CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmkansızların pulunu yeyən icra hakimiyyətləri: siz də tanıyın

© Drew Angerer/Getty Images/AFPMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
İnzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması və digər hallar müəyyən olunub
BAKI, 10 fevral — Sputnik. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, qurum tərəfindən Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında nəzarət tədbirləri aparılıb.
Nəticədə inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.
Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.
Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0