SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Təhlükəsizlik Şurasını topladı

© Sputnik / Mediabanka keçidNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Görüşdə Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan və parlamentin spikeri Akop Arşakyan da iştirak edib.
BAKI, 22 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 22-si Təhlükəsizlik Şurasının iclasını keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ermənistanın qarşısında duran vəzifələr və onların aradan qaldırılması mexanizmləri, eləcə də beynəlxalq arenada cərəyan edən proseslər müzakirə olunub.
Görüşdə Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan və parlamentin spikeri Akop Arşakyan da iştirak edib.
Xatırladaq ki, fevralın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Paşinyan və Putin regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlığın bərqərar edilməsi səyləri ilə bağlı məsələlərə toxunublar.
Bundan əlavə, həmsöhbətlər Rusiya-Ukrayna münasibətlərindəki vəziyyətdən danışıblar.
Qeyd edək ki, ötən ilin dekabrın 24-də mətbuat konfransı zamanı Ermənistanın Baş naziri bildirib ki, 2016-cı ildə həmsədrlər 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın müvəqqəti status alması təklifini özündə əks etdirməyən üç təklif paketi təqdim ediblər.
Həmçinin, onun sözlərinə görə, problemin həlli ilə bağlı parametrlər BMT Təhlükəsizlik Şurasına verilib.
Paşinyan qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qərarını proqnozlaşdırmaq olar, çünki 1993-cü ildə Təhlükəsizlik Şurası "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında" qətnamə qəbul edib. Bununla da Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0