CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən bioloji nümunə götürülüb

© Depositphotos.com / Vchalup2DNT testi
DNT testi - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Bu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb.
BAKI, 17 fevral — Sputnik. Ötən əsrin 90-cı illərində münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb. Qeyd edilib ki, 793 bioloji referent nümunəsi insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən götürülüb.
Xatırladaq ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
© Sputnik / Leyla AbdullayevaQubada məzarlıq
Qubada məzarlıq - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Qubada məzarlıq
Gəncədə də naməlum məzarlar açılıb
Onu da xatırladaq ki, Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbirləri ekshumasiya edilib. Şəhidlər xiyabanında olan 49 naməlum qəbirdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.
Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.
Naməlum şəhid qəbirlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.
Ölmüş şəxsin ekshumasiyası qaydaları
Məlumat üçün bildirək ki, ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na görə, ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; bu qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə "Şəhid" adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu olduqda reallaşacaq.
Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 (üç) ildən, qumlu quru qrunt ərazidə isə 1 (bir) ildən tez olmayaraq icazə verilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir.
Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda, bu Qaydalarla müəyyən edilmiş tələblər gözlənilməlidir. Qeyd edək ki, bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir.
Bu Qaydaların tələblərinə riayət olunmasına ictimai nəzarət fiziki şəxslər, dini icmalar və vətəndaş cəmiyyəti təsisatları tərəfindən həyata keçirilir. Bu Qaydalar qüvvəyə minənədək salınmış qəbiristanlıqlarda aparılmış dəfnlər barədə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş məlumatlar 6 (altı) ay müddətində müvafiq qəbiristanlığın müdiriyyəti tərəfindən dəfnlərin vahid dövlət reyestrinə daxil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0