NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda benzin istehsalı kəskin artıb - CƏDVƏL-VİDEO

© Sputnik / Alexey Sazonov / Mediabanka keçidYanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Pərakəndə ticarət dövriyyəsində istehlakçılara 182,4 milyon manat dəyərində benzin, dizel yanacağı satılıb. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 22 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3 faiz artıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvarda ölkədə 303,1 milyon manat dəyərində neft məhsulları istehsal edilib.
Bu dövrdə ölkədə 121,4 min ton avtomobil benzini, 187,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 40,8 faiz artıb, dizel yanacağının istehsalı isə 0,8 faiz azalıb.
Həmin dövrdə yanacaq mazutunun istehsalı 18,3 dəfə, sürtkü yağlarının istehsalı 20,7 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6 faiz, neft koksunun istehsalı ise 18,3 faiz azalıb. Yanvarda 33 min ton yanacaq mazutu, 3,5 min ton sürtkü yağları istehsal edilib.
Pərakəndə ticarət dövriyyəsində isə istehlakçılara 182,4 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.
Aİ-92 benzini idxal rüsumundan azad edilib
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növünün hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə, aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu güzəştlər fevralın 1-dən tətbiq olunur və bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
Neft Emalı Zavodunda təmir işləri aparılır
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövri təmir işləri ilə əlaqədar ölkəmizdə benzini istehsal edən qurğular işləmədiyindən bu yanacağın idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökumət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır.
Zavod Avro-5 standartına cavab verən dizel istehsal edəcək
O bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və sazlanma işləri aparılır: "İldə bir dəfə olmaqla zavodda bir çox qurğuların fəaliyyəti müvəqqəti dayandırılır. Dövri təmir işləri adətən bir ay və daha çox davam edə bilər. Ötən il dövri təmir işləri bəzi optimallaşdırma işlərinə görə aparılmayıb. Bu il isə zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavodun işi dayandırılmalıdır. Dövri təmir və sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək".
İ.Əhmədov vurğulayıb ki, zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına tam yetməyə də bilər. Buna görə də SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır.
Zavodda təmir işləri zamanı dizelin idxalına adətən ehtiyac yaranmır
"Zavodda təmir işləri aparılmasına baxmayaraq, dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilir", - deyə SOCAR rəsmisi əlavə edib.
Ötən il Aİ-92 benzinin qiyməti qalxıb
Onu da bildirək ki, Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə ötən ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
Xəbər lenti
0