Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbliləri repetitorlara doğru necə qovuruq?

© Photo : Baku city Education Departmentrepetitor
repetitor - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Bəziləri hesab edirlər ki, tədris prosesində proqramın ağırlıq dərəcəsi, dərs yükünün çoxluğu bu prosesi yalnız məşəqqətli edir.
“Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə təhsilimə ara verdim”.
Bernard Şou
Sağlam cüssəli finlandiyalılar dünyanın ən xoşbəxt xalqlarındandır. Ölkələri də dinamik, stabil inkişaf edir. Təhsil təcrübələri isə nümunədir - uşaqlar yüklənmir, əylənərək öyrənmək bu ölkənin təhsil sisteminin əsas postulatıdır, yəni uşaqlar evdə valideynləri ilə birgə ev tapşırıqlarının altında çabalamır, məktəbdə müəllim onların "gözünü çıxarmır"... və istədiklərinə də nail olurlar.
Bəs biz təhsil sistemimizi, ən əsası dərsliklərimizdə xüsusi ilə son dövrlərdə sosial mediada tez-tez müzakirə olunan mürəkkəbliklərdən necə xilas edək?
Növbəti qəbul imtahanlarına yaxınlaşdığımız bu həftələrdə aşağı siniflərin ev tapşırıqları barədə paylaşımlara, valideynlərin giley-güzarlarına da daha çox rast gəlirik.
***
Dünyanın bütün qabaqcıl xalqları öz hədəflərinə, ixtiralara elmin, təhsilin, əldə etdikləri biliklərin hesabına çatıblar. Yaponlar atom bombalarından, Almaniya iki dünya müharibəsindən sonra məhz elmə üz tutaraq iqtisadi sıçrayış əldə ediblər.
***
Elmin inkişafı fərdlərin təhsilindən asılıdır. Təhsil insana daxili əmniyyət, cəmiyyətdə mövqelənmə verməklə yanaşı, həmin fərdlərin aid olduğu cəmiyyəti "cəhalət dənizində" boğulmadan xilas edir. Yəni bir növ qarşılıqlı proses nəhəng dalğa yaradır.
“Təhsil öyrədilən hər şey unudulduqdan sonra qalan şeydir”, - böyük mütəfəkkirlərdən biri deyib. Qayıdaq valideynlərin narazılığına. Son illər təhsilin kurikulum metoduna keçməsi və digər innovativ metodlara əsaslanan tədris sisteminin tətbiqi çox da birmənalı qarşılanmır. Bəziləri hesab edirlər ki, tədris prosesində proqramın ağırlıq dərəcəsi, dərs yükünün çoxluğu bu prosesi yalnız məşəqqətli edir.
Xüsusən də ibtidai sinif proqramının bu qədər mürəkkəb və yüklü olması məktəbə yeni başlayan şagirdlərdə iyrənmə, valideynlərdə isə işgəncə hissindən başqa bir hissi aşılamır. İbtidai siniflərə qəbul yaşının 7 yaşdan 6 yaşa endirilməsi yeni tədris metoduna hazırlıqsız olan ailələrin övladları üçün xüsusi ilə çətinlik yaradan əsas amillərdən biridir. Gecə yarısına qədər gözüyaşlı dərs hazırlayan, səhərin alaqaranlıq çağında yuxudan oyanıb məktəbə gedən, keçirilən yeni mövzunu 35-40 uşağın içində mənimsəyə bilməyən və valideyninin üzərinə bir xurcun dərs tapşırığı ilə qayıdan "xroniki yorğun" uşaqların nəsli yetişməkdədir. Gəlin dərsliklərdə olan ağırlıq dərəcəsi çətin tipli tapşırıqlardan bir neçəsinə baxaq.
Toplananlardan biri 8, digəri isə 7-dir. Hansı ifadə böyük toplananı 10-a tamamlamaqla toplamanı ifadə edir?
a) 8+1+6 b)8+2+5 c)8+3+4
Bu tapşırığın şərtindəki sualın qoyuluş tərzi yanıltmac tipli olduğundan birinci sinif şagirdi, təbii ki, başını tutub valideyninin yanına qaçacaq.
Növbəti tapşırıq:
"Elektrik" sözünün düzgün yazılış qaydası hansı bənddə verilmişdir?
a) elektirik
b) elektrik
c) eliktirik
Və ya bu:
Düzgün yazılan sözlərin qarşısında :_: səhv yazılan sözlərin qarşısında isə - _- simvolu qoyun.
inab, baba, bəna, ilam, təbil, manət, alim, ilmə.
Sonuncu tapşırıqdakı sözlərin elələri var ki, 50 yaşlı adamlar tapa bilərik ki, o sözlərin mənasını bilmir, biz isə 6 yaşlı, oyuncaqlarından ayrılmamış uşaqdan o sözlərin necə yazılmasını soruşuruq...
Göründüyü kimi, tapşırıq nümunələri aşağı yaş qruplarında olan uşaqlar üçün nəinki çətinlik yaradır, həm də onların həlli zamanı çaşqınlıq yaradaraq uşağı valideyndən asılı vəziyyətə salır. Düşünmək lazımdır ki, gərgin iş qrafikinin sonunda saatlarla övladına yenidən bu kimi tapşırıq nümunələrini izah edən valideynlərin sayı aramızda kifayət qədərdir. Gündən-günə sayı artmaqda olan kursların, repetitor və fərdi müəllim hazırlığına gedən uşaqların sayının artması elə bu tədris proqramlarının çətinliyinin nəticəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0