NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq

© Photo : Pxhere/Ilya YurukinQaz
Qaz  - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir
BAKI, 6 fevral — Sputnik. Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirilib ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.
"2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq", - deyə V.Bayramov vurğulayıb.
Deputat əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək.
Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəliblər.
Xəbər lenti
0