Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sosial şəbəkə vasitəsilə dünyada tanınan azərbaycanlılar -VİDEO

© Photo : YouTube / WILDERNESS COOKINGTəvəkkül Aslanov, arxiv şəkli
Təvəkkül Aslanov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Bu gün sosial şəbəkələrdə fenomenə çevrilən xeyli azərbaycanlı var. Onlardan böyük bir qismi sənət adamları olsa da, içlərində sadə, zəhmətkeş insanlar da var.
BAKI, 11 fevral — Sputnik. Bu gün sosial şəbəkələrdə fenomenə çevrilən xeyli azərbaycanlı var. Onlardan böyük bir qismi sənət adamları olsa da, içlərində sadə, zəhmətkeş insanlar da var. Düşünün ki, ucqar bir kənddə yaşayırsınız. Kənd sakinləri və yaxın ətrafınızdan başqa sizi demək olar ki, heç kim tanımır. Amma bir anda bütün dünyanın diqqətini cəlb edib, fenomenə çevrilirsiniz. Sputnik Azərbaycan internet vasitəsilə fenomenə çevrilən azərbaycanlıları təqdim edir.
Ləman Muxtarova Ucar rayonunda anadan olub. Onun videoları dünyanın əksər ölkələrində məşhur olan "Taste life" səhifəsində yayımlanır. Ləman orada Azərbaycan mətbəxinin ləziz təamlarını hazırlayıb, təqdim edir. Sosial şəbəkədə bir anda populyarlaşan Ləman bizə verdiyi müsahibəsində bildirmişdi ki, məqsəd Azərbaycan mətbəxini dünyada tanıtmaqdır:
"Səhifəyə şah plov, küftə-bozbaş, kələm, yarpaq, badımcan dolmasının videolarını hazırlayıb göndərdim. Şirniyyatlardan isə badamburanın videosu həmin səhifədə yayımlandı".
Ləman xanımı bu işə vadar edən başlıca səbəblərdən biri də ermənilərin həmin səhifədə milli mətbəximizin yeməklərini öz adlarına çıxmasıdır:
"Bilirsiniz ki, bu gün müharibə təkcə döyüş bölgəsində getmir. Virtual aləmdə də ermənilərlə bizim aramızda "soyuq müharibə" gedir. Virtual aləmdə də aktiv olmaq lazımdır. İnternetdə ingilis dilində yemək və şirniyyatlarımızın adlarını yazanda qarşıma erməni reseptləri çıxırdı. Bu da məni narahat edirdi. Fikirləşdim ki, niyə bizdə ingilis dilində yemək reseptləri, tanıtım çarxları, mənbələr olmasın? Elə bunu nəzərə alaraq, başladım fəaliyyət göstərməyə. Məqsəd yalnız birdir – Azərbaycanın yeməklərini dünyada tanıtmaq. Qoy bütün dünya bilsin ki, dolma, lavaş bizə məxsusdur!"
Elə Qəbələli Təvəkkül Aslanov da internet vasitəsilə hobbisini gəlirli sahəyə çevirməyi bacaranlardandır. Təbii ki, məqsədi yalnız gəlir qazanmaq deyil, həm də ölkəsini tanıtmaqdır. Qəbələnin Qəmərvan kənd sakini Təvəkkül Aslanov indi yalnız öz kəndində yox, bir çoxları tərəfindən tanınır. Əvvəlcə yaxın ətrafına yeməklərini daddıran və internətə kiçik videolar çəkib yerləşdirən aşpaz qohumlarının da israrı ilə bu işi genişləndirmək qərarına gəlir. Və indi o, yalnız Qəbələdə deyil, bütün dünyada yemək həvəskarları tərəfindən tanınaraq məşhurlaşıb.
Daha bir "Youtube" fenomeni Cəmilə nənədir. Cəmilə nənə Ağcəbədidə yaşayır. "Nənəmin bağı" adlı "Youtube" kanalı ilə bütün dünyanın diqqətini cəlb edib.
Daha bir məşhur isə Qusar rayonunun Hil kəndində yaşayan Əzizə Rəmixanovadır. Əzizə xanım öz rayonunun tanınmış, adlı-sanlı aşpazlarından idi. Amma artıq öz rayonunda deyil, bütün respublikada tanınır. Belə ki, Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə çox böyük marağa səbəb olub. Oğlu Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.
Bu iki şəxs pandemiya dövründə də boş, öz sevdikləri peşələrindən ayrı qalmamağa, faydalı işlə məşğul olmağa qərar veriblər və "Kənd həyatı" adlı bir "YouTube" səhifəsi yaradaraq Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirib videolarını həmin səhifəyə yükləyiblər.
Əzizə xalanın ləziz təamları isə insanların çox böyük marağına səbəb olub. Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan "Taste Life" səhifəsi qusarlı aşpazın onlarla videosunu paylaşıb.
Qeyd edək ki, ötən gün "YouTube" öz rəsmi "Instagram" hesabında həmyerlimizi paylaşıb. Əzizə Rəmixanova haqqında olan paylaşım qısa müddət ərzində 22 mindən artıq insan tərəfindən bəyənilib.
Daha bir sosial şəbəkə məşhuru isə Azərbaycanı qarış-qarış gəzərək, bilmədiyimiz gözəlliklərini obyektivinə həkk edən videobloger Vahid Həsənovdur. Tanınmış videobloger Vahid Həsənov müsahibəsində bildirib ki, hal-hazırda onu heç kim maliyyələşdirmir: "Üç-dörd ilə qədər heç bir qazancım yox idi, amma sonradan klipmeykerlərə görüntülərimi satmağa başladım. Xarici ölkələrdən mənə təkliflər gəlirdi ki, mən Azərbaycanı necə çəkirəmsə, onların da ölkəsini elə çəkim, tanıdım, ölkələrinin gözəlliyini üzə çıxardım".
"Maraqlı yerləri kəşf etmək üçün getdiyim bölgənin insanlarından məsləhət alıram. Ən əsas da çobanlardan, çünki onlar dağlara çıxdıqları üçün bütün gözəllikləri görə bilirlər", - deyən müsahibimiz əlavə edir ki, dörd il tək çalışıb, hazırda isə qrup toplayıb.
Xəbər lenti
0