SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis Cavanşir Feyziyevin məsələsinə baxa bilər

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Fəzail Ağamalı bildirib ki, bu məsələnin müzakirəyə çıxarılması üçün Feyziyevin yazısında adlarını çəkdiyi jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər.
BAKI, 6 fevral - Sputnik. Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər.
Bunu parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı Report-a deyib.
Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur:
"Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işlədiyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".
Sədr müavini deputatın məsələsinə İntizam komissiyasında baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib:
"Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər".
Azərbaycanlı deputatın Britaniyada müsadirə edilən pulları barədə
Qeyd edək ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib. Bu barədə Britaniya agentlikləri məlumat yayıb.
Lent.az-ı Britaniya nəşrlərinə istinadla yaydığı məlumatda bildirilir ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.
Geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, övladlarından biri Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adına olan hesablara görə altı hesabın dondurulması haqqında Sərəncam verilib.
Müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanda çirkli pullarla əldə olunduğunu bildirib.
Çirkli pul Estoniya və Latviyada bank hesablarını idarə edən mürəkkəb şirkətlər şəbəkəsi vasitəsilə daşınacaqdı ki, bu da layların yığılması kimi tanınan prosesdir. Bu köçürmələrin bəziləri qanuni və çox əhəmiyyətli biznes əməliyyatlarını dəstəkləmək məqsədi daşıyan sənədlər, o cümlədən, hesab-fakturalar və müqavilələrlə müşayiət olunurdu.
“Westminster Magistrates” Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması ilə bağlı qərar verib.
İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib.
AZƏRTAC-ın yaydığı məlumata görə isə London məhkəməsi həmyerlilərimizin xeyrinə qərar çıxarıb. İki həftə davam edən araşdırmaların nəticəsini məhkəmə hakimi elan edib. Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur.
Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib. Qalan 5 milyon vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır.
Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.
Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.
Cavanşir Feyziyevin jurnalistləri təhqir etməsi
Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan Cavanşir Feyziyev onun London banklarındakı vəsaitlərinin müsadiə edilməsi barədə məlumatları yayan bir neçə jurnalisti adbaad təhqir edib. "Modern.az" saytında yayımlanan müsahibəsində Feyziyev ölkənin bir sıra aparıcı jurnalistini xarici ölkələrin agenti olmaqda günahlandırıb:
"....rahat qazanc, Avropada sığınacaq, maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donunu geyinmiş, onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir.
Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər".
Cavanşir Feyziyev digər bir qism jurnalisti isə "gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlar" adlandırıb. Qeyd edib ki, "bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə "Youtube" kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir".
"Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir", - Feyziyev yazıb.
Deputat, eyni zamanda da Mətbuat Şurasınını üzvü olan Cavanşir Feyziyevin bu fikirləri ölkə mediasında, sosial şəbəkələrdə böyük rezonans doğurub. Media mənsubları Milli Məclisi və hüquq-mühafizə orqanlarını sözügedən deputat haqqında ölçü götürməyə çağırıblar.
"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Facebook sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib:
"Buna səbəb fevralın 4-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm".
Xəbər lenti
0