Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə naziri brifinq keçirib - Əsas məqamlar

© Photo : Azerbaijan Ministry of Health Teymur Musayev
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Nazir vahid çağrı mərkəzinin yaradılmasından, rəqəmsallaşmadan, tibbi işçilərinin sertifikasiyasından və s. barədə danışıb.
BAKI, 10 fevral — Sputnik. Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir: "Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını labüd bilirik. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub".
Nazir bildirib ki, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də dövlət qurumlarla əməkdaşlığın aparılmasıdır.
T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb.
O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin əsas prioritetlərinin sırasında olur.
Nazirin sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub: "Yeni tibb müəssisələri açıldı, tələb olunan müasir dərman vasitələri ölkəyə gətirildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi".

Səhiyyə Nazirliyi vahid çağrı mərkəzi yaradacaq

Nazir bildirib ki, səhiyyə sistemində vahid çağrı mərkəzi yaradılacaq: "Nazirliyin yeni saytından da müraciətlər qəbul olunacaq və dərhal təhlil olunaraq cavablandırılacaq. Kağız daşıyıcılar üzərində də müraciətlər qəbul olunacaq və operativ cavablandırılacaq”.

Nazir rəqəmsallaşdırma ilə bağlı yenilikləri də açıqlayıb

O bildirib ki, rəqəmsallaşdırma, yeni dövrün çağırışıdır: "5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır. Yaxın zamanda strategiya hazırlanıb təqdim olunacaq. Beləliklə səhiyyə sistemində iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmaya başlanılacaq. Burada əsas məqsədlər məmnunluğu təmin etmək tibbi xidmətlərin yaxşılaşdırılmasında vətəndaşların birbaşa cəlb olunması nəzərdə tutulur.
Müasir standartlara uyğun tibbi statistik bazasının formalaşdırılması, iqtisadi şəffaflığı artırılması, azad olunmuş ərazilər də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin artırılması, tibb işçilərinə rəqəmsal bacarıqların artırılması və beynəlxalq reytinqdə ölkəmizin irəli getməsidir. Strategiya çərçivədə böyük layihələr həyata keçiriləcək".

Səhiyyə naziri tibbi işçilərinin sertifikasiyasına münasibət bildirib

O bildirib ki, hazırda tibbi işçilərinin mövcud olan sertifikasiya imtahanlarının mükəməlləşdirilməsinə ehtiyac var və bununla bağlı işlər aparılır.
Nazirin sözlərinə görə, sertifikasiya imtahanı ilə məşğul olan mərkəzin yeni formatda fəaliyyəti üçün müvafiq addımlar atılacaq.
O qeyd edib ki, tibb işçilərinin taktiki fəaliyyətində dəstək olacaq çoxlu mövzular var: “Anlayırıq ki, ixtisaslı işçi qüvvəsi səhiyyənin əsas resursudur. Bu sahədə yeni strategiyanın hazırlanması vacibdir. Yaxın zamanda bununla bağlı atılacaq addımlarla bağlı məlumat veriləcək”.

Koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlar olacaq?

Səhiyyə naziri bildirib ki, hazırda ölkəmizdə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur. Sərt karantin tədbirləri xəstəxanaya yerləşdirilənlərin sayının kəskin artması və çarpayı fondunun dolması əsasında verilir. Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. “Müşahidələr göstərir ki, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirdikləri halda, peyvənd vurdurmayanlarda ağırlaşma və ciddi fəsadlar qeydə alınır. Vaksin ehtiyatı kifayət qədərdir və əhalini "buster" dozanın qəbulunda daha fəal olmağa səsləyirəm", - deyə nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0