Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta haqqı ödəyənlər niyə ondan könüllü imtina edirlər?

© AFP 2024 / CRISTIAN HERNANDEZHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
İcbari tibbi sığorta haqqı ödəyən vətəndaş tibbi sığorta xidmətindən könüllü imtina edib, cibindən vəsait ödəyərək özəl klinikalarda tibbi xidmət almalı olur.
BAKI, 14 fevral — Sputnik. Bir ilə yaxındır ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edilsə də, özəl tibb müəssisələrinə axın azalmayıb. Bunun əsas səbəblərindən biri məhz icbari tibbi sığortanın şamil edildiyi tibb müəssisələrində tibbi avadanlığın lazımi səviyyədə olmamasıdırsa, digər əsas səbəblərdən biri də məhz bu tibb müəssisələrində xaricdə təhsil almış ixtisaslı kadrların olmamasıdır.
Xaricdə tibbi təhsil alanların özəl tibb müəssisələrində çalışması vətəndaşları bu xəstəxanalara üz tutmağa vadar edir. Nəticədə icbari tibbi sığorta haqqı ödəyən vətəndaş tibbi sığorta xidmətindən könüllü imtina edərək, cibindən vəsait ödəyərək özəl klinikalarda tibbi xidmət almalı olur.
Artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu problemin qarşısını almağa hədəflənən proqramı təsdiq edib. Agentlik vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram"nına əsasən dövlət xəstəxanalarında kadr çatışmazlığını aradan qaldırmaq üçün Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsini nəzərdə tutur. Belə həkimlər müalicə işi ilə yanaşı, Azərbaycanda yerli kadrlara xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsinə də dəstək olacaqlar.
Bəs görəsən, bu icbari tibbi sığortada tibbi xidmətin keyfiyyətinə necə təsir göstərəcək? İcbari tibbi sığortanın şamil edildiyi tibb müəssisələrində hansı ixtisaslar üzrə xaricdə təhsil almış həkimlərə ehtiyac var?

Xaricdə təhsil almış həkimlər dövlət xəstəxanalarında işləyəcəklər

Agentliyin Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirilib ki, Proqrama əsasən, dövlət xəstəxanalarında kadr çatışmazlığını aradan qaldırmaq üçün Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsi nəzərdə tutulur.
Proqramın tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan vermək kimi bir sıra üstünlükləri var: "Sözügedən Proqramın icrası tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qalxmasına imkan yaradacaq. Ölkəyə cərrahi, radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etmək səhiyyənin inkişafına xidmət etmiş olacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur. Bununla yanaşı, tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə yerli həkimlərin ixtisaslarını, bilik və bacarıqlarını artırmağa, müasir texnologiyalarla iş prinsiplərini öyrənməyə ehtiyacları var. Avropa İttifaqı ölkələri, ABŞ, Türkiyə Cümhuriyyətində təhsil almış azərbaycanlı həkim-mütəxəssislər bu məsuliyyətli işi öz üzərilərinə götürmüş olacaqlar".

Xaricdə invaziv radioloq, torokal cərrah, neonatoloq hazırlanacaq

Agentlik bildirir ki, layihəyə qatılacaq həkimlərin 90%-dən çoxu Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarıdır. Sonradan həmin məzunlar akademik təhsilini xaricdə davam etdirib, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıraraq səhiyyənin ən son nailiyyətlərinə yiyələniblər: "Həkim-mütəxəssislər xarici təcrübəni, müasir müayinə-müalicə metodlarını tibb müəssisələrində çalışan yerli kadrlarla bölüşəcəklər, onların ixtisasları üzrə bilik və bacarıqlarının artmasına töhfə verəcəklər. Nəticədə ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etməklə səhiyyənin inkişafına imkan yaranacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur. Həmin sahələrə invaziv radioloq, torokal cərrah, neonatoloq və s. daxildir".

Hər il 100 həkim xaricə təhsil üçün göndəriləcək

O ki qaldı həmin mütəxəssislərin işə qəbuluna, İTSDA-dan bildirildi ki, proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq və seçim zamanı şəffaflıq prinsipləri qorunacaqdır:
"Seçim zamanı üstünlük Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə verilir. Proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin-(cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur. Proqram üzrə bir həkim-mütəxəssis üçün əmək haqlarının ödənilməsi 1 il müddətinə nəzərdə tutulur. Məsələn, həkim 2022-ci ilin fevralın 1-də işə qəbul olunubsa, o zaman 2023-cü ilin fevralın 1-nə kimi proqramda iştirak edə bilər".

Maaşları da yüksək olacaq

Bu həkimlərin alacağı maaş da yüksək olacaq.
"Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik, pediatrik profilli ixtisaslar üzrə isə 5000,0 manatdan az olmamaq şərtilə müəyyən olunur. Məsələn, terapevtik, pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir. Cərrahi, radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir".

Büdcədən proqramın icrasına pul ayrılıb

Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Agentlikdən bildirildi ki, büdcədə həmin məqsəd üçün nəzərdə tutulmuş vəsait 8 milyon 14 min 600 manat təşkil edir: "Cəlb olunacaq azərbaycanlı həkim-mütəxəssislər xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tibb müəssisələrində çalışan yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik, praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.
Həmçinin onu da qeyd edək ki, Proqramın tətbiqi digər həkimlərə ayrı-seçkilik kimi qəbul edilməməlidir. Çünki TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlər arasında səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına əsasən yüksək məbləğdə həvəsləndirici əlavə alanlar var. Məsələn, ümumi cərrah 21 642 manat, oftalmoloq 12 329 manat, mama-ginekoloq 9195 manat, həkim-radioloq 5312 manat məbləğində aylıq həvəsləndirici əlavələr alan həkimlər fəaliyyət göstərirlər. Proqramın icrası mütəxəssislərin ölkəyə cəlb edilməsi üçündür, müvəqqəti xarakter daşıyaraq iki il üçün nəzərdə tutulub. Daha sonra həmin mütəxəssislər də yerli kadrlar kimi bərabər şərtlərlə xidmət göstərəcəklər. Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq həvəsləndirici əlavələr alacaqlar".

Xaricdə təhsil almış ixtisaslı həkimlər rayonlara da göndərilməlidir

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə sahəsinin yenidən qurulması və səhiyyə sisteminin modern ölkələrin səhiyyəsinə uyğunlaşdırılması mühüm istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün müxtəlif addımlar atılmalı, kadrlar hazırlanmalıdır. Həmçinin infrastruktur qurulmalıdır: "Hazırda rayonlarda xəstəxanalar yenidən qurulsa da, ixtisaslı kadrlarla bağlı problemlər var. Ona görə də xaricdə təhsil almış ixtisaslı kadrların regionlarda işləməsi də gələcəkdə təmin olunmalıdır. Onlar üçün maliyyə təminatının düzgün qurulması, onların bölgələrdə işləməsinə marağın yaradılması vacibdir".
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov da mətbuata açıqlamasında ixtisaslı kadr probleminə toxunmuşdu. Agentlik səlahiyyətlisi bildirmişdi ki, Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur, amma hazırda ölkədəki səhiyyə işçilərinin 60%-i Bakıdadır. Onun sözlərinə görə, regionlarda işçi çatışmazlığı var.

Sığorta çərçivəsində tibbi xidmətlərin sayı 3700-ə çatacaq

Məlumat üçün bildirək ki, 2021-ci ilin aprel ayının 1-dən etibarən icbari tibbi sığorta ölkə əhalisi üçün əlçatan olub. Həmin tarixdən sonra hər kəs İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək hüququ qazanıb.
Agentlik tərəfindən vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində daha çox xidməti təmin etmək məqsədilə Xidmətlər Zərfinə dəyişiklik edilməsi üçün layihə hazırlanıb. Hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.
Vətəndaşlar üçün Xidmətlər Zərfi çərçivəsində 950-si cərrahi əməliyyat olmaqla, 2550 sayda tibbi xidmətdən istifadə imkanı yaradılıb. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin, Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyası da gələn ildən limitli şəkildə sığorta çərçivəsində qarşılanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0