CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis hədə-qorxu ilə pul tələb edənləri ələ keçirdi

© Sputnik / Kamal AlmuradlıPPX avtomobili, arxiv şəkli
PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
BAKI, 26 fevral — Sputnik. Yevlaxda özünü jurnalist kimi təqdim edərək vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – "Kanal S.az" internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə də vətəndaşlara hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən "Ltv 7" internet kanalının əməkdaşları barəsində olan cinayət işi məhkəməyə göndərilib.
"Ltv 7" xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İstintaq zamanı müəyyən olunub ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.
Xəbər lenti
0