CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: İcbari tibbi sığorta zərfinin genişlənməsinə böyük ehtiyac var

© Sputnik / Murad OrujovTibbi sığorta
Tibbi sığorta - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Əvvəllər insanlar üçün əlçatmaz olan bir çox tibbi xidmətlər artıq pulsuz əhaliyə təqdim edilir.
BAKI, 15 mart — Sputnik. Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dinləmələr keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, belə bir dinləmələrin bu il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.
Ə. Əmiraslanov qeyd edib ki, yüksək maliyyə tutumlu əməliyyatlar sığorta çərçivəsində həyata keçirilir: "Ölkəmizdə artıq ailə həkimi institutu formalaşmağa başlayıb. İcbari tibbi sığortada olan məmnunluq ölkəmizdə tədricən artmağa başlayıb. Ancaq onu da bilməliyik ki, bu məmnunluq birdən-birə əmələ gəlmir. Bütün bu uğurlara baxmayaraq, əhali tərəfindən icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı narahatlıqlar da mövcuddur. Bir çox yüksək texnologiyalı əməliyyatların həyata keçirilməsi üçün klinikalarımızda böyük növbələr var. İcbari tibbi sığorta zərfinin genişlənməsinə də böyük ehtiyac var".
"Əhali icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfi çərçivəsində 2500-dən çox xidmət ala bilir. Əvvəllər insanlar üçün əlçatmaz olan bir çox tibbi xidmətlər artıq pulsuz əhaliyə təqdim edilir"-deyə komitə sədri əlavə edib.
Xidmətlər Zərfi nədir?
Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər hansılardır?
Xidmətlər Zərfinə dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, orqan transplantasiyası, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Agentlik 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0