CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə işsizlik səviyyəsi altı faizə enib

© pixabay / Free-Photosİşsiz adam
İşsiz adam - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
Sahil Babayev bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, nazirlik üzrə xidmətlərin 90 faizinin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.
BAKI, 23 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda "MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər" mövzusunda beynəlxalq konfrans keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak edirlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketinin həyata keçirildiyini, həmin paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olduğunu bildirib.
S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70 faiz, ümumi sosial xərclərin 2,5 milyard manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65, orta aylıq əməkhaqqında 35, median əməkhaqqında 74 faiz, əməkhaqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.
Bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxilolmalarına da müsbət təsir göstərib. Son dörd ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib.
S.Babayev nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verildiyini deyib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatdığını qeyd edib.
Nazir COVID-19 pandemiyası dövründə 4 istiqaməti əhatə edən 12 sahə üzrə icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizinə və ya 4,8 milyon nəfərə şamil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.
S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib. Həmçinin nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, nazirlik üzrə xidmətlərin 90 faizinin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.
Qeyd edək ki, "Məşğulluq haqqında" qanuna görə, işsiz şəxs işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na görə, 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) forması qanunun 5.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.
Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0