NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan büdcəsində neftin qiymətinə yenidən baxıla bilər?

© AFP 2024 / FREDERIC J. BROWNneft
neft - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Dünyada neftin bahalaşması davam edir. Bu ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 50 dollardan götürülüb.
BAKI, 10 mart — Sputnik. Dünyada baş verən hadisələr fonunda Azərbaycan nefti bahalaşmaqda davam edir. "Azeri Light" markalı neft daha 7,28 dollar artaraq 135,99 dollar olub. Azərbaycan neftinin maksimal qiyməti 2008-ci ilin iyulunda - 149,66 ABŞ dolları qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Bəs, neftin qiymətinin yüksək olması fonunda Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə yenidən baxıla bilərmi?
Neft Fondunun aktivləri artır
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, 2022-ci ildə dövlət büdcəsində bir barel neftin qiyməti 50 dollar nəzərdə tutulub:
"Hazırda dünya bazarlarında neftin qiyməti yüksəkdir. Amma bütün hallarda hələlik dövlət büdcəsində neftin qiymətinə baxılması müzakirə olunmur. Çünki qiymət, büdcədə nəzərdə tutulan rəqəmdən yüksək olduğu halda əlavə vəsait Dövlət Neft Fonduna yığılır. Bu da Neft Fondunun aktivlərinin artmasına gətirib çıxardır.
Qiymətin yüksək olması büdcə gəlirləri baxımından imkanlar yaradır. Həmçinin Dövlət Neft Fondunun aktivlərinin də artmasına səbəb olur. İndiki halda qiymətin yüksək olması Azərbaycanın valyuta gəlirlərinin artması baxımından vacibdir".
Növbəti dövrdə neftin qiymətinin necə olacağını proqnozlaşdırmaq çətindir
"Amma digər tərəfdən hələlik qiymət yüksək olsa da hazırda qlobal neft bazarında stabilliyin olduğunu demək çətindir. Hazırda Ukraynada baş verənlər neft bazarına birbaşa təsir göstərir. Növbəti dövrdə neftin dünya bazar qiymətinin necə dəyişəcəyini də proqnozlaşdırmaq kifayət qədər çətindir. Amma neftin orta illik qiyməti 50 dollardan yüksək olarsa, bu, Dövlət Neft Fondunun aktivlərinin və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasına səbəb olacaq"-deyə deputat qeyd edib.
Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir
Qeyd edək ki, Dövlət Neft Fondunun İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report"a deyib ki, Fondun 2022-ci il büdcəsində mənfəət neftinin və qazın satışı maddəsi üzrə ümumilikdə 5 046,5 mln ABŞ dolları məbləğində (xam neftin 50 ABŞ dolları qiyməti ilə) vəsaitin daxil olması nəzərdə tutulub. Xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təqribən 1,4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır:
""Büdcə sistemi haqqında" qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu, onun əsas parametrlərinin, o cümlədən xam neftin baza qiymətinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq, Fondunun büdcəsində dəyişiklik edilməsi icmal və dövlət büdcəsində edilən dürüstləşdirmə prosesi çərçivəsində həyata keçirilir".
Xatırladaq ki, ötən ilin dekabrın 23-də Prezident İlham Əliyev "2022-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il üçün büdcə gəlirləri 26 816 000 min manat, büdcə xərcləri isə 29 879 000 min manat məbləğində təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0