CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şizofreniyadan əziyyət çəkənlər - Qəribə "davranış"ın sonrakı peşmanlığı

© Depositphotos.com / Shutter2uŞizofreniya
Şizofreniya - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Şizofreniya nədir, bu xəstəlik necə yaranır, ailəsində belə xəstəsi olan şəxslər nə etməlidir, ümumiyyətlə, bu cür şəxslərin ailələri tərəfindən ailə həyatı qurmasının, gələcək qətllərin necə qarşısını almaq olar?
BAKI, 24 fevral — Sputnik. 2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib. Məlumata görə, 2020-ci ildə törədilmiş 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə törədilmiş 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.
Şizofreniya nədir, bu xəstəlik necə yaranır, ailəsində belə xəstəsi olan şəxslər nə etməlidir, ümumiyyətlə, bu cür şəxslərin ailələri tərəfindən ailə həyatı qurmasının, gələcək qətllərin necə qarşısını almaq olar?
Öncə qısaca olsa, dünyadakı vəziyyətə nəzər yetirək:
Dünyada təxminən 24 milyon insan, yaxud hər 300 nəfərdən biri (0.32 faiz) şizofreniyadan əziyyət çəkir. ÜST-ün (https://www.who.int/news-room/fact-sheets/detail/schizophrenia) hesabatına görə, yeniyetmələr arasında hər 222 nəfərdən 1-i (0.45 faiz) şizofreniya xəstəsidir. Qadınlarla müqayisədə kişilərdə bu xəstəlik daha erkən aşkarlanır. Digər şəxslərlə müqayisədə şizofreniya xəstələri 2-3 dəfə daha tez dünyasını dəyişirlər.
© SputnikCədvəl
Cədvəl - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Cədvəl
Səbəblərinə gəldikdə, aparılan elmi tədqiqatlar şizofreniyanın konkret bir xəstəliklə bağlı olmadığını sübuta yetiriblər. Genlərarası əlaqələr, müxtəlif fiziki faktorlar şizofreniyanın yaranmasından mühüm rol oynayır, həmçinin narkotikdən ağır dərəcədə əziyyət çəkənlər arasında şizofren olmaq riski həddindən artıq yüksəkdir.
Dəhşətlisi odur ki, şizofreniyadan əziyyət çəkənlərin əksəriyyəti ümumiyyətlə müalicə almır. Şizofreniya xəstələrinin yalnız 31 faizi xüsusi xidmətlər görür. ÜST-ün məlumatına görə, psixi sağlamlıq xidmətləri üçün resursların əksəriyyəti psixi xəstəxanalarda səmərəsiz şəkildə xərclənir. Ruhi dispanserdə müalicə alanların 50 faizi şizofrendir.
Psixiatr Orxan Fərəcli qeyd edir ki, hərfi mənası “ağlın parçalanması” olan şizofreniya beyindəki bəzi kimyəvi maddələrin dəyişilməsi ilə ortaya çıxan xəstəlikdir. Həkimin sözlərinə görə, daha çox 17- 25 yaş arasında rast gəlinən xəstəlik olan şizofreniyanın genetik daşıcılığı var. Şizofreniyanın valideynlərdən övlada keçməsi mümkündür. Ata, və ya anadan biri xəstədirsə, şizofreniyanın övlada keçmə ehtimalı 10-13%-dir. Hər iki valideyn xəstədirsə, ehtimal 40%-ə qədər yüksəlir.
Şizofreniyanın əlamətləri nədir, sualına cavab olaraq psixiatr vurğulayır ki, fikirlərin dəyişməsi, yaxud beyində əks-səda verməsi şizofreniya əlamətidir:
"Bundan başqa, düşüncələrin oxunması, beyindən fikirlərin oğurlanması, beyinə fikir yeridilməsi, davranışları müzakirə edən, müxtəlif əmrlər verən səslərin eşidilməsi, özünü yüksək siyasi, dini şəxslərlə eyniləşdirmə, üstün hisslərinin (vergi verilib, əlimdə şəfa var və s) olmasını iddia etməsi şizofreniyanın əlamətlərindəndir.
Şizofreniya xəstəsinə diaqnoz necə qoyulur?
Psixiatr qeyd edir ki, diaqnoz mütləq ixtisaslaşmış həkim psixiatr tərəfindən qoyulmalıdır:
"Pasiyentdə ətraflı şəkildə xəstəliyin keçmişi, necə başlanması araşdırılmalıdır. Bəzi hallarda şizofreniya xəstəliyinin əlamətləri bədəndə baş verən hər hansı başqa somatik (infeksiyalara, kəllə beyin travması və s) xəstəliyin nəticəsində, kənar maddə qəbulu (heroin, marixuana) nəticəsində yarana biləcəyinə görə MRT, müxtəlif qan analizləri, əlavə tibbi müayinlərə də ehtiyac ola bilər.
Müalicəsi
Orxan Fərəcli bildirir ki, müalicə məsələlərinə nə qədər erkən başlanılırsa müalicənin effektivliyi o qədər yüksəkdir:
"Şizofreniyanın müalicəsində əsas istifadə olunan dərman peraparatları antipsixotik, ya neyroleptik adlanan dərman qrupudur. Həmin dərmanlar beyində artan dofamin maddəsini azaldaraq yaranmış psixotik əlamətləri aradan qaldırmağa yardımçı olur".
Həkimin sözlərinə görə dərmanlardan başqa digər müalicə üsulu psixoreabilitasiyadır: "Beləcə şizofreniyalı pasiyentlərdə azalmış sosial əlaqələr, gündəlik vərdişlər, yeni bacarıqlar qazandırılır, həmin xəstələrin yenidən cəmiyyətə qazandırılmasına çalışır".
O qeyd edir ki, son illərdə effektivliyinin çox olması, yaxud təsirlərinin az olmasına görə fərqlənən müalicə üsulu EKT-dir (elektrokonvulsiv terapiya). Həmin üsulla xəstəyə narkoz altında adətən gicgah nahiyəsinə yerləşdirilimiş elektrolatlarla xüsusi tənzimlənmiş elektrik cərəyanı verərək süni qıcolma vəziyəti yaradılır, beyindəki transmitterlerdə müəyyən dəyişiklik olur.
Psixiatr bildirir ki, xəstəlik əlamətlərinin şiddətli olması, xəstənin insanlara, özünə qarşı aqressiv rəftarı, dərman içməkdən qəti şəkildə imtinası onların xəstəxanalarda yatması üçün tibbi göstərişdir.
Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, psixiatr Fuad İsmayılov vurğulayır ki, şizofreniya xəstəliyi adətən gənc yaşlarda, kişilərdə17-20, qadınlar da isə 20-25 yaşında şizofreniya başlayır: "Son əlli il ərzində demək olar ki, rəqəmlər dəyişməyib. Daha çox qeyd etdiyim yaşlarda olan xəstələr dispanser müşahidəsinə alınır. Ağır davamlı, tez-tez kəskinləşən xəstəliklərdən əziyyət çəkən xəstələr üçün dispanser müşahidəsi nəzərdə tutulur. Səhiyyə Nazirliyində şizofreniya diaqnostikası, müalicəsi ilə bağlı yeni klinik protokol qəbul edib. Yeni təsnifata əsasən necə diqnoz qoymaq, müasir dərmanlardan necə istifadəedilmə, reabilitasiya tədbirləri, bütün digər psikososial müdaxilələrin istifadəsi klinik protokollarda əksini tapıb".
O qeyd edir ki, belə xəstələr evdə, cəmiyyətdə yaşamalıdılar, onlarla birgə yaşamaq mütləqdir: "Nəzərə almaq lazımdır ki, onların da valideynləri, övladları, qohumları var. Ailə resursu çox vacibdir. Ailələr adətən belə xəstəliklərdən əziyyət çəkənlərə dəstək verirlər. Bəzi hallarda belə insanlar işləyə bilmir, əlavə yardıma ehtiyacları olur. Belədə ailələr onlara yardım edə, qulluq göstərə bilərlər".
"Yalnız oyanıq halda olub, özünə, ətrafa qarşı təhlükəli olanları xəstəxanaya yerləşdirmək olar. Aqressiv olmayan xəstələri evdə müalicə etmək lazımdır. Onların sosial diskriminasiya edilmələrinə yol verməməliyik. İnsanlar nə qədər cəmiyyətə inteqrasiya olunursa, cəmiyyət yaxşı inkişaf edəcək", - deyə mütəxəssis əlavə edib.
Səssiz bomba - el arasında onlara belə də deyirlər. Niyəsini isə, baş verən bir hadisələrdə daha aydın görə biləcəyik.
© Sputnik / Rahim MuradovLənkəranda xəstəxana
Lənkəranda xəstəxana - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Lənkəranda xəstəxana
Ruhi xəstələrin yaratdıqları faciələr
"Şəmkirdə 34 yaşlı Elməddin Həsənov hamilə həyat yoldaşını, 8 yaşlı qızını bıçaqlayaraq öldürüb. Hadisə səhər saat 7 radələrində baş verib. Qonşular onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Hadisəni törədən E.Həsənovun əmisi Tofiq Həsənov indiyədək qardaşı oğlunun ailəsində dava-dalaşın, söz-söhbətin olmadığını deyib.
Digər hadisə: Bir neçə ay öncəki bədbəxt hadisə zamanı şizofreniya xəstəliyindən əziyyət çəkdiyi deyilən 1989-cu il təvəllüdlü Samir Cəfərov səhər yemək yeyərkən anasını qətlə yetirib".
Övladının belə xəstə olduğunu bilib onu evləndirmək isə daha böyük faciədir. Nigar da faciənin qurbanı olub, 1 ildir ki, ailə həyatı qurub, qısa müddətdir ki, yoldaşındakı qəribəlikləri artıq ciddiyə almağa başlayıb: "Nişanlı olduğumuz müddətdə müəyyən qəribəliklər hiss edirdim. Deyirdi ki, onu izləyirlər, sakit danışaq, indi danışmayaq, sonra danışarıq. Amma çox ciddi qəbul etmirdim. Artıq çıxılmaz vəziyyətdəyəm. O hər şeydən şübhə edir, şər atır. Arada görürsən ki, durduğu yerdə söyləyir ki, sən yolda gedəndə kiməsə baxdın, fakt yol bomboşdur. Hərdən söyləyirdi ki, kimsə arxamızca düşüb, onları sən çağırdın. Nə dərman içir, nə həkimə gedir".
Zərərli vərdişlər, travma, peşmanlıq hissi yaşayan qadının ailə həyatı qurmaq istəyənlərə müraciəti
Həyat yoldaşının zərərli vərdişləri artıb, travma alıb: "Xanımlardan xahişim, ailə quranda, nişanlananda, sevgili olanda ən xırda şeylərə fikir verin. Hər şey ilkdən başlayır. Öncə qəribəliklərini görəndə düşündüm ki, yəqin adi qısqanclıqdı. Kimisə tanımadan onunla ailə həyatı qurmayın!".
Nuranə Bədəlova vurğulayır ki, qohumu, şizofren olan qız ailəsinin düzüb qoşması ilə özü kimi ruhi problemi olanla ailə qurdu. Hazırda onların iki övladı var, həmin ailə haqda fikir söyləmək çox çətindir.
Selcan xanımın isə qaynanası şizofreniyadan əziyyət çəkib: "Qaynanam kabuslar görürdü, danışıb gülürdü, sankiqarşısında biri vardı. Bütün günü qarğış edirdi. Gündə 5-6 də çimirdi, bütün günü paltar yuyurdu, ayaqyolusunu harada gəldi edirdi. Zamanla vərdişləri həyat yoldaşımda hiss etməyə başladım, amma onda anasınındakı əlamətlərin əksi idi, 20-25 gün çimməzdi. Atası, baldızlarım da bizlə birgə yaşayırdı, onlar həyat yoldaşımın xəstə olmasını qəbul etmədilər, dedilər normaldır. Onda doymaq hissi yox idi, boşqabdakını yeyəndən sonra əli ilə qazandan yeyirdi. Son 3-4 ayda artıq məni döyürdü, sonra boşandım. Öz həyatımı qura bilmək varkən niyə özümü bədbəxt etməliydim. Övladımı xəstələrlə birgə böyütmək istəmədim".
Məsələnin hüquqi tərəfi
Baş Prokurorluqdan bildirilib ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə, ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.
Vəkil Türkel Süleymanlı isə qanunu şərh edir, onun sözlərinə anlaqsız vəziyyətdə cinayət törədən şəxslər şizofren, hansısa psixi xəstəliyi olmaya bilər. Əkisnə ola bilər ki, şizofrendir, amma o an hərəkətlərinin doğuracağı nəticələri bilir: "Şəxs cinayəti törədərkən anlaqlı vəziyyətdə idisə, barəsində cinayət xarakterli cəza tədbiri verilir, yaxud, etdiyini qavraya bilmirdisə, kəskin ruhi hərəkət vəziyyətində olubsa, o zaman cinayət məsuliyyətindən azad olunur".
"Ümumiyyətlə, insan anlaqsız vəziyyətdə cinayət törədə bilər. Bunun üçün ayrıca psixiatrik eskpertiza təyin olunur", - deyə o əlavə edib.
Yuxarıda qeyd etdiyimiz qətl hadisələri bütün münasibətlərin boşanma ilə bitmədiyini söyləyir. Nə üçün cütlüklər ailə qurmazdan öncə onların ruhi vəziyyətləri dəyərləndirilmir?
Millət vəkilinin və rəsmi qurumun münasibəti
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında qeyd edir ki, ailə qurmazdan öncə hər kəs tibbi yoxlanışdan keçməlidir: "Valideynlər başqalarını niyə belə bədbəxt edirlər?! Ailə qurmazdan öncə məsələ mütləq araşdırılmalıdır. Tibbi yoxlamanın nəticəsi obyektiv şəkildə tərəflərə bildirlməlidir. Həkimlər sui-istifadəyə yol verməməli, saxta sənəd verilməsinin qarşısını almaq məqəsdi ilə tədbirlər görülməlidir".
Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq 2019-2020-ci illərin rəqəmlərini ala bildik ki, bu da vəziyyəti dəyərləndirmək üçün kifayət edir. Nazirlikdən verilən məlumatda bildirilib ki, 2019-cu ildə ilk dəfə qoyulmuş diaqnoz üzrə qeydiyyatda olan şizofreniya xəstələrinin sayı 603, 2020-ci ildə isə 574 nəfər olub. 2019-cu ildə hesabat ilinin sonunda nəzarətdə olan ümumi xəstələrin sayı 17102, 2020-ci ildə isə 17594 nəfər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0