Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Robotlar insanlara pul verəcəklər - Dördüncü Sənaye İnqilabı - VİDEO

© AFP 2024 / ISAAC LAWRENCERobot
Robot - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
50 il bundan öncə 1 paltarın tikilməsi üçün 3 nəfərə ehtiyac var idisə, indi 1 dəqiqə içində eyni paltarın 50 ədədini 1 robot istehsal edə bilər. İqtisadçılar Dördüncü Sənaye İnqilabından danışıblar.
BAKI, 2 mart — Sputnik. Bu yaxınlarda Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin (4Sİ) Azərbaycan Mərkəzi açılıb. Mərkəzin Azərbaycanda fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
Qeyd edək ki, Dördüncü Sənaye İnqilabı süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxıb. Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik.

Azərbaycanın bərpaolunan enerji layihələrində aktiv rolu ola bilər

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, yeni texnologiyaların iqtisadiyyata, hətta insan həyatına istiqamət verməsi dövrünə qədəm qoymuşuq: "Artıq bu proses gedir, Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Yaşıl enerjiyə keçid, ekoloji problemlərin həllində iqtisadiyyatın rolu, iqtisadiyyatın daha innovativ olması bu gün dünyanın ən çox müzakirə etdiyi mövzulardır.
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin olması doğru yanaşmadır. Azərbaycanın potensial olaraq yaxın gələcəkdə, məsələn, yaşıl iqtisadiyyata keçid ilə bağlı yeni bərpaolunan enerji layihələrində aktiv rolu ola bilər. Bununla bağlı coğrafi üstünlüyümüz var. Bərpaolunan enerjiyə keçidlə və istehsalın artırılması ilə bağlı Azərbaycanın potensialı geniş olduğu üçün bu sahədə layihələri görə bilərik".
O bildirib ki, dünyada əsas trendlərdən biri olan bərpaolunan enerji sahəsində Azərbaycanın böyük potensialı var və bundan çox qısa zamanda istifadə etmək imkanları mövcuddur.

Aqrar sahədə robotlaşma artacaqsa, iş yerlərinə ehtiyac azalacaq

Ekspert qeyd edib ki, 15-20 ildir ki, robotların istehsal sahələrində insanları əvəzetməsi məsələsi ciddi müzakirə olunur: "Amma son bir neçə ildə bunun praktiki tərəfləri önə çıxır. Çünki əl əməyindən istifadənin getdikcə azalması insan resursları, iş yerləri ilə bağlı problemləri ortaya çıxarır. Məsələn, 100 il bundan qabaq kənd təsərrüfatında 1 ton pambığın istehsalı üçün 24 nəfər, 1 ton taxılın istehsalı üçün 18 nəfər lazım idi. İndi isə bəzən bunun üçün heç 1 nəfərə də ehtiyac qalmır. Hətta əl əməyinə ən çox ehtiyac olan aqrar sahədə belə artıq robotlaşma tətbiq olunur. Aqrar sahədə robotlaşma artacaqsa, iş yerlərinə ehtiyac azalacaq".

İndi 1 dəqiqə içində eyni paltarın 50 ədədini 1 robot istehsal edə bilər

Onun sözlərinə görə, yüngül sənayedə 50 il bundan öncə 1 paltarın tikilməsi üçün 3 nəfərə ehtiyac var idisə, indi 1 dəqiqə içində eyni paltarın 50 ədədini 1 robot istehsal edə bilər: "Bu, çox ciddi məsələdir və dünyada işizliklə bağlı qlobal trendin yaranması ehtimalları da var. Amma son müzakirələr də maraqlıdır. Belə ki, robotlar bizim yerimizə iş görəcəksə, insanlar da mədəni, humanitar fəaliyyətlə məşğul olmağa başlayacaqlar. Bu da maraqlı yanaşmadır. Amma bunun da bir həll yolu tapılmalıdır. Başqa müzakirə olunan konsepsiya odur ki, milli gəliri, dəyəri robotlar istehsal edirsə, milli gəlirdən həmin ölkənin vətəndaşına da müəyyən pay düşməlidir".

Əsas məsələ yeni texnoloji məhsullar istehsal etməkdir

"Əsas məsələ investisiyaları cəlb edib yeni texnoloji məhsulların istehsalına köklənməkdir. Bunun üçün akademik çalışmalara, bazanın yaradılması ilə bağlı daha çox iş görməyə ehtiyac var", - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 23-də Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb.

Rəqəmsal iqtisadiyyat inkişaf edir

İqtisadiyyat naziri Mikayıl Cabbarov 4Sİ texnologiyalarının və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşüb. Nazir bildirib ki, bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və aparıcı ölkələr sırasında yer alması qarşımızda duran məqsədlərdəndir. Bu istiqamətdə Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

MDB regionunda ilk dəfə...

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende MDB regionunda ilk dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin regional bilik mərkəzinə çevriləcəyinə əminlik yaradır.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 6-da "İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.

Sənaye İnqilabları

Onu da bildirək ki, Birinci Sənaye İnqilabı dedikdə, 18-ci əsrin ikinci yarısından etibarən Avropada ortaya çıxan, buxar və su enerjisinə əsaslanan və manufaktura istehsalının mexanikləşdirilməsini doğuran sənaye inqilabı nəzərdə tutulur. Bu, şübhəsiz ki, böyük bir inqilab idi və dünya iqtisadiyyatında sənayeləşmə prosesinin də təməlində dayanır.
İkinci Sənaye İnqilabı dedikdə, 20-ci əsrin birinci yarısından etibarən elektrik enerjisinə əsaslanan konveyerli kütləvi istehsalın ortaya çıxması nəzərdə tutulur. 20-ci əsrin ikinci yarısında elektronikanın, proqramlaşdırılan məntiqi nəzarətçilərin (PLC), informasiya-kommunikasiya sistemlərinin və robotların inkişafı Üçüncü Sənaye İnqilabını doğurdu. Bu inqilab qeyd edilən nailiyyətlərə əsaslanaraq istehsalın avtomatlaşdırılmasını təmin etdi.
Dördüncü Sənaye İnqilabı isə 21-ci əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki sistemlərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0