Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəqabət Məcəlləsi niyə qəbul edilmir - VİDEO

© Sputnik / Murad OrujovMilli Məclisdə deputatın boş yeri, arxiv şəkli
Milli Məclisdə deputatın boş yeri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Ekspertin fikrincə, Rəqabət Məcəlləsi bu gün qəbul edilsə, sabahdan hər şey yoluna düşməyəcək. Uzun illərdir sənədin niyə qəbul edilməməsi Sputnik Azərbaycan-ın materialında.
BAKI, 9 fevral — Sputnik. Rəqabət Məcəlləsi layihəsi 2008-ci ildə parlamentə təklif olunmuşdu, sonra isə yaddan çıxdı və indiyədək də qəbul edilməyib. Ən böyük problem maraq toqquşmalarıdır. Çünki məcəllənin qəbulu iri şirkətlərin marağında deyil, onlar üçün əlavə vaxt itkisidir. Rəqabət Məcəlləsi əsasən də kiçik və orta sahibkarların biznes maraqlarına birbaşa toxunan məsələləri hüquqi yolla həll etməyi təklif edir.
Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a sənədin indiyədək niyə qəbul edilməməsindən danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarında ölkədə Rəqabət Məcəlləsinin qəbulu razılaşdırılmış şərtlərdən biri idi.

Rəqabət Məcəlləsi bu gün qəbul edilsə, sabahdan hər şey yoluna düşməyəcək

"Bu, o demək deyil ki, Rəqabət Məcəlləsi bu gün qəbul edilsə, sabahdan hər şey yoluna düşəcək. Sənəd hüquqi zəmin yaradır ki, rəqabətli mühitə keçid üçün addımların alqoritmi yaransın. Başqa sözlə, bu, rəqabətli mühitin ən azından hüquqi təməlini yaradır. İkincisi, şirkətlər rəqabətli mühitin pozulması ilə bağlı məsələlər qaldıra bilərlər. Bu da müsbət presedentlər yarada bilər", - deyə ekspert əlavə edib.

Rəqabət Məcəlləsinin qəbulu üçün şərait olmalıdır

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır.
O bildirib ki, Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır: "Belə bir yanlış təsəvvür var ki, Rəqabət Məcəlləsini qəbul edən kimi ədalətli rəqabət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllənin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən ilk növbədə zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir".

Ölkədə tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir

"Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq və yaxud da ədalətli rəqabətlə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı qanunlar olacaq. Ölkədə tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir. Amma bu iş addım-addım və tədricən olmalıdır. Əslində, bu istiqamətdə də gedirik", - deyə o əlavə edib.

Rəqabət Məcəlləsi ilə bağlı sənəd hazırda nazirlikdə icraatda mövcud deyil

Qeyd edək ki, Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev "Report"a deyib ki, inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən Rəqabət Məcəlləsinin qəbul olunmasını Maliyyə Nazirliyi də digər dövlət orqanları kimi olduqca vacib hesab edir.
Nazirlik rəsmisi qeyd edib ki, ötən ilin avqust ayında razılaşdırılmaq üçün nazirliyə daxil olan Rəqabət Məcəlləsinin layihəsinə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış rəy və təklif elə həmin ay müvafiq dövlət orqanına təqdim olunub: "Hazırda isə sözügedən sənədlə bağlı hər hansı dövlət qurumundan göndərilmiş sənəd Maliyyə Nazirliyində icraatda mövcud deyil".
Qeyd edək ki, deputat Vahid Əhmədov bildirmişdi ki, İqtisadiyyat Nazirliyi müəyyən dəyişiklikləri etdikdən sonra Rəqabət Məcəlləsi layihəsini razılaşdırılmaq üçün Maliyyə və Ədliyyə nazirliklərinə təqdim edib.
Xatırladaq ki, Rəqabət Məcəlləsi layihəsinin hazırlanması Milli Məclisin 2022-ci ilin yaz sessiyası üçün iş planına daxil edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0