NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan Moldovaya qaz üçün ciddi endirimlər etməyə hazırdırmı?

© REUTERS / GLEB GARANICHQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov hesab edir ki, Kişinyov alternativ tədarükçü amilindən "Qazprom"a təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
BAKI, 10 fevral — Sputnik, İqor Yuşkov. Moldovada qaz tədarükü mövzusu çox aktualdır, çünki ölkə Rusiya ilə ən azı siyasi səviyyədə qarşılıqlı fəaliyyətdən narazıdır.
Orada hökumətlə "Moldovaqaz" arasında davamlı döyüşlər gedir, çünki şirkət "Qazprom"la müqavilə bağlayıb. Mövcud şəraitdə bu müqavilə əlverişlidir, çünki Moldova tərəfi qaza görə spot bazarlarla müqayisədə daha az pul ödəyir.

Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana işgüzar səfərə gəlib.

Səfərin məqsədi Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti kontekstində Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığı gücləndirməkdir.

Azərbaycanın xarici işlər naziri ilə görüşdə tərəflər gələcəkdə qazın Qərbi Balkanlara nəqli mövzusunu da müzakirə ediblər. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Qazda ciddi endirim var, ancaq hökumət yenə də narazıdır. Görürük ki, "Moldovaqaz" "Qazprom"la müqaviləni pozmaq və ya ən azı müqavilə şərtlərinə yenidən baxmaq və yeni müqavilə imzalamaq üçün Rusiya tərəfinə təzyiq göstərmək istəyir.

Kişinyov - Qazprom

Köhnə müqavilə 2021-ci il sentyabrın 30-da başa çatanda da, indi də Kişinyov "Qazprom"a təzyiq vasitəsi kimi alternativ tədarükçü amilindən istifadə etməyə çalışır.
Əvvəllər sadəcə olaraq deyirdilər ki, Rumıniyadan hansısa qaz gələcək, baxmayaraq ki, onun mənbələri bəlli deyil. Daha sonra Moldovada Ukrayna və digər Şərqi Avropa ölkələrindəki treyderlərdən qaz alacaqlarını açıqladılar və aydındır ki, onların hamısı Rusiyadan qaz idxal edən ölkələrdir, ona görə də Moskvaya təzyiq aləti işə yaramadı.
İndi də biz görürük ki, Moldova Azərbaycan qazının tədarükü məsələsini işə cəlb etməyə çalışır. Ancaq burada Kişinyov müəyyən çətinliklərlə üzləşir.
Birincisi, "Qazprom"la müqavilə qüvvədədir və o, Moldovanı müəyyən həcmləri məhz Rusiya şirkətindən almağa məcbur edir.
Ehtimal etmək olar ki, təfərrüatları bilməsək də, müqavilədə "al və ya ödə" şərti mövcuddur. Bu, müəyyən həcmlər üçün standart şərtdir ki, bu da ümumilikdə müqavilədə nəzərdə tutulan həcmlərin 80-85%-ni təşkil edir.
Göründüyü kimi, Moldova qazın bir hissəsini "Qazprom"dan almaq məcburiyyətindədir, ona görə də tam olaraq Azərbaycan qazına keçə bilmir. Burada bir özəllik var, o da ondan ibarətdir ki, Moldova rəhbərliyi bu ölkənin əvvəlki müqavilə üzrə topladığı köhnə borcları ödəməmək üçün "Qazprom"la müqaviləni ləğv etmək ssenarisini nəzərdən keçirir.
Moldova tərəfi "Qazprom"la münasibətlərin tamamilə kəsilməsi ssenarisini nəzərdən keçirir. Beləliklə, Rusiyadan deyilsə, qazın haradan alınması barədə sual yaranır. Bu vəziyyətdə Azərbaycan alternativ təchizatçı kimi nəzərdən keçirilməyə başlayır. Ancaq yenə də burada problemlər var.

Bakı alternativ qaz tədarükçüsü kimi

Onlardan biri də bundan ibarətdir ki, Azərbaycan qazı üç qəpiyə satmaq niyyətində deyil. Aydındır ki, Bakı tamamilə bazar mexanizmini tətbiq edir, yalnız bazar qiymətlərinə yönəlir və qazı spot qiymətlərlə satacaq.
Burada neftlə bağlı qiymət məsələsini də müzakirə etmək olar, ancaq Azərbaycan birmənalı olaraq ciddi endirimlər etmək fikrində deyil, çünki Avropa bazarlarında bu qaza tələbat var. Xüsusən də indi hər kəs Rusiya qazına alternativ tapmaq zərurətindən danışarkən Azərbaycan qazı anında uçur və bir çox avropalılar Azərbaycandan tədarükün artırılmasından danışırlar.
Qaza belə tələbatın olduğu bir şəraitdə Azərbaycan niyə Moldovaya hər hansı güzəştə getməlidir? Əksinə, o, Rusiyaya bir növ alternativ tədarükçü statusundan yararlana bilər, ona görə də bununla bağlı hər hansı endirim etmək məntiqsizdir.
Rusiyanı qaz tədarükçüsü kimi Azərbaycanla əvəzləyən Moldova iqtisadi baxımdan heç nə əldə edə bilməzdi. Belə qazı almaq daha da baha olardı, necə deyərlər, müstəqillik haqqı olardı.
Məsələn, özləri üçün LNG (TMQ) terminalları yaradan bəzi ölkələr - Litva, Polşa sonda "Qazprom"la bağlanmış müqavilələrdən daha yüksək qiymətə mayeləşdirilmiş qaz alırlar. Bəli, onlar etiraf edirlər ki, bu, onlara daha baha başa gəlir, ancaq bu, müstəqilliyin qiymətidir. Görünür, Moldova da eyni yolla getməyə hazırdır.
İkinci çətinlik ondan ibarətdir ki, Azərbaycanın hasilatı maksimum səviyyədədir. Bütün yataqlar cəlb olunur, yeni layihələrə gəldikdə isə, prinsipcə, bazarlarda mövcud qeyri-sabit vəziyyət kimi şəraitdə investorlar adətən yeni layihələrin işə salınmasından və investisiya qərarlarının qəbul edilməsindən çəkinirlər.
Xatırladaq ki, 2020-ci ildə Avropada spot qazın qiyməti 1000 kubmetr üçün 100 dollardan aşağı idisə, keçən il faktiki olaraq 1000 kubmetr üçün 1000 dollar idi. Belə sıçrayışlar olduqda biznes planlarını hesablamaq və investisiya qərarları qəbul etmək mümkün deyil.
Nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada hazırda heç bir yenilik görünmür və orada mövcud olanlar artıq cəlb olunub, müqavilə bağlanıb.
İtaliyaya, Türkiyə və Yunanıstana tədarüklər yeni qaz kəməri ilə gedir. Bolqarıstanla müəyyən çətinliklər var, bolqarlar Azərbaycan qazını almaq üçün qaz kəmərinin tikintisini başa çatdıra bilmədilər. Əlavə heç nə yoxdur.
Azərbaycanın "əlavə" qazı olduqda, hazırda istifadə olunmayan Trans-Balkan qaz kəmərindən Türkiyəyə, daha sonra onun Avropa hissəsindən Bolqarıstan və Rumıniya vasitəsilə Moldovaya qaz nəqli üçün istifadə etmək olardı. Nəzəri cəhətdən bu mümkündür.
Bu vəziyyətdə qiymət sualı yaranır, çünki nəqliyyat dəstəyi olduqca əhəmiyyətlidir. Əgər Azərbaycan çatdırılma üçün çox pul xərcləyərsə, o zaman endirim etmək məntiqsizdir və bazarda normal vəziyyətdə qazın min kubmetri 300 dollara başa gələndə Bakı öz-özünə mənfiyə gedəcək.
Şübhə edirəm ki, nəticədə yaxın gələcəkdə Azərbaycan qazının Moldovaya tədarükü ilə bağlı hansısa razılaşma əldə ediləcək. "Qazprom" ona müqavilədə sabit endirim təklif edərkən əlavə həcmdə yanacaq mənbəyinin nə olacağı və Kişinyovun onu niyə daha yüksək qiymətə alacağı bəlli deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0