CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət dünyanın hər yerində ən pis idarəedicidir - Ekspert

© Drew Angerer/Getty Images/AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Ekspert deyir ki, hökumət müxtəlif dövlət qurumlarını kommersiya qurumlarına çevirməklə xərclərini azaltmağa çalışır.
BAKI, 19 fevral — Sputnik. Azərbaycanda son vaxtlar dövlətə məxsus idarə, müəssisə və təşkilatların təşkilati-hüquqi formasını dəyişərək kommersiya qurumuna çevrilməsi, başqa sözlə, dövlət şirkətlərinin sayının artması müşahidə olunur.
Məsələn, bu günlərdə Prezidentin İşlər İdarəsinə məxsus "Azərbaycan" Nəşriyyatı təxminən 4 milyon manat nizamnamə kapitalı ilə eyni adlı MMC-yə çevrilib. Fevralın 14-də isə Hökumət Evinin idarə edilməsi ilə məşğul olan İnzibati binaların istismarı idarəsi şirkətə çevriləcəyini elan edib.
Bəs bu tendensiya nədən xəbər verir? Azərbaycanda dövlət şirkətlərinin sayı niyə artır? Bunun hansı müsbət və mənfi cəhətləri var? Sputnik Azərbaycan-ın məlumatına görə, Report məsələni araşdırıb.
iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, hökumət müxtəlif dövlət qurumlarını kommersiya qurumlarına çevirməklə yükünü (xərclərini) azaltmağa çalışır: "Dövlət qurumlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılır ki, onlar xərclərini özləri ödəsinlər və dövlət büdcəsindən asılı olmasınlar. Dövlətə məxsus xeyli sayda xidmət var və onların göstərilməsi üçün bəzən vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb olunur, toplanılan pullar isə kiminsə cibinə gedir. MMC olduqda isə həmin ödənişlər rəsmiləşir və qurumun xərclərinin ödənilməsinə yönəldilir. Bu baxımdan dövlət idarələrinin kommersiya təşkilatlarına çevrilməsi müsbət qiymətləndirilə bilər".

Sahibkarlıqda dövlətin payı artır

Bununla belə, R.Həsənovun sözlərinə görə, dövlət şirkətlərinin sayının artmasının mənfi tərəfi də var: "Belə olduqda dövlət sahibkarlıq fəaliyyəti ilə çox məşğul olur. Halbuki dünya təcrübəsində dövlətin tənzimləyici funksiya yerinə yetirməsi daha effektiv sayılır, nəinki sahibkarlıq fəaliyyəti göstərməsi. Bu, heç vaxt özünü doğrultmur.
Dövlət dünyanın hər yerində ən pis idarəedicidir. Çünki burada dövr edilən vəsaitlər ictimai vəsaitlərdir. Milton Fridmanın pulun idarəedilməsi ilə bağlı məşhur yanaşmasına görə, başqasının pulunu başqasının məqsədləri üçün idarə edəndə ən pis idareəetmə metodu ortaya çıxır. Bu baxımdan dövlət idarələrinin kommersiya təşkilatlarına çevrilməsi mənfi qiymətləndirilə bilər".
Azərbaycanda dövlət şirkətlərinin sayının artmasına paralel olaraq onların sayının azalması tendensiyası da var. Məsələn, ötən ilin noyabr ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azərtütün" ASC özəlləşdirilib və bu addım gələcəkdə Korporasiyanın digər şirkətləri ilə bağlı da atıla bilər. Odur ki, bu gün yeni yaradılan dövlət şirkətlərinin gələcəkdə "özəl əl"lərə keçəcəyi istisna deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0