Xocalı faciəsində ölüb-dirilən körpə - Milli Qəhrəmanın adını qoyduğu qız danışır
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədovanın fotosu
© Photo : Courtesy of Salatın Akhmedova
Abunə olmaq
Salatın xanım hazırda Bakı Dövlət Universitetində çalışır. Atası polis olduğu üçün dövlət onların ailəsini şəhərdə evlə təmin edib.
BAKI, 25 fevral — Sputnik. Bütün faciələrin, qətliamların, müharibələrin ən acı üzünü görənlər körpələr olur. Xocalı faciəsi nəticəsində 63 körpə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı faciəsinin ən dəhşətli üzünü görən körpələr arasında əsirlik həyatı yaşayanlar da olub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın adını daşıyan Salatın Əhmədovanın körpəliyi əzablı olub. Salatın Əhmədova 1991-ci ilin iyununda dünyaya göz açıb. O doğulduğu vaxtda artıq vəziyyət gərginləşmişdi, erməni qəsbkarları Azərbaycan torpaqlarına hücum edir, atəşə tuturdular.
Sputnik Azərbaycan-ın həmsöhbəti olan Salatın Əhmədova ermənilər Xocalıya girən vaxtı ölüb, bir neçə gün sonra dirilib:
"1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum edən vaxtda atam Əlif Hacıyevlə birgə Xocalının müdafiəsinə qalxmışdılar. Atam Yelmar Əhmədov Xocalıda polis işləyirdi, elə Xocalı hadisələri zamanı şəhid oldu. Xocalı qətliamı baş verəndə 8 aylıq idim, əmim o zaman gəlib dedi ki, artıq ermənilər kəndə giriblər. O, bizi meşəyə apardı, nənəmin 70 yaşı vardı, yeriyə bilmədiyindən qarda donaraq öldü. Həmin vaxt biz ermənilərin mühasirəsinə düşdük. Anam deyirdi ki, ermənilər azərbaycanca danışırdılar, deyirdi ki, gəlin, sizi xilas edəcəyəm. Anam erməni dilini bildiyindən yanındakı şəxslərə onun əslində erməni olduğunu deyib, beləcə həmin şəxsin sözünə aldanıb heç yerə getməyiblər".
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədovanın fotosu
Salatın Əhmədovanın fotosu
© Photo : Courtesy of Salatın Akhmedova
Ana 200 nəfərin həyatını təhlükəyə atmamaq üçün 8 aylıq körpəsini boğur
Salatın Əsgərova deyir ki, anası o, ac qalmasın deyə meşədə ona qar yedirdib:
"Beləcə bir neçə gün meşədə qalmışıq, yeməyə heç nə olmadığı üçün anam meşədə ağzıma qar qoyurdu. Oradakılardan biri anama deyir ki, ermənilər uşaq səsi gələn yerə güllə atırlar, uşağın səsini kəs. Hamı bir tərəfdən bu sözü deyəndə anam əlini qoyur ağzıma ki, səsim çıxmasın. Beş dəqiqə əlini elə saxlayandan sonra nəfəsim gedir, gəlmir. Sonra anam məni kolun dibinə qoymaq istəyir. Sonra deyir ki, onun adını Salatın Əsgərova qoyub, onu kolun dibinə qoymayım. Beləcə, anam məni belinə bağlayıb özü ilə aparır. Sonra əsir düşürük. Hamını sıraya düzürlər ki, güllələsinlər. Bizə güllə atanda oradakılardan biri qabağa durur. Güllə onun ayağından dəyir. Həmin şəxs indi də axsayır".
Ölü bilinən körpə dirilir
Salatın bir neçə gündən sonra dirilir:
"Əsirlikdə olarkən ayılıram. Anamın yanındakı Mahirə adlı qadın deyir ki, ay qız, uşağın ayılıb. Anam deyir, ola bilməz, o meyitdir, neçə gündür ki, ölüb. Həmin o Mahirə adlı xanım sonradan anama deyib ki, bu xəbəri sənə verəndə çox sevinmişdin, əyilib torpağı öpürdün ki, nə yaxşı, Allah məni bala qatili etmədi. Orada Məmməd adlı azərbaycanlı həkim vardı, bələyimi açanda görür ki, donmuş gömgöy bədən qırmızı rəngdə olmağa başlayır. Anam orada buğdanı əzərək mənə yedirir. Sonra bizi erməni əsirləri ilə dəyişməyə başlayırlar. Anam məni boğduğu üçün, ölüb-dirildiyimə görə sonradan qıcolma keçirtdim. Gözlərim də çəpləşmişdi. Hələ də nevropatoloq müalicəsi alıram".
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədovanın fotosu
Salatın Əhmədovanın fotosu
© Photo : Courtesy of Salatın Akhmedova
Bu faciə anasının səhhətinə təsirsiz ötüşməyib:
"Anam həmin hadisələrdən sonra ciddi stress, əsəb gərginliyi keçirir. Xocalı faciəsi zamanı anamı don vurmuşdu, deyirdilər ki, ayağı dizdən aşağı kəsilməlidir. Ayaqlarında qanqrena başladığından barmağının ucu kəsilir. Sonradan anama xərçəng diaqnozu da qoyulmuşdu, şükür, indi yaxşıdır. Anam iki dəfə zobdan əməliyyat olunub, birinci qrup əlildir. Bizə, demək olar ki, babamla xalam baxdılar".
Salatın xanım deyir ki, əsirlikdən qayıtdıqdan sonra 3 ay Bakıda müalicə aldığı müddətdə ovaxtkı prezident Heydər Əliyev ona baş çəkir. Ondan sonra bütün müalicəsi ilə maraqlanır, dəstək olur.
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədovanın fotosu
Salatın Əhmədovanın fotosu
© Photo : Courtesy of Salatın Akhmedova
Salatın Əhmədovaya bu adı isə hələ ölümündən öncə Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərova qoyub:
"Vəziyyətin gərginləşdiyi vaxtda Salatın Əsgərova Şuşaya gəlmişdi. Salatın Əsgərova polis olan atam müşayiət edib. O vaxt ermənilər Salatın Əsgərovanın başına pul qoymuşdular. Atamla oturub yemək yeyəndə soruşur ki, neçə övladın var? Atam deyir ki, iki qızım var, bir oğlum olacaq. O vaxt elə bilirdilər ki, mən oğlanam. Salatın xanım deyir ki, övladın oğlan olsa, adını Ceyhun, qız olsa, Salatın qoyarsan. Bu söhbətin üstündən bir qədər keçir, Salatın Əsgərova şəhid olur. Həmin hadisədən 6 ay sonra isə mən doğuluram. Adımı Salatın qoysalar da, bu adı sənəd üzərində rəsmiləşdirmirlər ki, uşağı öldürərlər. Əsirlikdən qayıtdıqdan sonra Bakıda adımı sənədə yazdırırlar".
Qeyd edək ki, Salatın xanım hazırda Bakı Dövlət Universitetində çalışır. Atası polis olduğu üçün dövlət onların ailəsini şəhərdə evlə təmin edib.
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədovanın fotosu
Salatın Əhmədovanın fotosu
© Photo : Courtesy of Salatın Akhmedova
26 fevral tarixində azərbaycanlıların başına açılan ən böyük faciələrdən biri - Xocalı faciəsinin ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində 613 nəfər həlak olub. Bunlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı soyqırımı nəticəsində 487 nəfər yaralanıb ki, onlardan 76-sı uşaq olub. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.