Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Başqırdıstanın biznes missiyası Bakıya hansı təkliflə gəlir - Video

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya bayraqları, arxiv şəkli
Azərbaycan və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Rusiyanın nümayəndə heyəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində olacaq.
BAKI, 10 fevral — Sputnik. Azərbaycan və Rusiya Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində Başqırdıstan Respublikasının nümayəndə heyətinin Bakıda keçiriləcək beynəlxalq çoxsahəli biznes missiyasında iştirak etmək məqsədilə 2022-ci il fevralın 16-dan 18-dək Bakıya səfəri planlaşdırılır.
Respublikanın ən iri istehsalçılarının nümayəndələrinin daxil olacağı biznes missiyası Kənd Təsərrüfatı Nazirliyində, eləcə də Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində (KOBİA) bir sıra görüşlər keçirəcək. Nümayəndə heyətinə Başqırdıstan Respublikasının xarici iqtisadi əlaqələr və konqres fəaliyyəti nazirinin birinci müavini Lena İzotova rəhbərlik edəcək.
İşgüzar nümayəndə heyəti tərəvəz konservləri, kətan və raps yağı, quru süd, taxıl, buğda və digər dənli bitkilərin istehsalı kimi sahələrdə fəaliyyət göstərən 13 şirkətlə təmsil olunacaq.
Bundan başqa, nümayəndə heyətinə sənaye tərəziləri, çəki daşları, elastik polimer qablaşdırma, mineral gübrələr və digər məhsullar istehsal edən şirkətlərin təmsilçiləri də daxildir.
"Fərdi qrafikə uyğun olaraq biznes missiyasının bir hissəsi kimi hər bir şirkət üçün aktiv biznes proqramı və sənaye sahələrinə səfərlər planlaşdırılır. Bizim üçün bu, ən vacib istiqamətlərdən biridir və biz respublikalar arasında ticarət dövriyyəsini xeyli artırmağı planlaşdırırıq", - deyə Sputnik Azərbaycan-a müsahibəsində Başqırdıstan Respublikasının İxraca Dəstək Mərkəzinin direktoru İldus Xalitov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin 10 ayı ərzində Başqırdıstandan Azərbaycana məhsul ixracı 42,6 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 99,8% artıb.
"Bizim məhsullarımız Azərbaycan bazarında rəqabət üstünlüklərinə malikdir: yüksək keyfiyyət və rəqabətə davamlı qiymət, rahat logistika, məhsullara gömrük rüsumunun olmaması, yerli istehlakçılar üçün bəzi mövqelərin unikallığı. Dörd şirkət artıq Azərbaycanla mövcud müqavilələrə malikdir və ixrac məhsullarının sayını artırmağı, həmçinin yeni tərəfdaşlar tapmağı planlaşdırır", - deyə Xalitov vurğulayıb.
KOBİA nümayəndələri ilə görüşdə Başqırdıstan və Azərbaycan arasında kiçik və orta biznesin dəstəklənməsi, qadın sahibkarlığının dəstəklənməsi sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsi, Başqırdıstan və Azərbaycanın qarşılıqlı investisiya layihələri ilə bağlı müzakirələr aparılacaq. Tərəflər, həmçinin aqrar sektorda ixracatçılara dövlət dəstəyi tədbirlərindən də danışacaqlar.

Başqırdıstan və Azərbaycan arasında iqtisadi əlaqələr

Privoljsk Gömrük İdarəsinin 2020-ci il üçün məlumatına görə, Azərbaycan Respublikası Başqırdıstan Respublikasının xarici ticarət dövriyyəsində 0,8% payla 23-cü yerdədir. 2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 968,6 min dollara bərabər olub ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 dəfə çoxdur.
Qarşılıqlı ticarətdə əsas yeri 45 891,1 min dollar (2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıb) payla ixrac tutur.
İdxalın payı isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 77,46 min dollar təşkil edib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0