CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib

© Photo : "Azərsu" ASCSu sayğacı, arxiv şəkli
Su sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” ASC-yə göstəriş verilib
BAKI, 21 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işə baxılması zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.
Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” ASC-yə göstəriş verilib.
Qeyd edək ki, qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.
Xatırladaq ki, ötə ilin dekabrında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinin yeni inşa etdiyi çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətini araşdırmağa başlayıb.
Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan MTK-lara satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılıb.
Xatırladaq ki, araşdırmaların aparılmasında məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınması olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0