Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əsərinə Hollivudda film çəkilmiş azərbaycanlı yazıçının doğum günüdür -VİDEO

Anar - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Kinoşünas Ayaz Salayevin iddiasına görə, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.
BAKI, 14 mart — Sputnik. Bu gün xalq yazıçısı, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın (Anar Rəsul oğlu Rzayev) anadan olmasından 84 il ötür.
Anar 1938-ci il martın 14-də Bakıda anadan olub.
O, roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin ("Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Təhminə", "Otel otağı" və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi" və s. filmlərə quruluş verib.
1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, Milli Məclisin deputatı (1995-2005) olub. "İstiqlal" ordeni, "Heydər Əliyev mükafatı" ilə təltif edilib.
Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.
Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.
Məlumat üçün bildirək ki, yazıçı Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.
Bundan başqa, 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparıb. Eyni zamanda o, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Qeyd edək ki, yazıçının atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış.
Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilib. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnib.
Xəbər lenti
0