DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB KTMT-də kollektiv müşahidəçi statusu ala bilərmi – ekspert rəyi

© Sputnik / Viktor TolochkoMDB bayraqları
MDB bayraqları - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Fərhad Məmmədov bu fikirdədir ki, Azərbaycan öz neytral mövqeyinə dəyər versə də, ölkə elə bir vəziyyətdədir ki, xarici siyasətdə yanaşmaları yeniləmək tələb olunur.
İvan Zuyev
MDB ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) kollektiv müşahidəçi statusu almaq imkanını gözdən keçirirlər. MDB İcraiyyə komitəsinin katib köməkçisi Leonid Anfimov bildirib ki, bu məsələ cari həftədə Minskdə, MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri Şurasının iclasında müzakirə olunub.
MDB və KTMT-yə kimlər daxildir
Hazırda MDB-yə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna daxildir. Sonuncu, demək olar ki, Birliyin layihələrindəki iştirakını dayandırıb və bir sıra MDB razılaşmalarından çıxıb, 2018-ci ilin avqustunda isə MDB-nin nizamnamə orqanlarındakı nümayəndəliyini bağlayıb.
Ancaq de-yure Ukrayna təşkilatın tərkibindədir.
2005-ci ildə Türkmənistan Birliyin assosiasiya üzv-müşahidəçisi olub, belə bir xüsusi statusu ölkə özünün neytrallığına istinadən xahiş edib (Türkmənistan 1991-ci ildə Birliyi yaradanlardan olub).
KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan daxildir. Vaxtı ilə KTMT-ni Özbəkistanla Azərbaycan, eləcə də MDB-dən çıxan Gürcüstan tərk ediblər.
Yəni hazırda hərbi-siyasi KTMT-yə daxil olmayan MDB üzvləri Azərbaycan, Moldova, Özbəkistan və Ukraynadır.
Moldova və Ukraynanın hazırkı hakimiyyətinin qərbyönümlü siyasətini və sonuncunun MDB-dəki qeyri-müəyyən statusunu nəzərə aldıqda aydındır ki, KTMT-yə hansısa qoşulma həddən artıq qəliz məsələdir.
MDB üçün KTMT-də kollektiv müşahidəçi statusu təşəbbüsünün müzakirəsi hələlik qapalı rejimdə aparılır. Daşkənd Ma`no Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru, politoloq Baxtiyor Erqaşevin fikrincə, bu da aydındır, çünki bəzi məsələlərdə ölkələrin mövqeyi xeyli fərqlənir.
KTMT-də müşahidəçi statusunu necə almalı və bu nəyə lazımdır
KTMT-də müşahidəçi statusu haqda müddəada qeyd olunur ki, onu təşkilatın təcrübi tədbirlərində iştirak öhdəliyi götürmədən onun iş təcrübəsi və fəaliyyət qaydalarını öyrənməkdə maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar ala bilərlər. Bu zaman namizəd təşkilat özü yalnız BMT nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ qərarları çərçivəsində işləyə bilər, eləcə də o, beynəlxalq hüququn aliliyinin rəhbər tutmalı, ərazi, millətlərarası və siyasi mübahisələrin həllində yalnız sülh yolunun tərəfdarı olmalıdır. Bundan başqa, namizəd təşkilatın bu işi KTMT-də qəbul olunan sənədlərə zidd olmamalıdır.
Əgər MDB müşahidəçi statusu almaq üşün ərizə göndərərsə, qərarı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katiblərinin Komitəsi ilə məşvərətdən sonra verə bilər.
Müşahidəçi statusu KTMT-nin tədbirlərində iştirak hüququ, eləcə də müxtəlif məsələlərdə təşkilatın rəhbər orqanları və üzv ölkələrilə məşvərət aparmağa hüquq verir. Bu zaman müşahidəçi KTMT-nin və ya onun iştirakçı ölkələrinin maraqlarına ziyan vura biləcək fəaliyyət və çıxışlardan çəkinmə öhdəliyi götürür.
Müşahidəçi statusu MDB-nin nəyinə lazımdır? – Ekspert rəyi
Baxtiyor Erqaşev hesab edir ki, MDB və KTMT platformalarında dialoqun aktivləşməsi dünya siyasətindəki qlobal proseslərin nəticəsidir. Onun fikrincə, Asiya bölgəsində və Yaxın Şərqdə təhlükəsizlik vakuumu yaranıb və o, sürətlə dolmaqdadır. Qazaxıstan və Əfqanıstandakı böhran göstərdi ki, köhnə birqütblü dünya reseptləri reallığa uyğun gəlmir.
“ABŞ-ın Əfqanıstanı tərk etməsilə qarşılıqlı cilovlama və tarazlıq sistemləri sıradan çıxdı. Makroregionda təhlükəsizlik çatışmazlığı, müəyyən vakuum yaranıb deyə bilərik. Vakuum ola bilməz, o doldurulmalıdır və dolur da. Demək olar ki, Amerika amilinin olmadığı, digər regional güc mərkəzlərinin, xüsusən Rusiya və Çin amilinin təzahür etdiyi bir zamanda regional və makroregional təhlükəsizlik konturlarının formalaşması çox aktiv surətdə gedir”, - Baxtiyor Erqaşev deyir.
Belarus politoloq Aleksey Dzermant isə xatırladır ki, KTMT-də müşahidəçi statusu, özü də beynəlxalq təşkilat üzvü qismində, avtomatik olaraq təşkilata üzvlük demək deyil.
“Kollektiv müşahidə - təşkilatların qarşılıqlı fəaliyyətinin, doğrudan da, yeni formasıdır. Burada vacib olan cəhət budur ki, bunun avtomatik üzvlük olmadığı, yaxud da dövlətlərin statuslarının kəskin dəyişmədiyi nəzərə alınmaqla MDB ölkələrinin konsensus qərarı olacaqmı.
İkinci məsələ - bunun MDB iştirakçılarının özünə və iştirakçı dövlətlərə nə verdiyini dəyərləndirmək lazımdır. Ümumilikdə isə əlahiddə bir şey təklif olunmayıb, heç kəs velosiped icad eləmir. Bilirik ki, məsələn, Avropa İttifaqı və ya ATƏT bir çox qurumlarda müşahidəçi kimi iştirak edir”, - Aleksey Dzermant deyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Siyasi Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, Azərbaycan öz neytral mövqeyinə dəyər versə də, ölkə elə bir vəziyyətdədir ki, xarici siyasətdə yanaşmaları yeniləmək tələb olunur:
“Azərbaycan Qoşulmama Hərəkatının üzvü və hazırda sədridir. Bu, hansısa hərbi bloklara qoşulmaq istəməyən ölkələrin hərəkatıdır. Eyni zamanda Azərbaycanın KTMT və NATO ölkələri ilə yaxın münasibətləri və hərbi-texniki əməkdaşlığı mövcuddur. Burada qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra yeni reallıqlar formalaşıb. Bunlara müvafiq olaraq da Azərbaycan müharibədən əvvəl mümkün olmayan addımları indi ata bilər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0