Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Burada insanlar ölümlə-yaşam arasında mücadilə aparır

© REUTERS / Flavio Lo ScalzoXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
"Yeni klinika"nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyir ki, çox emosional olan o səhnə bu günədək gözünün qarşısından getmir.
BAKI, 28 fevral — Sputnik. 2020-ci il fevralın 28-də ölkəmizdə COVID-19-a ilk yoluxma halı qeydə alındı. Həmin gündən Azərbaycanda pandemiya əleyhinə mübarizə tədbirlərinə başlanıldı. Tibb işçiləri isə pandemiya başlayandan bu günədək koronavirusla mübarizənin ön sıralarındadır. Sputnik Azərbaycan pandemiya dövründə koronavirusa yoluxmuş ən ağır xəstələri müalicə edən, reanimasiya şöbəsində ölümlə çarpışan COVID xəstələrinə həyat verən "Yeni klinika"nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovla müsahibəni təqdim edir.
- Artıq iki ildir ki, COVID xəstələrinin müalicəsi ilə məşğulsunuz. Pandemiya dövründə digər xəstələrlə müqayisədə sırf COVID xəstələrini müalicə etmək sizə çətin deyil ki?
- Çox çətin oldu. COVID tamamilə fərqli xəstəlik olduğundan, həmçinin elmə yeni xəstəlik olduğundan müalicəsi də asan olmadı. Biz daha çox kritik COVID xəstələrinin müalicəsi ilə məşğul oluruq. Bu da çox çətindir. Biz indiyədək fərqli səbəblərdən reanimasiyada ağır xəstələri müalicə etmişik. Ancaq COVID xəstələrində kəskin tənəffüs çatışmazlığı müalicəyə çətin olan xəstəlikdir. Bu gün də bu davam edir.
- Pandemiyanın hansı dövrünün daha çətin keçdiyi qənaətindəsiniz?
- Mənim fikrimcə, pandemiyanın iki dövrü daha ağır keçdi. Bu? ilk aylar idi. Pandemiyanın ilk dalğasında may ayından başlayaraq avqust ayınadək xəstəliyə yoluxma və ağırlaşma kəskin oldu. 2021-ci ilin avqust ayında "Delta" ştammı yayıldı. Bu dövr də ən ağır dönəm idi.
- Xəstələrin ölümlə çarpışdığını, bəzən ümid verdiyiniz xəstələrin həyatla əbədi vidalaşdığını görmək sizin üçün çətin deyildi ki?
- Mən haradasa 15 ildir ki, reanimasiyada çalışıram. Qısa müddətdə bu qədər ağır xəstənin reanimasiyada izlənməsi və müalicəsi ilə ilk dəfə pandemiya dövründə qarşılaşdım. İnsanların həyatını itirməsinə şahid olmaq çox ağır idi. Düzdür, biz işimizi peşəkar səviyyədə görməyə çalışırdıq. Amma bəzən bizdən asılı olmayan səbəblər üzündən xəstələri itirirdik.
- Pandemiya dövründə fəaliyyətiniz sizə hansı təcrübəni qazandırdı?
- Biz kitablardan oxuyurduq ki, vaxtında və düzgün diaqnoz qoyulduqda xəstəliyin ağırlaşmasının, ölüm halının qarşısını almaq mümkün olur. Biz buna pandemiya dövründə bir daha əmin olduq. Xəstəliyin nə qədər erkən müalicəsinə başlanılsa, xəstəliyin ağırlaşma ehtimalı minimum olur. Ona görə xəstəliyə erkən müdaxilə etmək lazımdır. Bəzən xəstəlik ağırlaşdıqdan sonra həkimə gedirik. COVID bizə bunun səhv olduğunu bir daha anlatdı.
- Özünüz pandemiya dövründə virusa yoluxdunuzmu?
- Mən 2021-ci ilin yanvar ayında COVID oldum. Ağciyərimdə sol tərəfli pnevmoniyaya səbəb oldu. Buna görə 15 gün stasionarda müalicə aldım. Elə xəstəliyə reanimasiyada yoluxdum. Bu, hamımız üçün həyati təhlükə idi. Çünki xəstəxana şəraitində viral yük çox idi.
- Ümumiyyətlə saatlarla xüsusi geyimdə işləmək çətin deyil ki?
- İndi öyrəşmişik. Amma pandemiyanın ilk dövrlərində, xüsusilə yayda istidə o geyimlərdə işləmək çox çətin idi. İndi əvvəlki kimi xəstəlikdən qorunmaq üçün xüsusi geyimlərdə olmasaq da, virusdan qorunma tədbirləri görürük.
- Virusun yayıldığı ilk dövrlərdə evdəkiləri virusdan qorumaq üçün hansı tədbirləri görürdünüz?
- İlk bir ay ailəmi heç görmədim. Ancaq görüntülü danışırdıq. Ailəmi yoluxma riskindən qorumaq üçün, həmçinin xəstələrin sayının çox olması səbəbindən həmkarlarım kimi mən də ailəmdən uzaq qalmaq məcburiyyətində idim. Həmin dövrdə dövlətimiz tərəfindən də belə qərar verilmişdi. Biz pandemiya dövrünün əsgərləri kimi əmri yerinə yetirirdik.
- İndiyədək yəqin ki, həyatını xilas etdiyiniz xəstələr çox olub. Sizi ən çox təsirləndirən, yadınızda qalan məqam hansı olub?
- Belə hadisələr çox olub. Amma gənc xəstələrin ölümlə çarpışması çox ağır idi. Bir gənc xəstəmiz vardı. Saturasiyası 30 idi. Süni tənəffüs aparatına qoşulmuşdu. Biz onun həyatını bir neçə saata itirmək təhlükəsinin olduğunu görürdük. Həmin gecə 24 saat mən evə getmədim. Onun müalicəsi ilə məşğul olduq. Xəstə komada idi. 10 günlük müalicə ilə biz onun vəziyyətində irəliləyişə nail olduq. Onu komadan çıxartdıq.
Biz həmin xəstəni ayıldıqdan sonra valideynləri, həyat yoldaşı ilə görüntülü danışdırdıq. O səhnə bu günədək gözümün qarşısından getmir. Çox emosional səhnə idi. Bu hadisə mənim heç vaxt yadımdan çıxmayacaq. Bizim həmin an işimizdən aldığımız mənəvi zövqü heç bir sözlə ifadə etmək mümkün deyil. Bir insan həyatını qurtarmaq bütün insanlığı qurtarmağa bərabərdir deyiblər. Buna görə özümüzü xoşbəxt hesab edirdik.
-Yeni ştammın digərləri ilə müqayisədə xəstələrdə gedişatı necədir?
- Hazırda ölkəmizdə "Omicron" ştammı yayılıb. Xəstələrdə ağırlaşma sayı kəskin olmasa da, yenə müşahidə olunur. Reanimasiyaya gələn ağırlaşmış xəstələrin durumu eynidir. Amma əvvəlki dövrlə müqayisədə bu say qismən azdır.
- Pandemiya davam edir. Bu xəstəliklə mübarizə aparmaqda yorulmamısınız ki?
- Xeyr. Yorulsaq da, yorulmasaq da, bu bizim peşə borcumuzdur. Çalışırıq ki, peşəkarlıqla, vicdanla vəzifəmizi yerinə yetirək. Pandemiyadan minimum itki ilə çıxaq. Çünki, bu gün dövlətimizin də gördüyü bütün tədbirlərin əsasında xalqımızın bu xəstəlikdən daha az itki ilə çıxması durur. Ona görə də hər kəsi koronavirus əleyhinə peyvənd olunmağa səsləyirəm. Peyvənd olunan xəstələr xəstəliyi daha yüngül keçirirlər. Biz bunun şahidi oluruq.
Xəbər lenti
0