Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bütün bu faciələrin qabağında niyə sənətin barı-bəhəri ayaq tutub yerimədi?

© AFP 2024 / LUIS ACOSTAYazıçı, arxiv şəkli
Yazıçı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Bu gün Ümumdünya Yazıçılar Günüdür. Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
BAKI, 3 mart — Sputnik. Birinci Qarabağ savaşından 30 il keçib. İkinci Qarabağ savaşından da iki ilə yaxın vaxt keçir. Amma təəssüf ki, bu 30 il ərzində Qarabağ hadisələri ilə bağlı dünyaya təqdim edəcək bədii ədəbiyyat nümunəsi yoxdur. Halbuki, ədəbiyyat vasitəsi ilə xalqımızın başına gələn müsibətləri dünyaya çatdıra bilərik. Necə ki, rus yazıçısı Lev Tolstoy "Hərb və Sülh" romanı vasitəsi ilə Rusiyanın Fransa tərəfindən istilası dövründə, İran yazıçısı Səhər Delicani isə "Cakaranda ağacının uşaqları" vasitəsi ilə islam inqilabından sonra ölkələrində baş vermiş hadisələri dünyaya çatdırıb. Ortaya belə bir sual çıxır: Bəs görəsən, torpaqlarını itirən, 30 ildən sonra böyük şücaətlər gostərərək torpaqlarını işğaldan azad edən xalq haqqında niyə bədii əsərlər yazılmır?
Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova Sputnik Azərbaycan-a mövzu ilə bağlı fikrini bildirərkən qeyd edib ki, hadisələrin epoxal təsviri, yüksək bədii sənətkarlıq ifadəsi baxımından bu tələblərə cavab verən romanlar barmaqla sayılacaq qədərdir:
"Şərif Ağayarın "Haramı", "Arzulardan sonrakı şəhər" romanları, Aqil Abbasın "Dolu" romanı, Mövlud Süleymanlının "Erməni adındakı hərflər", Seymur Baycanın "Quqark" kimi romanları var. Amma böyük zaman kəsiyinə görə Qarabağ hadisələri ilə bağlı romanların sayı azdır. Bu romanlar belə, bayaq sadaladığım tələblərə cavab vermir. İkinci Qarabağ savaşı hələ yenidir. Amma bir ildən artıq zaman keçib, bu zaman kəsiyində də əsərlər yazıla bilərdi. Çox az yazılıb".
Yazıçı Mirmehdi Ağaoğlu təəssüflə bildirir ki, bizdə "Hərb və Sülh" (Lev Tolstoy), "Qərb Cəbhəsində Təbəddülat Yoxdur" (Erix Mariya Remark), "Sakit Don" (Mixail Şoloxov) səviyyəsində romanlar yoxdur. Amma hekayə janrında xeyli əsərlər yazılıb.
Qarabağ mövzunda əsərlərin yazılmama səbəbi
Ağaoğlunun fikrincə, Birinci Qarabağ müharibəsində məğlub olmağımız, pessimizm imkan vermirdi ki, müharibə ilə bağlı duyğuları ədəbiyyata siraət eləsin. Ona görə də bu əsərlər daha çox insan talelərindən bəhs edirdi:
"Seymur Baycanın, Elçin Hüseynbəylinin, Şərəf Ağayarın, Rasim Qaracanın, Təranə Vahidin, Samirə Əşrəfin hekayələri var. Mənim də bu mövzuda hekayələrim var. Sırf Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən romandan danışarkən öncə "Dolu" romanı yada düşür. Həmin romanın əsasında film də çəkdilər. Əsər təkcə Aqil Abbasın təxəyyülünün məhsulu olmadı. Azərbaycan ordusu həmin filmin sonluğunu gerçəkliyə çevirdi. Düşünürəm ki, müharibə mövsunda yazılmış əsərlərin növbəti mərhələsi başlayacaq. Bunu müharibədə iştirak etmiş insanlar yazacaqlar".
Elnarə Akimova isə düşünür ki, yazıçılarımız 90-cı illərdən bəri daha çox mifopoetik təfəkkürü gücləndiriblər, nəinki Qarabağ problemindən yazıblar. Bu baxımından bizim ədəbiyyatımızın üzərinə çox böyük bir missiya düşür:
"90-cı illərdə Akif Hüseynli demişdi ki, "bu qədər hadisələr baş verdi ölkədə. Bütün bu faciələrin qabağında niyə sənətin barı-bəhəri ayaq tutub yerimədi? Sanki gəncləri tanklar altında qalan, ölkəsi viran olan, torpaqları işğal olunan ölkənin övladları deyillər. Nə gənc yazarlar yazır, nə də yaşlı yazarlar". Düşünürəm ki, Sovet epoxası bitəndən sonra ümumən vətənpərvərlik anlayışı ilə Sovet dövrünün vətənpərvərlik anlayışı bir-birinə qarışmışdı. Sovet dönəmində bayağı vətənpərvərlik təbliğ olunurdu. Müstəqillik dövrünün yazarları bütün bunlardan imtina etdi. Qarabağ mövzusunda əsərlər 2000-ci illərin əvvəllərindən yazılmağa başladı. Başqa bir səbəb isə yazıçıların bu problemlərdən daha çox susqunluğa köklənməsi, daha çox seyirci mövqeyi tutması da ola bilər. Təbii ki, bu da arqument bu ola bilməz. Heç kəs bu ölkənin yerinə əsər yazmayacaq".
Yazıçı Şərif Ağayar isə bəhs etdiyimiz mövzuda əsərlərin yazılmamasını sosial vəziyyətlə əlaqələndirir. Onun fikrincə, yazıçılar düşünür ki, əsər yazarlar, çap olunmaz, ssenari yazarlar, ona film çəkilməz:
"Yazarlar konkret qonarar veriləndə köşə yazırlar. İmkanlı yazarlarımız da bu hadislərin içində olmayıblar. Qarabağ hadislərindən əziyyət çəkən insanlardan uzaq olduqlarına görə bu mövzuda əsərlər yazmayıblar. Mən bu işin içində olan adamam. O qədər mövzular var ki, gündəlik qayğılarımıza görə yazılmayıb qalıb. Ədəbiyyatı inkişafdan saxlamağın bir neçə yolu var. 30-cu illərdə azad söz adamlarını, yazarları repressiya edirdilər. İndi bunun çox asan yolu var. İndi yazarlar ancaq çörəkpulu dalınca qaçır. Birinci Qarabağ savaşı üçün yazılmış əsərlər fədakarcasına yazılmış, heç bir qarşılığı olmadan yazılan əsərləridir. Onlar torpaq uğrunda şəhid olmuş insanların davamçılarıdır".
Qarabağ mövzusunda dünyaya təqdim edəcək əsərimiz yoxdur
Filologiya elmləri doktoru Elnarə Akimova bildirir ki, sözügedən mövzuda yazılan əsərlər öz ədəbiyyatımızda belə, zirvəni fəth edə, müzakirə predmeti ola bilmədilər: "Yadıma gəlir o zamanlar Azadlıq radiosunun oxu zalında bu məsələ müzakirəyə çıxarılmışdı. Qarabağla bağlı yazılmış əsərləri müzakirə edərkən o qədər qüsurlar var idi ki, onu necə dünyaya təqdim edə bilərdik?"
Mirmehdi bəy isə qeyd edir ki, Qarabağ müharibəsi elə də qlobal müharibə deyil ki, Amerikada işləyən naşirləri maraqlandırsın. Bu lokal müharibədir. Yazıçı əlavə edir ki, bu məsələ ermənilər tərəfindən yazılanda daha çox diqqət cəlb edir. Çünki, ermənilər istər soyqırımla bağlı, istər erməni taleyi ilə bağlı bir baza yarada biliblər:
"Bizimkilər o zaman xarici naşirləri cəlb edə bilər ki, yazılan əsər isə o zaman diqqət cəlb edə bilər ki, bədii məziyyətləri çox yüksək olsun. Burada lokallıqdan, əyalətçilikdən çıxmaq lazımdır. Əsərdə "erməni düşməndir, öldürək" kimi antihumanist məzmunda olmamalıdır.
Hələ İkinci Qarabağ müharibəsi başlamamışdan qabaq Ukraynada "Bayraqdar" adlı almanax çıxmışdı. Orada yer alan hekayələrin də bəziləri müharibə haqqında idi.
Məsələn, Xalid Hüseynin "Min möhtəşəm günəş" və "Çərpələng uçuran" əsəri Əfqanistanda baş verən hadisələr və oradakı müharibədən zərər çəkmiş insanların həyatından bəhs edir. Əfqanistan mövzusu daha qlobal məsələdir. Burada böyük dövlətlərin toqquşması olub. Həm də Xalid Hüseyni ABŞ-da yaşayır və orada parlayıb".
Ş. Ağayar isə bildirir ki, İkinci müharibə haqqında yaxşı əsərlər daha gec yazılacaq. Çünki, biz burada qalib gəlmişik. Ədəbiyyatı qələbə ritorikasından qorumaq hər adamın işi deyil. Bunun üçün Tolstoy olmasan da, müharibəyə, insanlara Tolstoyvari yanaşmaların olmalıdır:
"Hər yazıçı özünü pafosdan, ritorikadan qoruya bilmir. Bəzən insanlar belə əsərləri sevsələr də, təcrübə göstərir ki, qələbə pafosu ilə yazılmış əsərlər ciddi ədəbiyyat nümunəsi ola bilmir. Qarabağ haqqında yaxşı əsərləri o hadisələrin iştirakçısı olan yeni nəsil yazıçılar yaza bilər. Onların əksəriyyəti isə maddi sıxıntılar içərisindədir. İrihəcmli və fundamental əsərə zaman və maddi imkan lazımdır. Dünyaya çıxmaq məsələsinə gəlincə, biz istəyirik bizim torpağımız, günəşimiz, suyumuz olmasın, amma orada nəhəng ağaclar yetişdirək. Bu, mümkünsüzdür. Bizi dünyaya çıxaracaq mühiti Bakıda yaratmalıyıq. Nə qədər yaratmamışıq, heç nə edə bilmərik. Azərbaycanın müstəqil olduğu bu 30 ildə ədəbiyyatımızı dünyaya çıxarmaq istəyən davamlı bir təşəbbüs olmayıb. Əsərimiz olsa belə, mühit onu təqdim etmək iqtidarında deyil. Filmdə Mustafa müəllim necə deyir? Sən də heç olmasa bir lotereya al də! Lotereya almırıq, amma deyirik avtomobil udmalıyıq"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0