Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Novruz: adət və ənənələr - VİDEO

© Sputnik / Murad OrujovBakıda səməni
Bakıda səməni - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Azərbaycanda yazın gəlişi ilə bağlı xeyli adət-ənənə qorunub saxlanıb. Novruz bayramına isə martdan da əvvəl hazırlıq görülür.
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində, gecə ilə gündüzün bərabərləşdiyi gündə qədim zamanlardan bir sıra xalqlar, o cümlədən əcdadlarımız da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər.
Günümüzə də yansıyan bu şənliklər təkcə Azərbaycanda deyil, həmçinin İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə şənliklə kifayətlənmir: həmin gün onlarda təqvimin ilk günü hesab olunur, yəni təzə il 21 mart tarixində başlayır.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib.

"Xızır Nəbi" bayramı – yazın ilk müjdəçisi

"Xızır Nəbi" xalqımızın ən qədim bayramlarındandır. Yazın müjdəçisi olan bayramı ölkəmizdə ən təmtəraqlı qarşılayan bölgələrdən biri qərb zonasıdır.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri özünəməxsus tarixi adət-ənənələrini yaşadırlar. Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qeyd edirlər. Belə ki, kiçik çillənin sonuncu ongünlüyü fevralın əvvəlində bitir və həmin vaxtdan yazın müjdəçisi olan Xızır gecələri başlayır.
Xızır peyğəmbərin adı ilə bağlı olan bu gecə yüz illərdir hər ilin bu günü bayram kimi keçirilir. “Xızır Nəbi gecəsi”, “Xızır bayramı”, “Xızır baba”, “Xızır İlyas” kimi adlandırılan bayram uşaqdan-böyüyə, cavandan-qocaya bütün elliklə qeyd edilir.
Hər il eyni tarixi bayram etməyi adət halına salan sakinlərə hətta rayonun qonşu kəndləri də qoşulurlar. İnsanlar bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerində - inanc yeri olan xan çinarının ətrafına toplaşaraq qeyd edirlər. Burada tonqal yandırır, niyyət tutaraq çinarın ətrafına dövrə vurur, nəzir paylayırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi sevinclə keçirirlər. Evlərdə şirniyyat bişirilir, bayram tonqalları yandırılır.

Novruz çərşənbələri

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir.
Tədqiqatçıların araşdırmalarına görə, qədimdən Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Su çərşənbəsi; 2) Od çərşənbəsi; 3) Yel çərşənbəsi; 4) Torpaq (İlaxır) çərşənbəsi.
Su çərşənbəsindən bir həftə əvvəl isə bəzi yerlərdə Yalançı çərşənbə qeyd olunur.
Çərşənbələrdə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanə və rəvayətlər var.
Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə, həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar.
Od çərşənbəsində həyətlərdə mütləq tonqallar yanır, hər kəs ötən ilin ağrısını, azarını tonqalın üstündən tullanaraq odlara verməyə çalışır. Bu çərşənbəni ölkəmizdə bir vaxtlar geniş yayılmış atəşpərəstliklə bağlayanlar da az deyil.
Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnanca görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası sayılır. Deməli, Torpaq çərşənbəsi də torpağın oyanması ilə dirilmə, canlanma yükü daşıyır.
İlaxır çərşənbə özündən əvvəlki çərşənbələrin adətlərini bir növ özündə birləşdirib. Məsələn, su və tonqalla bağlı adətləri.
İlaxır çərşənbədə plov dəmlənməsi, papaq atma, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, tonqal ətrafında yallı getmə və bir çox adət-ənənələr var.
Ümumiyyətlə, Çərşənbə günlərində, xüsusilə bu son dördündə gecə vaxtı diqqətli olmaq, təbiətə (təbiət ruhlarına) hörmətsizlik etməmək tövsiyə edilir. Həmin günlərdə acı, pis, bədbin sözlər demək olmaz – çünki kimsə qulaq falına çıxarsa, bu sözləri eşitsə, ürəyində tutduğu niyyəti puç olar.
Azəbaycanın Cənub bölgəsində, xüsusən Lənkəranda İlaxır çərşənbə günü səhər sübhdən hamı “Su üstünə” gedər. Lənkəran şəhəri əhalisinin çoxu Lənkərançayın Sütəmurdov kəndi ərazisindən keçən hissəsinə gedir.
Çaya gedənlər özləri ilə saxsıdan hazırlanmış bardaq götürərək çaydan su götürüb əl-üzlərini yuyar, bir-birlərinin bayramlarını təbrik edərlər. Qızlar saçlarından kəsib suya ataraq Allahdan saçlarının çay kimi gur və gözəl olmasını diləyərlər.
Lənkəranlılar bu adəti müxtəlif cür izah edirlər. Susuz yaşamağın mümkünsüzlüyünü və suyun həyat mənbəyi olduğunu deyən sakinlər adəti üzrə çay suyunu bardaqlara dolduraraq evlərinə aparırlar. Həmin sudan evin böyüyü otaqların künclərinə, ailə üzvlərinin üstünə səpəndən sonra niyyət edərək xeyir-dualar verilir.
Qarabağda İlaxır çərşənbə günü tezdən qız-gəlinlər bulağa gedər, başı yerə dəyən söyüd ağacı görsələr, niyyət edib, ora dəsmal bağlayarlar. Budaq göyə qalxarsa, niyyətlərinin gerçək olacağını düşünərlər.

Novruzun simvolu olan səməni halvası

Səməni halvası, bəlkə, ən qədim və faydalı şirniyyat növlərindən biridir. Heç bir şirinləşdirici əlavə edilmədən hazırlanan bu dadlı halvanın tərkibi sadə olsa da, hazırlanması olduqca çətindir.
Adətən bu halva xüsusi günlərdə, əsasən də Novruz bayramı ərəfəsində bişirilir. Bütün ailənin qadınları bir yerə toplaşar, niyyət edər və növbə ilə böyük qazanı qarışdıra-qarışdıra halvanı bişirərlər.
Səməni halvası ilə bağlı bəzi mərasimlər də olub. Məsələn, böyük çillənin başlanğıcında insanlar qışdan qorxmadıqlarını nümayiş etdirməkçün səməni halvası bişirərmişlər. Halvanın ununu yeddi evdən götürər, bişirəndə içinə badam, olmadıqda isə fındıq qatarmışlar. Elə əsl mərasim də bundan sonra başlarmış. Qadınlar səməni tavasının başına dolanıb yallı gedər və səs-səsə verib oxuyarmışlar:
Səməni, saxla məni,
İldə cücərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam.
Səməni, bezana gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Halva hazır olandan sonra onu evlərə paylayarmışlar.

Novruzun şirin atributları

Bu bayramın əsas simvolları ənənəvi şirniyyatlarda - şəkərbura, paxlava və qoğalda yaşadılır. Səməni və boyanmış yumurta isə bayramın vazkeçilməz atributlarıdır. Şəkərbura təzə ayın, paxlava ulduzların, qoğal isə günəşin rəmzidir.
İnanca görə, azərbaycanlıların bayram süfrəsində “s” hərfi ilə başlayan yeddi məhsul olmalıdır.
Əvvəlki dövrlərdə yaz bayramında süfrəyə “şin” (ş) hərfi ilə başlayan təamlar qoyularmış: şərbət, şəkər, şərab, şəkərbura və s. Sonralar İslam dönəmində şərab yasaq olduğundan süfrəyə adı “şin” (ş) hərfi ilə deyil, “sin” (s) ilə başlayan nemətlərin qoyulması məqsədyönlü bilindi: su, süd, səməni, sünbül, sucuq, siyənək balığı (yaxud səbzi-göyərti), süzmə.
Süfrəyə acı, şor, turş nemətlər qoyulmamalıdır. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq və s. Hətta bəzi mənbələr şorqoğalının da qoyulmasını düzgün hesab etmir.
Süfrədə çörək mütləq olmalıdır. Çünki çörək bərəkətin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.

Novruz adətləri: papaqatma və ya şal sallama

Şal sallamaq adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin məzmunca eynidir. İlaxır çərşənbə axşamı onlar bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedib, şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayardılar. Razı olmasalar, dəsmala şirni qoyub geri qaytarardılar.
Bayram idi, gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Məhəmmədhüseyn Şəhriyar “Heydərbabaya salam”
Axır çərşənbə və Novruz axşamı kəndin ağsaqqalları evində hüznü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhməz, meyvə, noğul və s. qoyulardı. Səməni xonçasını aparanlar boynuna keçirdiyi torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaq idi.

Xoruz döyüşü

Novruz bayramı ərəfəsində xoruz həvəskarları xoruzlarını döyüşdürmək üçün kənddə meydana toplaşarlar. Döyüş "meydan" deyilən məkanda təşkil edilər. "Meydan" deyilən yer əslində bazarın bir hissəsidir. “Rinqə” çıxanadək "döyüşçü"lər onlar üçün düzəldilmiş xüsusi qutularda saxlanılır.
Xoruzların rinqdən əvvəl vuruşmaması üçün onlara ayrı-ayrı yer verilir. Deyilənə görə, döyüşçü xoruzlar banlamağa başlayandan onları ayrı-ayrı yerlərdə saxlamaq lazımdır.
Rəqiblər əvvəlcədən təyin edilir. Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.

Novruz tamaşaları

Novruz bayramı ərəfəsində "Kosa-Keçəl" ən populyar tamaşalardandır. Əsas personajlar Keçəl, Kosa və keçi məzhəkəli formada yazla qışın bir-birilə mübarizəsini göstərirlər.
“Kosa-kosa” tamaşası isə Qarabağda geniş yayılmışdı, İlaxır çərşənbə günündə oynanılardı. Bu tamaşada Kosa, onun köməkçisi olan ikinci bir Kosa və Keçi iştirak edirdi. Çox zaman köməkçi olan ikinci Kosanın əvəzinə səhnəyə Yalançı pəhləvan çıxırdı. Yalançı pəhləvan indi sirklərdə çıxış edən təlxəyi xatırladırdı. Kosa üzünə maska taxır, başına şiş papaq qoyur, geydiyi uzun ləbbadənin altına yoğun qurşaq sarıyır, zınqırovlar asır, çömçə götürürdü. Onun üzünə taxdığı maskada isə kosalıq əlamətləri özünü aydın göstərirdi.
Personajlar camaatı əyləndirib güldürəndən sonra nəğmələr oxuyaraq evlərdən pay yığar, yığılan payı bölüb yeyərdilər.
Novruzda həmçinin böyük şəhərlərdə kəndirbazlar oyun göstərər, zorxana təşkil olunar, daha çox Kəlbəcərdə populyar olan, əsasən toy mərasimlərinin tamaşaları sayılan “Maral oyunu”, “Kilimarası” nümayiş olunardı.

Novruz oyunları

“Qodu-qodu” oyun-tamaşasında kənd cavanları üzərinə qırmızı şilə (pambıq parça) çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar:
Qodu gəldi, dindirin,
Qodunu ata mindirin.
Qodu gün çıxartmasa,
Vurun onu, sındırın.
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan keçəndə
Qırmızı gün gördünmü?
“Kos-kosa” oyununda isə cavanlar yoldaşlarından birini kosa şəklində bəzəyirlər. Üzünə maska taxır, əyninə cındır paltar geydirir, belinə kəndir bağlayırlar. Kəndirin bir ucu başçının əlində olur. Kosanın üst-başına zınqırov düzürlər. Qapı-qapı gəzdirib oynadır, pay yığırlar. Cavanlardan biri qaval çala-çala oxuyur:
Qorxmayın, kosa gəldi,
Əlində hasa gəldi.
Kosa gedər Mərəndə,
Tamaşadan gələndə
Kosam min oyun eylər,
Quzunu qoyun eylər.
Yığar talış düyüsün,
Mahmudun toyun eylər və s.
Sözlər qurtarandan sonra Kosa daha tullanıb oyun çıxarmır və başçının əmri ilə “kos-kosa” dedikdə yerə yıxılıb küsür. Daha sonra başçı üzünü Kosaya tutub ona suallar verir və cavab alır:
– Kosa, nə istəyirsən?
– Pissi (pul).
– Daha nə istəyirsən?
– Qaqqa.
– Daha nə istəyirsən?
– Billə (şirni).
Pul, şirni, yumurta və s. alıb, ev sahibinə dua eləyib gedirlər. Bəzi rayonlarda payı bölüşür, bəzilərində isə şənlik keçirir, orada yeyirlər.
Novruz ilin ən gözlənilən, sevimli bayramıdır. Sizin də yeni gününüz qutlu, süfrəniz ruzulu, səmanız aydın olsun!
Xəbər lenti
0