CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçələrə şəhid adlarının verilməsinə ehtiyac var - Qənirə Paşayeva

© Sputnik / Murad OrujovMillət vəkili Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Parlamentdə sənədsiz evlərlə bağlı problem də qaldırılıb. Deputat bildirib ki, müvafiq qurumlar bu problemin həllinə baxdıqlarını deyirlər. Amma ortada heç bir ciddi iş yoxdur.
BAKI, 4 mart — Sputnik. Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı problem uzun zamandır ki, qalmaqdadır. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, müvafiq qurumlar bu problemin həllinə baxdıqlarını deyirlər:
"Amma ortada heç bir ciddi iş yoxdur. Burada problem nədir? Niyə bu iş uzanır?! Çıxıb açıqlama versinlər. Bununla bağlı sərəncamlar, sənədlər var. Amma problem həll olunmur".
Şəhid adının əbədiləşdirilməsi prosedurunun sadələşdirilməsi təklif olunub
Qənirə Paşayeva onu da deyib ki, şəhid adlarının küçələrə verilməsinə ehtiyac var. Bəzi rayonlarda bu iş sürətlə gedir, amma bəzi rayonlarda isə yox.
Qənirə Paşayeva bildirib ki, şəhid adının əbədiləşdirilməsi işinə ümumi şəkildə baxılması yaxşı olar:

"Bəzi ailələr Nazirlər Kabinetindən bunu xahiş edirlər. Bu, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarına ən böyük hədiyyə olar. Rayonlarda parklar, küçələr var ki, ora şəhid adları verilə bilər. Bu iş sürətləndirilməlidir".

Deputat Razi Nurullayev də Qənirə Paşayevanın təklifini dəstəkləyib. O bildirib ki, Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarına düzəlişlər edilməlidir:
"Mən icra hakimiyyətləri ilə danışmışam. Xeyli adsız və adı məna kəsb etməyən küçələr var. Bu məsələ həll edilə bilər. Amma, bunun üçün Nazirlər kabinetinin qərarına və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə dəyişiklik etmək lazımdır. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır".
Dövlət sənədsiz yaşayış evlərinə nə vaxt sənəd verəcək?
Qeyd edək ki, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı barədə məlumat yayılıb. Xəbərə görə, Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsinə müvafiq qanunvericilik aktı qəbul edildikdə başlanacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hazırda bununla bağlı qanunvericilik aktının hazırlanıb-hazırlanmadığı barədə onlarda məlumat yoxdur:
"Qanunlar Milli Məclis tərəfindən qəbul olunur. Əmlak Məsələləri Dövlət Xidməti isə icraedici orqandır. Əgər bu barədə qanun olarsa, o qanunu icra edəcəyik".
Millət vəkili Azər Badamov hələ ki, Milli Məclis tərəfindən belə qanunun hazırlandığı barədə məlumat olmadığını bildirib.
Deputat söyləyib ki, qanunvericilik təşəbbüsü ilə bağlı layihə təqdim olunmayıb:
"Bakı şəhərində yüz minlərlə evin sənədi yoxdur. Bir vaxtlar sənədsiz evlərə sənədlərin verilməsi üçün görülən işlər sürətlənsə belə, problem hələ qalmaqdadır. Cənab prezident bununla bağlı tapşırıq vermişdi ki, bu məsələ təftiş edilsin, ona məlumat verilsin. Amma hələ məsələ öz həllini tapmayıb. Bizə qanunvericilik layihəsi təqdim olunmayıb. Əgər olunarsa, biz proseslərin sadələşdirilməsinə səs verəcəyik".
© Photo : REPORTMilli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
A.Badamov bildirib ki, sənədsiz evlərin çoxu öz təyinatına uyğun olmayan torpaqlarda inşa olunub. Yaxud da müvafiq qoruma zolaqlarında, yüksəkgərginlikli xətlərin altında inşa olunub. O bildirib ki, bu evlərə sənədlərin verilməsi qeyri-mümkündür.
Deputatın sözlərinə görə, sabah hər hansı bədbəxt hadisə baş vermə ehtimalı olduğundan belə evlərə sənəd verilməsi təhlükəlidir:
"Amma kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onların təyinatını dəyişmək mümkündür. Ölkə başçısı da bu istiqamətdə öz tapşırıqlarını vermişdir".
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sənədsiz evlərin şəhər infrastrukturuna maneə yaratmayan və ciddi pozuntular olmayan qisminin sənədləşdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var:
"Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən vətəndaşların həyətyanı torpaq sahələrinə və evlərinə qanunvericiliklə tənzimlənməmiş müxtəlif səpkili sənədlər verilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilmiş və nəticədə on minlərlə vətəndaşın evlərinin sənədləşdirilməsi təmin edilib. Bu Fərmanın tətbiqi ilə bir çox tam sənədsiz yaşayış massivi dövlət qeydiyyatına alınıb. Eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna 24 fevral 2015-ci il tarixində edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsinə 8.0.9.1.2-ci hissə əlavə edilib. Bu əlavə ilə 1 yanvar 2013-cü il tarixinə qədər tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, fərdi evin qeydiyyatı üçün heç bir sənəd tələb edilmədən sənədsiz evlərin qeydiyyatı təmin edilir".
Həmçinin qeyd edilir ki, ölkə başçısı tərəfindən çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi ilə bağlı 19 fevral 2019-cu il tarixində 529 nömrəli Fərman imzalanıb. Fərmanın qəbulu çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsinə çox böyük təkan vermiş oldu:
"Məsələ burasındadır ki, ölkə ərazisində, əsasən də Bakı şəhərində bəzi çoxmənzilli yaşayış binalarının tikintisi qanunvericiliyin tələblərinə riayət olunmadan aparıldığı üçün onların istismara qəbul edilməsi mümkün olmurdu. Bu da öz növbəsində orada yaşayan sakinlərə mülkiyyət sənədlərinin verilməsində problemlər yaradırdı, çünki mənzilə çıxarışın verilməsi üçün həmin mənzilin yerləşdiyi binanın istismara qəbul olunması zəruridir".
Dövlət Xidməti onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanı bu problemi aradan qaldırmaqla, müvafiq mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün zəmin yaratmış oldu.
"Fərman çərçivəsində istismarına icazə sənədi verilmiş yaşayış binalarında yerləşən mənzillərə dair 46 mindən çox ərizə icra olunub və həmin mənzillər üzərində hüquqlar dövlət qeydiyyatına alınıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0