Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qapalı Qara dəniz: Rusiya HDD-nin manevrləri təhdid deyil, "tərəfdaşlara" xəbərdarlıqdır

© Sputnik / Murad OrujovRusiya hərbi gəmisi
Rusiya hərbi gəmisi - Sputnik Azərbaycan, 1920, 12.02.2022
Abunə olmaq
Kollektiv Qərblə Rusiya Federasiyası arasında münaqişə bütün planet üçün təhlükəlidir.
Rusiya Federasiyasının Qara dənizdəki hərbi təlimləri – Rusiya Hərbi Dəniz Donanmasının (HDD) dünya okeanında genişmiqyaslı manevrlərinin regional epizodu, düşüncəsiz Avropa "tərəfdaşlarımızın" zəif donanmalarına döyüş qabiliyyətinin (hökmranlığının) operativ-strateji nümayişidir.
Rusiya Hərbi Dəniz Donanmasının hərbi-dəniz taktiki qrupları fevralın 13-dən19-a kimi Qara dəniz hövzəsi və Azov dənizinə bitişik ərazilərdə döyüş atəş manevrləri həyata keçirəcək. Qara Dəniz Donanmasının dəniz minaaxtaran gəmiləri artıq farvateri təmizləyib, şərti dəniz minalarını məhv edib, hava hücumundan müdafiə üzrə tapşırıqları yerinə yetiriblər. Krımda və Krasnodar diyarında "Bastion" sahil gəmi əleyhinə kompleksləri (40-dan çox texniki vahid) dəniz hədəflərinə raket atışları üçün təyin edilmiş ərazilərə yürüş edib.
Qara Dəniz Donanması gəmilərinin, sualtı qayıqlarının və sahil raket komplekslərinin ümumi raket hücumu kompleksləri – yenidən silahlanmaya qədər 200-dən çox döyüş başlığı. Yalnız 636.3 "Varşavyanka" layihəsinin altı dizel-elektrik sualtı qayığı 24 kalibrli raketlə eyni anda gizli zərbə təşkil etmək iqtidarındadır. "11356R" layihəsinin üç freqatı da eyni vaxtda hədəflərə eyni sayda qanadlı raket göndərə bilir.
"21631 Buyan-M" layihəsinin dörd kiçik raket gəmisi Qara Dəniz Donanmasının yaylım atəşinə daha 32 kalibr, "Bal" və "Bastion" sahil kompleksləri isə dəniz və yer hədəflərini vura bilən daha 130 yüksək dəqiqlikli raket əlavə edəcək.
Rusiya Federasiyasının Avropa hissəsində mobil "İsgəndər" Əməliyyat-Taktiki Raket Sistemi ilə raket briqadalarının sərəncamındakı 270-dən çox şərti və ya nüvə (50 kilotona qədər) döyüş başlığından hələ heç söz açmırıq. Bu zərbə gücünün fonunda Şərqi Avropada NATO-nun xarici qoşunlarının mövqeləri və silahlanması boyskaut düşərgəsini xatırladır.
Qara Dəniz Donanmasının qüvvə və vasitələri ilə birlikdə Cənub Hərbi Dairəsinin Su-34 ekipajları fevralın 11-də stratosferdəki şərti hədəfləri məhv edib, kifayət qədər aşağı hündürlükdə (təxminən 100 metr) "düşmən"in hava hücumundan müdafiə sistemlərindən yayınmağı məşq ediblər.
Qara Dəniz Donanmasının əsas hərbi-dəniz bazalarında - Sevastopol və Novorossiyskdə 200-dən çox xüsusi təyinatlı dəstənin, PUA-ların, sualtı kəşfiyyat vasitələrinin və suüstü gəmilərin iştirakı ilə kompleks təxribat əleyhinə təlim keçirilib.
Rusiya hakimiyyəti NOTAM xəbərdarlığında təlimlər zamanı qapalı dəniz ərazilərini və onların üzərindəki hava məkanını göstərib. Bununla belə, Ukrayna sahillərinin tam blokadaya alınması ilə bağlı şayiələr çox şişirdilir. Kreml bəyan edib: "Rusiya gəmilərinin Qara dənizdə hərbi manevrləri beynəlxalq dəniz hüququna tamamilə uyğun şəkildə həyata keçirilir".
Hərçənd k, bu, əvvəllər lazım olmayan yerə soxularaq kurs boyunca atəşə və bombardmana məruz qalan Britaniyanın HMS Defender eskadra-mina gəmisinin üslubunda NATO təxribatlarının mümkün ola biləcəyini istisna etmir. Rusiya Federasiyasına qarşı təcavüzkar niyyətlə Qara dənizə daxil olan istənilən donanma dərhal məhv ediləcək.
Odessada desant gözləyirlər
Rusiya Hərbi Dəniz Donanmasının böyük desant gəmilərindən ibarət dəstə Baltikdən Qara dənizə 7000 millik keçid edib. Fevralın 10-da Baltik Donanmasından "Korolyov", "Minsk", "Kalininqrad", həmçinin Şimal Donanmasından "Pyotr Morqunov", "Georgi Pobedanosets", "Oleneqorski qornyak" böyük desant gəmiləri Sevastopola gəlib. Gəmilər ehtiyatlarını artırır, ekipajlar döyüş hazırlığı vəzifələrini həll etməyə başlayıblar. Bununla əlaqədar olaraq Kiyev Ukrayna Silahlı Qüvvələrini Odessada desant hücumunu dəf etməyə hazır olmağa çağırıb.
Rusiya Hərbi Dəniz Donanmasının əməliyyat imkanlarının inkişafında böyük desant gəmilərinin əhəmiyyəti daim artır. Rusiya qoşunlarının Suriyadakı döyüş əməliyyatları hərbi texnikanı müəyyən məsafəyə sürətlə hərəkət etdirə bilən müasir böyük desant gəmilərinin vacibliyini və zəruriliyini təsdiqləyib.
Yuxarıda adı çəkilən "Pyotr Morqunov" "11711" layihəsinin ilk seriyalı gəmisidir (bünövrəsi 2015-ci ilin iyununda qoyulub). Bu layihənin son desant gəmiləri 300 dəniz piyadası, 13 tank və ya 36 piyada döyüş maşını, üç müxtəlif ixtisaslaşmaya malik iki helikopteri istənilən kombinasiyada göyərtəsinə götürmək qabiliyyətinə malikdir. Rusiyanın Qara dənizdəki altı böyük desant gəmisi eyni vaxtda potensial düşmənin raket və artilleriya atəşi ilə təmizlənmiş sahillərinə dəniz piyada briqadası, təxminən 80 tank və ya 200 PDM çatdırmağa qadirdir.
"11711" layihəsinin böyük desant gəmisinin əsas silahı "Laska" radiolokasiya atəş nəzarət sistemi ilə 30 mm çaplı iki altı lüləli AK-630M "Duet" topudur. Yaxın zonada - 4000 metrə qədər - raketdən müdafiəni təmin edir, tezatma gücü dəqiqədə 10 min atəşə bərabərdir. Bu gəminin göyərtəsinə 40 futluq konteynerli ("Kalibr") raket silahları yerləşdirmək mümkündür.
Amma hər bir halda Kiyev rejimi vaxtından əvvəl qorxuya düşüb. Ukraynanın hipotetik olaraq NATO-ya (yaxud ittifaq qoşunlarının Ukrayna ərazisinə) daxil olmasına qədər Odessa rahat yuxu yata bilər. Şərqi Avropanın dinc həyatı "Rusiya təhlükəsi" kimi uydurma bəhanə ilə yalnız NATO bloku tərəfindən metodiki şəkildə pozulur.
Drang nach Osten 2022
İl ərzində alyansın xarici qoşunlarının Qara dəniz regionunda mövcudluğu 60% artıb və baş katib Yens Stoltenberq Rumıniyaya əlavə olaraq 1000-ə yaxın ABŞ əsgərinin yerləşdirilməsi barədə məlumat verib. O, Rumıniya Prezidenti Klaus İohannis ilə birlikdə Konstansadakı Mixail Koqalniçeanu hərbi bazasına da baş çəkib. Bu isə qonşu Moldovaya yaxşı heç nə vəd etmir.
Pentaqonun 82-ci Hava Desant Diviziyası bölmələrinin Polşaya köçürülməsi davam edir. Kiyev və Varşava Polşa qoşunlarının Ukrayna ərazisində - Kovel, Lutsk, Strıy və Mukaçevoya yerləşdirilməsi planlarını razılaşdırırlar.
Ukrayna, Polşa və Böyük Britaniyadan ibarət aqressiv "kiçik ittifaq"ın yaradılması müzakirə edilir. Rusiya səfirləri Buxarestdə və digər Avropa paytaxtlarında yerli əhalinin diqqətini real təhlükələrə yönəldəndə isə həqiqəti görməməyə çalışır, yaxud təkliflər və düzəlişlər üçün Rusiya diplomatlarını Xarici İşlər Nazirliyinə çağırırlar.
Qara dəniz hövzəsinə aid olmayan NATO ölkələrinin həmin bölgədki hərbi gəmilərinin tonnajını və orada qalma müddətini ciddi şəkildə məhdudlaşdıran Montrö Konvensiyası Qərb "tərəfdaşlarımız"a böyük mane törədir. Bölgəni bütün qaydalardan "azad etmək" amerikalıların köhnə arzusudur, amma indiyə qədər konvensiyadan yan keçmək və ya onu ləğv etmək mümkün olmayıb.
Alyans regionu silkələmək üçün hər cür cəhd edir - tezliklə Ukrayna Hərbi Dəniz Qüvvələri Britaniyanın gəmi əleyhinə raketlərini alacaq – yeni olmasalar da təxribat törətməyə qadirdirlər. Döyüş şəraitində sınaqdan keçirilməmiş Amerika silahlarının Kiyevə kütləvi şəkildə çatdırılması da davam edir. Donbasa qarşı militarist ritorika güclənir. Kiyev rejimi Vaşinqtonun göstərişi ilə Minsk razılaşmalarının reallaşdırılmasını açıq şəkildə sabotaj edir.
Normand formatında danışıqların növbəti raundu nəticəsiz başa çatıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin verdiyi məlumata görə, Kiyev üsyankar ərazilərin güc yolu ilə ələ keçirilməsi planını hazırlayır - Ukrayna Silahlı Qüvvələri, Ukrayna Təhlükəsizlik Xidməti, xarici muzdlular və cihadçı dəstələr hücuma hazırlaşır.
Xatırladaq ki, Donbassda Rusiya Federasiyasının 720 mindən çox vətəndaşı yaşayır - Moskva dinc əhaliyə qarşı istənilən soyqırım cəhdinə mütləq reaksiya verəcək. Və təsadüfi deyil ki, Dövlət Departamenti yenidən ABŞ vətəndaşlarından təcili olaraq Ukrayna ərazisini tərk etməyi tələb edir və Rusiya Federasiyası Dövlət Dumasının fraksiyaları hərbi təchizat, eləcə də "DXR" və "LXR"-in tanınmasını müzakirə edir. KTMT də Ukraynanın şərqində eskalasiya təhlükəsi sezir.
Avropanın xilası
Obyektiv olaraq Rusiya Federasiyası ABŞ-ı "köhnə dünya"dan sıxışdırıb çıxarmağa və bununla da avropalıları termonüvə müharibəsinin fəlakətlərindən xilas etməyə çalışır. Rusiya Hərbi Dəniz Donanmasının üç qüdrətli raket kreyserinin Aralıq dənizində "böyük cəmləşməsi" (bu, yaxın tarixdə ilk dəfə baş verir) amerikalı "tərəfdaşlarımıza" (ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasına) ciddi xəbərdarlıqdır: Moskva özünün bərabər və bölünməz təhlükəsizlik tələblərindən əl çəkməyəcək, Avropada açılan hər atəşə asimmetrik cavab verəcək.
Əslində, NATO qoşunları yüksək texnologiyalı düşmənlə müharibəyə deyil, təcili evakuasiyaya daha çox uyğunlaşıb. Vaşinqton və Brüsselə çoxqütblü dünyanın mövcud reallığına qayıtmaq üçün müəyyən vaxt lazımdır, bu, psixoloji cəhətdən çətindir.
Bir qədər bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Aralıq dənizində təlimlərin "davamlı olaraq həyata keçiriləcəyini" bildirmişdi. 140 döyüş gəmisi və 10 minə yaxın hərbçinin iştirak etdiyi Rusiya Hərbi Dəniz Donanmasının manevrləri bu gün Şimal və Oxot dənizləri, Atlantik və Sakit okeanların ərazilərini əhatə edir.
Moskva heç kimi təhdid etmir, bununla belə, hərbi fəallığın artması və NATO-nun daha da genişlənməsi Vaşinqton və Brüsseli yer üzündən silməyə qadir olan Rusiya ilə müharibəyə aparan birbaşa yoldur. Kollektiv Qərblə Rusiya Federasiyası arasında münaqişə bütün planet üçün təhlükəlidir.
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı, general Ceffri Harriqyan fevralın 10-da bildirib ki, Rusiyanın hücum edəcəyi təqdirdə NATO müttəfiqlərini qorumaq üçün vəsaitin planlaşdırılması və transferinə artıq başlanılıb - Ramştayn aviabazası Rusiya Federasiyası ilə gözlənilməz vəziyyətlərə hazırdır. Ancaq "ən pis ssenariyə" hazır deyil.
"The Nation" üçün məqalədə Nobel mükafatı laureatı, tibb elmləri üzrə fəlsəfə doktoru İra Helfand isə "ən pis ssenari"ni belə ifadə edib: "Münaqişə Ukraynanın hüdudlarından kənara çıxsa, NATO döyüşə girəcək və nüvə silahlı qüvvələrinin iştirakı ilə böyük müharibə başlayacaq". Alim Rusiya Federasiyası 3500 nüvə başlığından ən azı 300-dən istifadə edərsə, ilk yarım saatda ABŞ-da 78 milyon qurbanın olacağını proqnozlaşdırır.
Nəticədə Amerikanın bütün infrastrukturu məhv olacaq. Bir neçə ay ərzində ABŞ əhalisinin böyük bir hissəsi aclıqdan, radiasiya xəstəliyindən və epidemik xəstəliklərdən həlak olacaq. Oxşar itkilər və dağıntılar Kanadanı və əksər Avropa ölkələrini də təhdid edir.
"Bir xalqın NATO-da müqəddəratını təyinetmə hüququnu" reallaşdrıması naminə başqa millətlərə zərər vuran bu cür fədakarlığa dəyərmi? Ritorik sualdır...
Xəbər lenti
0