SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Vladimir Putinin görüşü: Bəyannamə, Qarabağ, Ukrayna və digər detallar

© Official website of President of Azerbaijan RepublicRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Yenilənir
BAKI, 22 fevral - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, liderlərin Müttəfiqlik haqda bəyannamə imzalayacaqları gözlənilir.

Qarabağ məsələsi

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında Rusiya Federasiyasının vacib rol oynadığını vurğulayıb. Həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında əsas rol oynayır.
"RF Azərbaycanla Ermənistan arasında müharibənin birməsində və münaqişənin həllinin qaynar fazadan siyasi-diplomatik sahəyə köçürülməsində çox vacib rol oynayıb. 2020-ci ilin noyabrında sizin şəxsi aktiv iştirakınızla imzalanan üçtərəfli bəyanat bu çoxillik münaqişəni yoluna qoymaqda bizə imkan yaratdı", - Əliyev Putinə deyib.
"Bu gün regiondakı yeni vəziyyət, geosiyasi reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul olunub və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradılmasında, nəqliyyat kommunikasiyalarının açılmasında, normal qonşuluq münasibətlərinin qurulmasında Rusiya vacib, mən deyərdim ki, aparıcı rol oynayır", - İlham Əliyev əlavə edib.
Vladimir Putin isə öz növbəsində qeyd edib ki, Qarabağda nəinki orada yaşayan əhalinin təhlükəsizliyinin təminatına dair, eləcə də ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı üçün artıq müəyyən razılaşmalar var. O, eləcə də qeyd edib ki, müəyyən mübahisələr, aparılmalı işlər var: "Prosesin sülh yolu ilə getməsi üçün, prosesdəki bütün tərəflərin maraqlarının təmin olunması üçün öz tərəfimizdən hər şeyi edəcəyik".

İqtisadi əlaqələr

V.Putin görüşdə qeyd edib ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri yaxşı diversifikasiya olunub, bu isə iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafı üçün zəmin yaradır.
"Bizim iqtisadi əlaqələrimiz kifayət qədər yaxşı diversifikasiya olunub. Bu, bundan sonra da irəliləmək üçün yaxşı zəmin yaradır. Sizə həssas və mənim fikrimcə, Azərbaycan üçün də vacib olan humanitar məsələlərin, ilk növbədə rus dilinin dəstəklənməsi və inkişafına aid məsələlərin həllinə görə minnətdarıq.
Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili aktiv şəkildə öyrədilir, biz, əlbəttə ki, bunu gələcəkdə də dəstəkləyəcəyik. Regional əlaqələr çox aktiv surətdə inkişaf edir", - Rusiya Prezidenti bildirib.

Müttəfiqlik Fəaliyyəti haqda Bəyannamədə 40-dan çox bənd var

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşündə bildirib ki, iki ölkənin müttəfiqlik fəaliyyəti haqda imzalanacaq bəyannamədə 40-dan çox bənd var, o, əməkdaşlığın vacib sahələrini əhatə edir.
"Bəyannamə kifayət qədər əhatəlidir. Orada 40-dan çox bənd var. Bizim qarşılıqlı fəaliyyətimizin ən vacib sahələrini əhatə edir. Və artıq bildirdiyim kimi, bizim gələcək ikitərəfli münasibətlərimiz üçün vacib əhəmiyyət kəsb edəcək", - İlham Əliyev deyib.
"Bu gün biz Müttəfiqlik Fəaliyyəti haqda Bəyannamə imzalayacağıq. Bu, aydın məsələdir ki, münasibətlərimizin inkişafında yeni mərhələdir və sözsüz ki, həmçinin ümumilikdə tam həll olunmamış, ancaq həlli yolunda irəlilədiyimiz Qarabağ məsələsinin nizamlanması sayəsində mümkün olub", - Rusiya Prezidenti öz növbəsində bildirib.

Ukrayna məsələsi

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə qeyd edib ki, "LXR" və "DXR"-in tanınmasından sonra Moskva Rusiyanın guya imperiyanı bərpa etməsi barədə spekulyasiyaların şahidi olub, ancaq bunlar həqiqətə uyğun deyil.
"Əlbəttə, sizin ziyarətinizdən istifadə edərək, sizi Ukrayna istiqamətində baş verənlər barədə məlumatlandırmaq istəyirəm. Bilirsiniz ki, dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq barədə qərar verib. Bəribaşdan demək istəyirəm ki, biz Rusiyanın əvvəlki sərhədləri daxilində imperiyanı bərpa etməsi barədə spekulyasiyaları görürük. Bu qətiyyən həqiqətə uyğun deyil. Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları tanıdı və postsovet mühitində yaranan bütün müstəqil dövlətlərlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi üzərində aktiv iş aparır", - Putin deyib.
O qeyd edib ki, Moskva ilə Kiyevin keyfiyyətli qarşılıqlı fəaliyyəti 2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verəndən sonra itib.
"Hətta çətin, çox çətin situasiyalarda, məsələn, Qarabağ münaqişəsi kimi, biz həmişə çox səliqəli davranmışıq. Bu prosesə cəlb olunmuş bütün dövlətlərin maraqlarını nəzərə alaraq. Və həmişə qarşılıqlı məqbul qərarların əldə olunmasına çalışmışıq. Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra bu ölkə ilə bu səviyyə və keyfiyyətdə qarşılıqlı fəaliyyət görmürük, o yoxa çıxıb. Vurğulamaq istəyirəm: məhz dövlət çevrilişindən, o adamların hakimiyyəti qanunsuz olaraq ələ keçirməsindən sonra", - Putin deyib.

Putinlə Tokayevin söhbəti

Rusiya Prezidenti həmçinin bildirib ki, İlham Əliyevin səfərindən öncə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıb.
"Bu gün sizin səfərinizdən öncə Qazaxıstan Prezidenti ilə danışmışam. Bu, Rusiyanın öz qonşularının suverenliyini dəstəkləməsi, onu hər cür mökəmləndirməsi barədə ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi bizim bu cür siyasətimizi təsdiqləyir. Biz Qazaxıstan rəhbərliyinin xahişi ilə onları xarici beynəlxalq terrorizm təhlükəsilə mübarizədə KTMT çərçivəsində dəstəklədik. Bu problem həll olunan kimi biz Qazaxıstan rəhbərliyinin xahişi ilə KTMT kontingentinin bütün hərbi qüvvələrini oradan çıxardıq və Qazaxıstanla bütün sahələrdə əməkdaşlığı davam etdiririk. Bunlar, şübhəsiz ki, həm Rusiyanın, həm Qazaxıstanın xeyrinədir", - Putin bildirib.
***
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0