CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlıq turizminin müalicəyə ehtiyacı var

© AFP 2023 / MLADEN ANTONOVNaftalan
Naftalan - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Təklif var ki, gələcəkdə sırf sağlamlıq turizmi məqsədilə ölkəmizə gələnlərə heç bir məhdudiyyət qoyulmasın, təhlükəsiz koridorlar konsepsiyası işlənsin.
BAKI, 6 fevral — Sputnik. Keçən il Naftalanın sağlamlıq-turizm mərkəzlərinə 17 minə yaxın turist üz tutub. Möcüzəvi şəfası ilə dünyada məşhur olan Naftalan vannasından yararlanmaq məqsədilə Naftalan şəhərinə 46 ölkədən 1700-dən çox xarici turist gəlib. Hər zamankı kimi, siyahıya 1161 nəfər vətəndaşı ilə Rusiya başçılıq edir. Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb.
Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumbiya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da var. Kurort şəhəri həm də yerli vətəndaşların müalicə ünvanına çevrilib. Belə ki, 15 mindən çox ölkə vətəndaşı burada müalicə alıb və istirahət edib.
Turizm üzrə ixtisaslaşmış yerli mütəxəssislərin fikrincə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında öncül mövqelərdən birinə sahibdir.
Naftalan Azərbaycanın termal turizm məkanlarından biri olsa da, ölkəmizdə belə şəfa qaynaqları çoxdur. Bəs görəsən, onların sağlamlıq mərkəzlərinə çevrilməsi, turistlərin ora axını niyə gecikir?
Sağlamlıq turizmi məqsədilə ölkəmizə gələnlərə heç bir məhdudiyyət qoyulmasın
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük potensialı var. Onun sözlərinə görə, Naxçıvanda Dizdağ, Şabran rayonunda yerləşən “Qalaaltı Hotel & Spa ”müalicəvi-bərpa kurort kompleksi, Şahdağ Quba & Truskavets tibbi sanatoriyası bunlara nümunədir.
R.Quliyev deyir ki, son illər ölkəmizdə sağlamlıq turizmində canlanma müşahidə olunur. Amma pandemiya ölkəmizə sağlamlıq turizmi məqsədilə gəlmək istəyən turistlərə əngəl törədir: "Pandemiyadan əvvəl Naftalana gələn xarici turistlərin sayı daha çox idi. Bu gün turizmə əsas çətinlik yaradan pandemiyadır".
R.Quliyevin dediyinə görə, təklif var ki, gələcəkdə sırf sağlamlıq turizmi məqsədilə ölkəmizə gələnlərə heç bir məhdudiyyət qoyulmasın: "Bunun üçün təhlükəsiz koridorlar konsepsiyası işlənsin ki, rahat gəliş təmin olunsun".
R.Quliyev gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə də turist axınına səbəb olacaq sağlamlıq turizm mərkəzlərinin yaradılacağını söylədi.
Pandemiyada yolların bağlı olması “Shahdag Guba & Truskavets Medical Sanatorium”a turist axınına mane olur
“Shahdag Guba & Truskavets" tibbi sanatoriyasının rəhbəri Əlibala Məhərrəmzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir çox xəstəliklər üçün şəfa mənbəyi olan, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə-sanatoriya kompleksi bu gün turistlərin yolunu gözləyir.
Onun sözlərinə görə, müalicə-sanatoriya kompleksi iki korpusdan ibarətdir, hər korpusda 79 nömrə var və bu da eyni vaxtda 500-ə yaxın pasiyenti qəbul etməyə imkan verir. Amma pandemiya səbəbindən sağlamlıq turizmi məqsədilə ölkəmizə gəlməsi çətindir. Bu isə sanatoriyaların fəaliyyətinə təsirsiz ötüşmür:
““Shahdag Guba & Truskavets Medical Sanatorium” sanatoriya-müalicə kompleksində Truskavetsdən gətirilmiş müalicə vannaları qoyulub, Ukraynanın bu kurort şəhərinin müalicə sanatoriyalarının təcrübəsindən istifadə edilib. Kompleksdə bronxial astma kimi tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün xüsusi duz otağı da yerləşir. Bu, regionda ən güclü təsir imkanlarına malik olan duz otağıdır və orada xəstələr duz vannası prosedurunun tətbiqi ilə xüsusi müalicə kursu keçməsinə imkan verir.
Bu gün pandemiya səbəbindən bir çox ölkələrlə gediş-gəlişin dayandırılması sağlamlıq turizm mərkəzlərinə turist axınına maneə yaradır. Çox istərdik ki, ölkəmizə sağlamlıq turizmi üçün gələnlərə imkan yaradılsın".
Hədəf bazarlar Rusiya və İsraildir
Ə.Məhərrəmzadə bildirir ki, indiyədək sanatoriyada sağlamlıq turizmindən faydalanmaq üçün müxtəlif ölkələrdən turistlər gəlib. Amma o, əsas hədəflərinin Rusiya və İsrail olduğunu bildirir. Həmsöhbətimiz deyir ki, müalicə-sanatoriya kompleksi Almaniya istehsalı olan ən müasir fizioterapiya avadanlıqları və cihazları ilə təchiz olunub ki, bu imkanlar da bütün sanatoriyalarda yoxdur.
Mərkəzin baş həkimi Natəvan Xanmirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il sanatoriyaya ən çox qonaq İsraildən və Ukraynadan gəlib: "MDB ölkələrindən sanatoriyamıza gələnlər daha çoxdur. Çünki sanatoriyamızda müasir fizioterapik aparatlarla yanaşı, duz otağı, mineral vannalar, 150-yə yaxın fizioterapevtik prosedurlar var. Eləcə də sanatoriyada ozon suyu var. Yod çatışmazlığı olan şəxslərin təbii müalicəsi mümkündür".
N.Xanmirzəyeva tibbi sanatoriyada 1 gün üçün cəmi 85 manata müxtəlif tibbi prosedur qəbulunun mümkün olduğunu söylədi.
Mineral resurslardan daxili turizm səviyyəsində istifadə olunur
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda pandemiya dövründə sağlamlıq turizminə tələbat azalmayıb. Onun sözlərinə görə, termal xidmət göstrən resort hotellərdə gələnlərin sayında ciddi dəyişiklik olmayıb. Amma ümumi turizmə təsir göstərib.
Ş.Həsənova onu da qeyd edib ki, pandemiya dövründə ölkə ərazisində olan mineral resursların hazırkı vəziyyəti ilə bağlı araşdırma aparılaraq çap edibli. Həmin bukletlər bu sahədə çalışan sahibkarlara təqdim edilib.
O ki qaldı digər turizm sağlamlıq mərkəzlərinin Naftalan kimi turist cəlb etməsinə, Ş.Həsənova bildirdi ki, Naftalan unikal möcüzəvi sağlamlıq sanatoriyasıdır. Elə turistləri də cəlb edən bu unikallıqdır: "Naftalana gələnlərin sayı ildən-ilə çoxalmaqdadır. Bu gün Azərbaycandakı Naftalan sanatoriyasına bənzər dünyadakı ikinci resort Xorvatiyadadır. Naftalan dünyada bir neçə möcüzəvi resursdur. Bu da turistlərin Naftalana marağını artırır".
Turizm səlahiyyətlisi deyir ki, Azərbaycanda sağlamlıq turizmi imkanları daha çox şimal-qərb ərazisində, Qəbələ, Qax rayonlarındadır. Həmin ərazilərdə daxili turizm səviyyəsində mineral resurslardan istifadə olunur.
Xəbər lenti
0