Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"AzerGold"un daxili bazarda qızıl satışı 5.5 dəfə artıb

© Sputnik / Mediabanka keçidQızıl külçəsi
Qızıl külçəsi - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
"AzerGold"un hesabatına görə, illik müqayisədə ölkə daxilində satılın qızılın həcmi 446% (5,5 dəfə) artıb.
BAKI, 7 fevral — Sputnik. 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yataqların mineral-xammal resurslarından istifadədə səmərəliliyinin yüksəldilməsi, istehsalat proseslərinin optimallaşdırılması ilə bağlı bir sıra zəruri addımlar atıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, “AzerGold” QSC-in İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan mətbuat konfransında belə deyib. O qeyd edib ki, hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb: “Qızıl hasilatı nəzərdə tutulan plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5%, gümüş hasilatı üzrə 10,9% artım qeydə alınıb”.

Satışdan gələn milyonlar

Zakir İbrahimovun sözlərinə görə, qurum fəaliyyət göstərdiyi 5 il ərzində 256.5 min unsiya qızıl, 488 min unsiya gümüş hasil edilib.
Sədr əlavə edib ki, 2021-ci ildə "AzerGold" hasil etdiyi qızıl və gümüşün satışından 188,3 mln. manat qazanıb: "Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüş satılıb. Beləliklə, son beş ildə 755 mln. manatdan çox qızıl və gümüş şirkət tərəfindən satılıb. “AzerGold” məhsulların yerli bazara təklif etdiyi 2019 - 2021-ci illərdə ümumilikdə 3 405 unsiyadan çox külçə və sikkələrin satışını həyata keçirib ki, bunun da 78%-i məhz 2021-ci ildə olub".
O qeyd edib ki, ötənilki satışların 97%-ni qızıl, 3%-ni isə gümüş məhsulları təşkil edib, qeyd edilən satışlardan dövriyyəyə ümumilikdə 8,7 milyon manatdan çox vəsait cəlb edilib ki, bu da 2020-ci ilə müqayisədə 377% artım deməkdir.

Yerli bazarda tələb kəskin artıb

Z.İbrahimov bildirib ki, məhsulların satışında kəskin artım "AzerGold" Satış və Mübadilə Mərkəzi fəaliyyətə başladıqdan sonra qeydə alınıb: “Ötən il Mərkəzdə 2366 unsiya həcmində məhsulun satışı həyata keçirilib ki, bu da qurum tərəfindən il ərzində daxili bazarda satılan məhsulların 89%-ni təşkil edir”.
Qurumun rəhbəri vergi ödənişlərindən söz açıb, bildirib ki, “AzerGold” 2021-ci ildə 29,7 milyon manat vergi ödəyib.
O, daxili pərakəndə bazarı haqda danışaraq bildirib ki, ötən il daxili pərakəndə bazarında "AzerGold" QSC tərəfindən 2649 unsiya həcmində məhsul realizə edilib ki, bu, illik müqayisədə 446% (5,5 dəfə) çoxdur.
Sədrin sözlərinə görə, daha öncəki illərdə "məhsul satışı" dedikdə, yalnız ixrac nəzərdə tutulurdu, lakin artıq yerli bazarda tələb kəskin artıb.

Dövlət büdcəsi nə qədər qazanıb?

Z.İbrahimov onu da vurğulayıb ki, 2021-ci ildə "AzerGold" tərəfindən dövlət büdcəsinə 33 mln. manat daxil olub, həmin məbləğin 29,7 mln. manatı vergi ödənişləri, 3,3 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna edilən köçürmələr təşkil edib.
Dövlət büdcəsinə ödənilən məbləğin həcmi illik müqayisədə 158% (2,6 dəfə) artıb. Ümumilikdə, QSC son 5 ildə büdcəyə 73,8 mln. manat ödəyib.

Kəlbəcərin "Tutxun" yatağında mərhələli axtarış işlərinə hazırlıq gedir

Z.İbrahimov qeyd edib ki, qurum tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb.
O bildirib ki, ümumilikdə təqribən 300 kvadrat kilometlik ərazidə yerləşən "Tutxun" yataqlar qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib.
Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji-kəşfiyyat proqramı çərçivəsidə tədqiqat işləri davam edir: "Süni peyklərdən hiperspektral görüntülərin alınması, işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülür. "Tutxun" yataqlar qrupu və cinah sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina, partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır".
Qeyd edək ki, qurum 2035-ci ilə qədər illik dövriyyəsi 1 milyard dollar olan regional miqyasda irihəcmli dağ-mədən kompaniyası olmağı hədəfləyib, eyni zamanda 2025-ci ildən etibarən əlvan metal layihələrinin icrası üzrə dövlət büdcəsindən asılılığı tam aradan qaldırmağı hədəfləyib.
Xatırladaq ki, ötən il yataqların mineral-xammal resurslarından istifadəsində səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb.

Cari ilin hədəfləri

Cari ildə "AzerGold" QSC 61 074 unsiya qızıl və 122 147 unsiya gümüş hasilini hədəfləyir. Z.İbrahimov bildirib ki, aparılan sonuncu tədqiqatlar nəticəsində məlum olub ki, "Çovdar" yatağındakı sata bilinəcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyaya qədər yüksəldilib.
Cari ildə “AzerGold” QSC ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0