: "İki gün öncə sığınacağımıza dəvətimiz olmadan bir valideyn - qadın gəldi. Tək deyildi, yanında bir kişi var idi. Artıq bu qadının neçənci gəlişi idi. Qadın içəri girərək özünə əl qatır, qışqırıb, bağırır, deyir ki, siz məni vurdunuz. O qadın özünə yox, hansısa uşağa xəsarət yetirsəydi, bu təhlükə idimi? Həmin qadın gedəndə də dedi ki, bir neçə gün sonra qardaşım sənin başını ayaqlarının altına atacaq, onda biləcəksən, mən kiməm".
K.Ağazadə bildirir ki, həmin qadının istəyi qızını sığınacaqdan çıxarmaq olub: "O qızını yüngül həyat tərzi sürməyə vadar edib. Həmin qadın qızını çox döyürdü deyə, qız deyirdi ki, məni anama verməyin. O mənə işgəncə verəcək, kiməsə satmağa cəhd edəcək. Ana özü də yüngül həyat tərzi sürür, narkotik istifadəçisidir. Kim mənə zəmanət verə bilər ki, bütün bunlardan sonra o uşağın həyatna təhlükə yoxdur. Qadın sığınacaqda necə "konsert" verdisə, bütün uşaqlar yuxudan ayıldı, qorxdular. Uşaqlar qorxularından əsirdilər. Bu ilk belə hadisə deyil. Dəfələrlə olub ki, hüquqşünasımızın üstünə bıçaq çəkmək istəyiblər. Demirəm ki, məni qorusunlar, deyirəm ki, təhlükəsizliyi qorusunlar".
Kəmalə Ağazadə deyir ki, sığınacaqların təhlükəsizliyi təmin olunmalı, mühafizə sistemləri olmalıdır: "Gördüyümüz bütün işlər xeyriyyəçilik və ianələr əsasında formalaşdığı üçün mühafizəni təşkil edə bilmərik. Çünki bunun üçün azı 6 işçi lazımdır. Maliyyə baxımdan bizi himayəsinə götürən qurum varmı? Yox, bu səbəbdən də belə oxşagəlməz qətllərlə yenə rastlaşacağıq".
Məxfililiyin qorunmamasına gəldikdə K.Ağazadə deyir ki, qurumlar bu məlumatları mühafizə edə bilmir: "Bir də görürsən uşağın atası gəlir. Mən nə etməliyəm? O kişinin üstünü yoxlamalıyam? Əllərinə qandal vurmalıyam? Yoxsa ağzına yapışqan vuracağam?!".
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, bu istiqamətlərdə müəyyən nəticələrə nail olmaq üçün qanunvercilik təkmilləşdirilməlidir: "Qanunda da var ki, şəxs axtarışdadırsa, qohumlarına onun yerini demək məcburiyyəti yaranır. Bu da bir boşluqdur. Öncə araşdırma aparılmalıdır, bu araşdırma zamanı ehtiyyatlı, diqqətli olmaq lazımdır".
O deyir ki, şəxsin təhlükəlilik riski mütləq şəkildə qiymətləndirilməlidir: "Bizdə qurbanlarla iş var, lakin təcavüzkarlarla iş yoxdur. Psixoloq onun barəsində rəy verməlidir ki, bu adam təhlükəlidir, ya yox. Psixoloqların özlərini də hazırlamaq lazımdır. Bundan başqa, baxın mühafizə orderi verilir. Bir ay bu mühafizə orderi elə belə verilir, amma adamla iş görülmür. Təklifləri veririk, lakin təəssüf ki, heç nə dəyişmir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0