CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün yollar Azərbaycana gətirir - VİDEO

© Photo : State Agency of Azerbaijan Automobile RoadsŞükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Artıq 14 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar
BAKI, 22 fevral — Sputnik. 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı "Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 14 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da 4385 km-i respublika əhəmiyyətli, 13157,6 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.

Ötən il Zəfər yolunun açılışı olub

2021-ci ilin noyabrın 7-də Zəfər yolunun açılışı olub və Prezident İlham Əliyev Zəfər yolunun açılışında iştirak edib.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

Zəngəzur dəhlizi

Zəngəzur dəhlizi – Zəngəzur (indiki Ermənistanın Sünik rayonu) ərazisindən keçən, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək nəqliyyat dəhlizidir.
Azərbaycandan Naxçıvana gedən və vaxtilə sökülən dəmir yolunun bərpası Qarabağla bağlı üçtərəfli bəyanatın tələblərindən biridir.
Ötən ilin oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin komponentlərindən birinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürür.
Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 80.7 km təşkil edir. Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır. Burda yüksəklik 1700 m-dən 3250 m-ə qədər artır. Bu cür yüksəklikdə qışda yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bu üzdən Murovdağ silsiləsinin altından 11.6 km-lik tunel ilə keçiləcək. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb.
Avtomobil yolu Kəlbəcər rayonunun bir-çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Qeyd edək ki, Zəfər yolunun layihələndirilməsi və tikintisinə 102,8 milyon manat, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun layihələndirilməsi və tikintisinə 143,7 milyon manat, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihələndirilməsi və tikintisinə 76,7 milyon manat vəsait yönəldilib.

Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir

Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.
Bu istiqamətdə hazırda AAYDA tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.
Görülən işlər çərçivəsində artıq yol boyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla icra olunur.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yol boyu yol nişanları, siqnal dirəkləri quraşdırılır. Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları" yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Ümumilikdə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0