Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni işıq sayğacları gəlir, təzə pul dövriyyədə - İcmal

© Depositphotos.com / VV Voennyyİşıq sayğacı, arxiv şəkli
İşıq sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Azərbaycanda pensiyalar artırılıb. Pensiyaçılara 200 manat maddi yardım da veriləcək. Həftənin qısa iqtisadi icmalı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 13 fevral — Sputnik, Xalid Məmmədov. Bu həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələrin qısa icmalını təqdim edirik.
Pensiyalar artırılıb
Dövlət başçısının imzaladığı yeni sərəncamla əmək pensiyalarının sığorta hissəsi artırılıb. Eyni zamanda pensiyaçılara cari il üzrə 200 manat maddi yardım da veriləcək. Artımlar və maddi yardımın verilməsi pensiyaçıların 92 faizini əhatə edəcək.
Artımlar pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci ildə orta inflyasiya dərəcəsini (6,7 faiz) üstələyir ki, bu, pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Yeni 20 manat buraxılıb
"Qarabağ" mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb. Yenilənmiş 20 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Yeni işıq sayğacları istifadəyə verilir
"Azərişıq" ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur. İstifadə üçün telefona "Azərişıq" mobil tətbiqi endirilməlidir.
Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlaşdıraraq ödəniş edilir. Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq "Azərişıq" ASC əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır.
Abonentlərin çoxu ən aşağı qaz limitini keçməyib
"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev jurnalistlərə bildirib ki, bu ilin yanvar ayında əhali qrupu üzrə abonentlərin 98 faizə yaxını ən aşağı qaz istifadəsi limitini (1200 kubmetrədək) keçməyib. Qeyd olunan limiti keçməyən abonentlərin sayı 2 360 234 təşkil edib.
Xatırladaq ki, ötən ilin oktyabrında əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Digər limitlər üzrə isə tariflər dəyişməyib.
Daha 16 müəssisəyə Rusiyaya pomidor və alma ixracına icazə verilib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") fevralın 10-dan etibarən Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib.
Beləliklə, indiyədək Rusiya tərəfindən ümumilikdə 227 pomidor, 77 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.
Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq
Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.
Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən quruma 2 516 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Xəbər lenti
0