CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının dərinləşən dərdi: Əlil olan üçün bu şəhərdə yer yoxdur?

© AFP 2023 / CHAIDEER MAHYUDDINFiziki əngəlli şəxs
Fiziki əngəlli şəxs - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Fiziki məhdudiyyətli şəxslər ictimai nəqliyyatda hərəkət etmək üçün ətrafdakılara möhtacdırlar.
BAKI, 20 fevral — Sputnik. Görmə, eşitmə, digər fiziki məhdudiyyəti olan şəxslər ictimai nəqliyyatda infrastruktur çatışmazlığından gileylidirlər. Problemlə bağlı Sputnik Azərbaycan-a müraciət edən görmə məhdudiyyətli Nazlı Əliyeva deyir ki, bir çox Avropa ölkələrində avtobus dayanacağa yaxınlaşanda səsli bildiriş aktivləşir. Belədə görmə məhdudiyyəti olan şəxs kiminsə köməyi olmadan rahatlıqla marşrut xətti üzrə gedəcəyi avtobusa yaxınlaşır.

Yeni avtobuslar daha sevindirmir: "səsi batıb"

Nazlı Əliyeva deyir ki, Azərbaycanda bu infrastruktur olmadığından eyni anda müxtəlif marşrut xətləri üzrə hərəkət edən avtobuslar dayanacağa yaxınlaşdıqda görmə məhdudiyyəti olan şəxs kimlərdənsə kömək almalı olur.
"Olur ki, kimsə düzgün məlumat vermir, ya da zamanında kimdənsə məlumat ala bilmədiyin üçün avtobusu ötürürsən. Bakı şəhərində nəqliyyatdan istifadə edən 10 mindən artıq gözdən əlil var. İlk illərdə yeni avtobusların gəlməsinə çox sevinmişdik ki, artıq kiminsə yardımına ehtiyacımız olmayacaq. Təəssüf ki, bir neçə aydan sonra səsləndirmə xidməti dayandırıldı.
Mən və mənim kimi gözdən əlil olan şəxslər problemlə əlaqədar dəfələrlə aidiyyəti üzrə müxtəlif qurumlara müraciət etdik. Həll edəcəklərini demişdilər. İllər ötsə də, ortada heç bir şey yoxdur, gözdən əlil şəxslər hələ də problemdən əziyyət çəkir, bəzən səhv marşruta minirlər, belə olan halda xərcləri daha artıq çıxır".
Nazlı Əliyeva kartlara vəsait yükləyərkən də problemlə qarşılaşdığını bildirib: "Başqa ölkələrdə belədir ki, karta vəsait yükləyəndə səsli kartınızda nə qədər vəsait olduğu və nə qədər yükləndiyi barədə səsli bildiriş olur. Bu halda kimdənsə kömək almağa ehtiyac qalmır. Mənim kimi bir çox şəxs karta vəsait yükləyib, aparat pulu götürsə də, vəsaiti balansa yükləməyib. Bir neçə gedişdən sonra bunu bildikdə heç nə etmək olmur".
O qeyd edir ki, ümumiyyətlə, dayanacaqdakı aparatlar çox vaxt işləmir: "Bundan başqa, yaxşı olardı ki, kartı vuranda nə qədər qalıq vəsaitin qaldığı səsləndirilsin".

Qəfildən metro lazım olsa?

O, metro ilə bağlı problemi dilə gətirib, deyib ki, stansiyalarda mini-liftlərin quraşdırılması gözəl olardı: "Düzdür, metropolitendə əlil arabasında olan şəxslərə xidmət var, lakin bunun üçün gərək 2 saat əvvəldən əlaqə saxlayasan, sifariş verəsən. Həmin şəxsə xidmət üçün könüllü ayrılır, əziyyətlə araba aşağı endirilir, yaranan vəziyyət çətinliyə səbəb olur. Bəs əlil arabasında olan şəxs qəfildən metroya minməli olsa, necə?"
Həmsöhbətimiz qeyd edir ki, çoxsaylı müraciətlərdən sonra müxtəlif yerlərdə panduslar quraşdırılıb, lakin onların əksəriyyəti yarımçıq, yaxud yararsızdır. Elə yerlər var ki, orada rezin zolaqlar var, ancaq bu cür məkanların sayı çox azdır".

Bəs qurumlar nə deyir?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında problemlə əlaqədar bildirib ki, əsaslı təmir olunan stansiyalarda görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün xüsusi taktil zolaqlar quraşdırılır: "Sonuncu belə stansiya "Cəfər Cabbarlı" stansiyasının təmir olunan platforma yoludur. Belə sarı zolaqların təmir edilən bütün stansiyalarda mütləq qaydada quraşdırılması nəzərdə tutulur".
Bəxtiyar Məmmədov deyir ki, əlil arabasında olan istifadəçilərin, ümumən metropolitendən istifadə imkanlarında hər hansısa məhdudiyyət olan sərnişinlər, o cümlədən ahıllar, əsa və qoltuqağacı, uşaq arabaları ilə hərəkət edənlər və s. sərnişinlər üçün 2019-cu ilin mart ayından Bakı metropolitenində xüsusi xidmət fəaliyyət göstərir. Sərnişinlər ayrılmış xüsusi mobil nömrə və ya mobil əlavə vasitəsilə sifariş verərək bu xidmətdən istifadə edə bilərlər. Hətta bu və digər səbəblərdən əlil arabası olmayanlar üçün ehtiyat əlil arabaları var.
O qeyd edir ki, əlil arabası istifadəçilərinin metropolitendən istifadə etməsi üçün dünya təcrübəsində olduğu kimi xüsusi texniki qurğulardan istifadə olunur: "Bütün qatarların baş vaqonlarında müvafiq yerlər var. Əlil arabası istifadəçisi metropoliten girişində qarşılanaraq mənzil başına çatana qədər xüsusi qrup müşayiət edir. Yeni xəttin stansiyalarında isə təməldən liftlər quraşdırılır. Hazırda Bənövşəyi xəttin hər 3 stansiyasında belə liftlər var".
Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan marşrut xətlərində bənzər problemlər yaşanır. Maraqlıdır ki, ilk istismara verildiyi vaxtlarda istiqamətlər səsləndirilsə də, bir müddətdir ki, sərnişinlər buna həsrət qalıblar. Yaranan vəziyyət isə yolu dəqiq bilməyən sərnişinlərlə yanaşı, görmə məhdudiyyəti olanlar üçün problem yaradır.
Qurumun mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhər nəqliyyat sistemində əlçatanlığın olması mütləqdir:
"Əlçatan nəqliyyat mühitinin mövcudluğu mobil şəhər prinsipləri baxımından vacibdir. Bütün bunları nəzərə alaraq BNA tərəfindən həm müntəzəm sərnişindaşımalar, həm də yol hərəkətinin təşkili istiqamətində mühüm layihələr icra edilməkdədir. Görülən işlər nəticəsində istismarda olan avtobusların 53%-də müyəssərlik təmin olunub.
Yəni, həmin avtobuslarda əlil arabası ilə olan sərnişinlərimizin rahat səyahət edə bilməsi üçün xüsusi yerlər var, pandus mexanizmləri mövcuddur. Ümumiyyətlə bildirim ki, avtobuslarla bağlı müəyyən olunan norma, standartlar var, hansı ki, Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiq edilib".
M.Ağayev qeyd edir ki, həmin qərarda avtobuslarda pandus mexanizmlərinin olması əsas şərt kimi irəli sürülüb: "Bundan əlavə, piyada əlçatanlığının təmin olunması çərçivəsində şəhər yollarında əlilliyi olan şəxslərin, xüsusi ilə əlil arabasında olan vətəndaşlarımızın rahat hərəkət etməsi üçün səkilərdə panduslar quraşdırılıb. 2017-ci ildən başlanılan belə işlər çərçivəsində 200-ə yaxın küçənin səkilərində panduslar quraşdırılıb, hazırda həmin işlər davam etməkdədir. Həmçinin, qeyd edə bilərəm ki, görmə imkanları məhdud vətəndaşlarımız üçün səkilərdə xüsusi taktil plitələr quraşdırılır".
M.Ağayev vurğulayır ki, ümumiyyətlə, son 6 ildə BNA tərəfindən təşkil edilən nəqliyyat infrastrukturunda əlçatanlıq mütləq qaydada nəzərə alınır: "Buna misal olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini göstərmək olar. Yollarda, xüsusən görmə imkanları məhdud şəxslərin yaşadığı ünvanlara yaxın ərazidə, işıqforlara xüsusi səs siqnalları quraşdırılır. Müyəssərliklə bağlı tədbirlərimiz davam edəcək, küçədə parklanma yerlərinin idarə olunması zamanı əlillərlə bağlı məsələlər mütləq qaydada nəzərə alınacaq. Dünya təcrübəsini öyrənirik, ən müasir texnoloji yeniliklərə əsaslanan yeniliklər şəhərimizə uyğunlaşdırılmaqla tətbiq edilir".
Avtobuslardakı dayanacaqların adlarının, küçə adlarının səsləndirilməməsinə gəlincə, M.Ağayev deyir ki, problem texniki məsələlərlə bağlıdır: "Hesab edirəm ki, müvafiq texniki məsələlər tam həllini tapdıqdan sonra yenidən aktivləşdiriləcək".
M.Ağayev bildirir ki, karantin vaxtı ekspress xətlər təşkil olunanda, avtobuslar tez-tez bir xətdən çıxarılıb digər xəttə verildikdə dayanacaqların səsləndirilməsi xidməti dayandırıldı: "Çünki bu gün avtobus bir xətdə, səhəri gün başqa bir xətdə işləyirdi. Çaşqınlıq yaranmasın deyə həmin xidmət deaktiv edilmişdi. Həmin xidmətin tam nizama düşməsi və aktiv olması üçün müəyyən vaxt lazımdır ki, texniki məsələlər həllini tapsın".
Belə olan halda isə görmə məhdudiyyəti olanlara hələ də gözləmək qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0