CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu pensiyaçıların pensiyaları artırılıb

© Sputnik / © Sputnik / Elvin AhmadManat
Manat - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən bir onun pensiyası artırılır.
BAKI, 16 fevral — Sputnik. 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb.
Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur.
Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir.

Pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb

Qeyd edək ki, 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılıb, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə verilib.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci ildə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.
Artımla bərabər, sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci ildə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblərə bölünməklə pensiyaçılara ödəniləcək, ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə verilib.

Artımlar təxminən 9 faiz təşkil edəcək

Beləliklə, artımlar pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.
Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci ildə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu, pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması, maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. Həmin məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0