Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dədə Qorqud" dastanının yeni nüsxəsi tapılıb

© Photo : Azerbaijanfilm / 1975"Dədə Qorqud" filmindən kadr
Dədə Qorqud filmindən kadr - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
İndiyə kimi "Dədə Qorqud" dastanının Vatikan, Drezden, Türk Tarix Qurumu və Günbəd nüsxələri məlum olub. Yeni nüsxə bunlardan Drezden nüsxəsinə daha çox bənzəyir. Yeni nüsxədə də Drezden nüsxəsində olduğu kimi 12 boy var
BAKI, 3 mart — Sputnik. "Kitabi-Dədə Qorqud" dastanının yeni nüsxəsi tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Dövlət Universitetinin Türkoloji Dərnəyinin rəhbəri Məleykə Mirzəli məlumat verib. Onun sözlərinə görə, türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla "Dədə Qorqud" dastanının yeni əlyazmasını ortaya çıxarıb:
"Dumlupınar Universitetinin professoru Ersen Ersoy hazırda həmin əlyazma üzərində işləyir və elm aləminə bu haqda da məhz o məlumat verib".
M.Mirzəlinin sözlərinə görə, yeni tapılan nüsxə ilə İranın Günbəd şəhərində tapılan nüsxəni qarışdırmaq olmaz:
"O nüsxə tamamilə başqa əlyazmadır. Onu elm aləminə ilk dəfə Metin Ekici təqdim edib və həmin nüsxəni bir çox alim "üçüncü nüsxə", yaxud "on üçüncü boy" kimi qələmə verir. Lakin bu fakt hələ ki, tam təsdiqini tapmayıb".
Professor Ersen Ersoy isə APA-ya açıqlamasında bildirib ki, indiyə kimi "Dədə Qorqud" dastanının Vatikan, Drezden, Türk Tarix Qurumu və Günbəd nüsxələri məlum olub: "Yeni nüsxə bunlardan Drezden nüsxəsinə daha çox bənzəyir. Yeni nüsxədə də Drezden nüsxəsində olduğu kimi 12 boy var. İlkin baxışdan sonra onu deyə bilərəm ki, yeni nüsxə Drezden nüsxəsinə çox oxşayır, hətta eynisidir".
E.Ersoy nüsxənin neçənci əsrə aid olmasının və dil-üslub xüsusiyyətlərindən söz açmağın hələ ki tez olduğunu qeyd edib: "Hazırda bu yöndə çalışmalarımız davam edir. Yaxın günlərdə əlyazmanı olduğu kimi, ardından isə ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirib nəşr etməyi planlaşdırırıq".
Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0